1.30.2021

GƏNC KƏŞFİYYATÇI - Şəhid Məcid Məmmədov Rafiq oğlu

Dürdanə ana ilə necə danışacağımı, nədən başlayacağımı bilmirdim. Bu, elə bir məqamdır ki, dil tutulur, sözlər boğazında kilidlənib qalır, nə deyəcəyini bilmirsən. Səssizcə dərdli ananın ağrısını ruhunda hiss edir, acısını qəlbində duyursan. Və susaraq gözlərindən süzülən kədərdə boğulursan. Zatən, bu an nə desən, nə danışsan,  kəlmələr aciz bu dərdin önündə.  Oğul itirmiş bir ananın acısını təzələsəm də, şəhidimin adını yaşatmaq üçün özümdə güc toplayıb sözə başladım. Şəhidimin ruhunu hörmətlə yad edib ilk sualımı verdim. Bir-birinə sıxılan göz qapaqları toqquşan buludları xatırlatdı və leysan yağmağa başladı...

Məmmədov Məcid  Rafiq oğlu 2002-ci il yanvar ayının 10-da Cəlilabad rayonunun Hacıcavad kəndində doğulmuşdu. Orta məktəbi 5-ci sinfə qədər bu kənddə oxumuş, sonradan ailəsi ilə birlikdə Bakıya köçdüyündən təhsilini Binəqədi rayon 115 saylı məktəbdə davam etdirmişdi.  Uşaqlıqdan ata nəvazişi görməyən Məcid bütün mehrini anasına salmışdı. Anasına çox bağlı idi.  O çox mərd, qoçaq oğlan idi. Heç bir çətinlik onu qorxutmurdu. Hər vəziyyətdə üzü gülürdü. Keçirdikləri ağır həyata baxmayaraq həmişə nikbin əhvalda olurdu. Anasını üzgün görəndə boynunu qucaqlayaraq ürək-dirək verir, hər şeyin yaxşı olacağını deyirdi. 

2020-ci ildə həqiqi hərbi xidmətə çağırılan Məcid qoçaqlığı və intizamı ilə hərbi hissədə də hər kəsin rəğbətini qazanır. Anasına tez-tez zəng edərək ondan nigaran qalmamasını xahiş edir, öz vəziyyətinin yaxşı olduğunu söyləyirdi ki, anası xiffət çəkməsin. 

2020-ci il sentyabrın 26-da Məcid yenə anasına zəng edib hal-əhval tutur, vəziyyəti ilə maraqlanır. Sağollaşarkən isə: - "Özündən muğayat ol, ana!", - deyərək sanki vida edir. Dürdanə ananın ürəyi şiddətlə döyünməyə başlayır: -"Sən özünü qoru , ay bala, sən cəbhədəsən, düşmənlə üz-üzəsən", - deyə oğluna ehtiyatlı olmağı tapşırır. Məcid yenə şən əhvalla hər şeyin yaxşı olacağını deyir. Səhəri gün isə müharibə başlamışdı.  Dürdanə ananın narahatlığı da artmışdı. Keçən hər saniyə ona il qədər uzun gəlirdi. Məcid iki gün sonra yenə zəng edir. Ayın 28-də gələn zəng ananı bir qədər sakitləşdirir. Məcid sevinclə ordumuzun zəfərindən, əsgərlərimizin şücaətindən danışır, tezliklə torpaqlarımızın azad olunacağını söyləyir. Dürdanə ana deyir ki, bu sözləri deyəndə onun sevincini, həyəcanını görmək lazım idi. Doğma torpaqların azad olunmasını, bunda onun da payının olmasını çox istəyirdi Məcid. Həmişə deyirdi ki, biz öz torpaqlarımızı düşməndə qoymayacağıq,  azad edəcəyik, Qarabağda bayrağımızı dalğalandıracağıq. Kəşfiyyatçı əsgər müşahidə məntəqəsindən durbinlə baxdığı yerlərə tezliklə gedəcəklərinə çox inanırdı. 


Məcidin ana nənəsi qədim İrəvan torpağından idi. 1988-ci ildə öz doğma yurdlarından didərgin düşərək ailəsi ilə Bakıda məskunlaşmışdı. Məcid vaxtilə nənəsinin anasına danışdığı vətən həsrətli söhbətləri, Qarabağın işğalının acı nəticələrini anasının dilindən çox eşitmişdi.  Qarabağı, İrəvanı görməyən uşağın qəlbində vətən sevgisi də elə anasının söhbətlərindən baş qaldırmış, vətənpərvərlik hissi yüksəlmişdi. Tez böyümək, vətənini yağılardan azad etmək istəyirdi. 

Sentyabrın 27-dən döyüşə atılan Məcid Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edir. Gənc əsgər düşmənə qarşı qəhrəmancasına mübarizə aparır.

 Pandemiya səbəbindən əsgərlərlə valideynlərin görüşü təxirə salınmışdı. Amma ana oğluna və onun əsgər yoldaşlarına tez-tez sovqat göndərirdi. Son dəfə sentyabrın 15-də göndərdiyi pay Məcidin istəklərinə əsasən hazırlanmışdı.  Məcid son dəfə anasının bişirdiyi təamlardan dadmışdı...

Məcidin 19 yaşı yanvarın 10-da tamam olacaqdı. Dürdanə ana ümid edirdi ki, tezliklə bu qadağalar aradan qalxacaq, o da balasını görməyə gedəcək. 9 ay idi ki, oğlunun yanına gedə bilməyən ana yanvarda hərbi hissəyə gedəcəyini, oğluna sürpriz edəcəyini düşünürdü.  Sən demə, tale ana və balaya dəhşətli sürpriz hazırlayıbmış... 

Oktyabrın 1-də gələn naməlum zəng Dürdanə ananın ürəyini titrədir. Rayon hərbi hissə komissarlığından Məcidin yaralandığı, bu səbəbdən də evə gətiriləcəyi deyilir. Qəhərdən boğazı quruyan ana birtəhər özünə gəlib:-"Axı yaralını hospitala aparırlar. Evə niyə gətirirsiniz?"-deyə soruşsa da ,sualı cavabsız qalır. Ana artıq vəziyyəti anlayır. Qəlbi dağlanmış ana Bakıdan kəndə yola düşür. Yolu necə gəldiyini isə bir Allah bilir, özü heç nə xatırlamır...

Məcid Rafiq oğlu Məmmədov 2020-ci il 1 oktyabr tarixində Suqovuşan ətrafında döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdu...

Ruhun şad olsun, şəhidim! Uğrunda can verdiyin torpaqlar işğaldan azad olundu, silahdaşların torpaqlarımızla bərabər sənin də qisasını aldılar. Aramızdan cismən getsən də, ruhən bizimləsən! Səni daim qəlbimizdə yaşadacağıq!

Məcid Rafiq oğlu Məmmədov şəhadətindən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.


Müəllif: Sevil Gül Nur

0 Rəy:

Yorum Gönder