7.12.2020

Manya Səxavətqızından Şəhid Raquf Orucova həsr etdiyi - ÖNCƏ VƏTƏN!


ÖNCƏ VƏTƏN

Vətən sevgisi, sevgilərin ən alisidir. Bu sevginin kök atdığı ürək sahiblərinin dünyaya baxışı fərqli olur. Qəlbində vətən sevgisi böyüdən insanlar hər zaman "öncə vətən" deyirlər. Öncəlikləri vətən olan insanların həyatda tək bir amalı olur. Vətənin azadlığı naminə yaşamaq, vətənin azadlığı naminə addımlar atmaq.

"Öncə vətən" deyən Raquf Orucovun şərəfli ömür və döyüş yoluna nəzər salsaq bu insanın yumruq boyda ürəyinə sığışan cahan boyda vətən sevgisinə şahid olarıq. Atdığı hər bir addımı vətən naminə atan bu qəhrəmanın ömründən ötən hər bir gün göstərdiyi bir şücaətlə yadda qalıb.

    Raquf Orucov 1972-ci il iyulun 12-də Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ocağında dünyaya gəlib. Təhsilini Ağdam rayonunun Xaçın Dərbənd kənd tam orta məktəbində alıb və 1990-cı ildə orta məktəbi bitirib. Sonra Sovet Qoşunlarının ordu sıralarında hərbi xidmətə başlayıb. Vətənin iki gözünün iki çeşmə olub qan yaş tökdüyü vaxtda vətən dərdinə biganə qalmayan Raquf hərbi xidmətini yarımçıq qoyub vətənə qayıdıb. Ana vətənin azadlığı üçün gecə-gündüz düşmənlə mübarizə aparan qəhrəman anasının şəhid olduğu xəbərini eşitdikdə dünyası bir anda zülmətə dönüb. Ürəyi düşməndən qisas almaq üçün döyünən bir qəhrəmanın düşmənin həm anasını həm də vətənini ondan almağının intiqamını alacağı heç kimə sirr deyildi.Raquf Orucovun ömür kitabında qara gün kimi iz salan həmin gün əslində onun gələcəkdə vətənə doğan bir günəş olacağının xəbərçisi idi.

    Bir hərbiçinin bilməli olduğu hər bir biliyə yiyələnən Raquf 1993-cü ildə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri məktəbinə qəbul olub. Sonra 1995-ci ilin ortalarında kiçik leytenant rütbəsi ilə cəbhənin Ağdam istiqamətində xidmətə başlayıb. Hər zaman ön cəbhədə olmağa can atan qorxmaz qəhrəman istəyinə nail olub. 

   Vətənpərvərlik duyğusunu ətrafında hiss etdirən Raqufun vətən sevgisi hər zaman gözlərindən oxunurdu. Ordu sıralarına qoşulan qəhrəmanın ölümsüzlüyü əslində elə həmin gündən başladı. Qəhrəmanlar hər zaman özlərinə qəhrəmanları örnək götürər onların yollarını davam etdirərlər. Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun dəstəsində özünümüdafiə batalyonunda könüllü olaraq döyüşlərə qoşulan Raquf bir gün özü də xalq qəhrəmanı olacağını yaxşı bilirdi. Çünki onun damarlarında dövr edən qanı vətən naminə axırdı. 1993-cü ilin 12 iyun tarixində doğulub boya başa çatdığı Cinli kəndi düşmən tərəfindən işğal olunan Raqufun həmin vaxt üç qohumu ilə birlikdə anası Raya Orucuva da şəhid oldu. Düşmən onun həyata göz açdığı kəndi və onu həyata gətirən anasını eyni gündə ondan aldı. Bu Raquf üçün böyük itki oldu. Bu itki Raqufun gözlərindəki qisas qığılcımlarını biraz da alovlandırdı. 

    Murovdağın sərt küləyində qanadlanıb uçan “Murov Qartalı” ləqəbli Raquf Orucov 1995-ci ildə uğurlu əməliyyat yerinə yetirmişdi. Düşmənin əsir götürdüyü 7 hərbi qulluqçunu Raquf Orucovun bu çox uğurlu  əməliyyatı sayəsində azad etmək mümkün olmuşdu. Bu qəhrəmanın hər atdığı addımdan bir kitab yazmaq olar. Ancaq mən onun uğurlarının sadəcə bir qismini yazıram. 

     Dəfələrlə uğurlu əməliyyatlarla düşmənin hərbi sirlərini öyrənən Raquf Orucov bununla da kifayətlənmir. Erməni dilini öyrənib 1998-ci ildə Kəlbəcərdə düşmənin ordu sıralarındakı hərbi hazırlıq proseslərini və and içmə mərasimini video lentə çəkir. O zaman Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Raquf Orucov  “İgidliyə görə” medalı ilə təltif edilmişdi”.

   Raquf Orucov gecə-gündüz demədən vətən keşiyində durmaqla başqa anaların şəhid olmaması üçün çalışırdı.O ürəyinin dərinliyində “analar şəhid oğula ağlasın, oğullar şəhid anaya ağlamasın” deyərdi. Anasının məzarının düşmən tapdağında olan torpaqlarda olması ilə barışmırdı. Düşmənin özününküləşdirmək istədiyi və nəzarətdə saxladığı torpaqlara Raquf dəfələrlə keçmiş və anasının məzarını ziyarət etmişdi. Bu insan üçün ana, vətən sözünün qarşısında duracaq bir amil yox idi. Raquf Orucov qorxmazlığı, göstərdiyi şücaətləri ilə ordumuza böyük nailiyyətlər qazandırmışdı.

    Ümimiyyətlə bu igidin qüsursuz xidmətləri hər zaman dəyərləndirilmişdi.O,1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı, 1998-ci ildə “Hərbi xidmətlərə görə” medalı, 2001-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, 2003-cü ildə “Qüsursuz xidmətə görə” lll dərəcəli medalı, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, 2008-ci ildə “Qüsursuz xidmətə görə” II dərəcəli medalı, 2013 – cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, 2013-cü ildə “Qüsursuz xidmətə görə” I dərəcəli medalı ilə təltif edilib. 

   Bir hərbiçi sevgisini ürəyinə sığdıran xanımın sevgisini dinlədikcə o sevgiyə heyran olmamaq mümkün deyil. Hərbiçini sevmək, onun xanımı, övladlarının anası olmağın məsuliyyətini Sevinc xanım çox gözəl bilirdi.Onun üçün sevgisinin öhtəsindən gələ bilməyəcəyi bir çətinlik yox idi. 1999-cu ildə Raquf Orucovla ailə həyatı quran Sevinc xanım, həmin gündən özü də bir “hərbiçi” olduğunu deyir. Murovun sərt sazağından sevgisinin hərarəti ilə qorunan Sevinc xanım vətəni sevdiyi ilə bir sevirdi. Vətənin sevdiyinə ehtiyacı olduğunu yaxşı bilirdi. Günlərlə həsrətin qapısını bağlı qoyduğu isti ocağını iki övladı Nihad və Aqşinin isti nəfəsi ilə isidirdi. Ürəyinin dərinliyində Raqufunu itirmək qorxusu gizlənirdi. Ancaq o qorxuya yenik düşmürdü. 

     Dəfələrlə düşmənin layiqli cavabını verən Raquf Orucov 2014-cü ilin avqustunda vətəni  düşmənin açdığı atəşlərdən qoruyanlardan biri olur. Bir neçə şəhid verdiyimiz o döyüşdə gecə-gündüz vuruşur. Düşmən layiqli cavabını alır. 

       Hər zaman ön cəbhədə əsgərlərlə çiyin-çiyinə vuruşan komandir 2016-cı ilin aprelində də eyni addımı atdı. Hər bir əsgəri öz övladı kimi bağrına basan bu böyük ürəkli insan onların vətən qisası ilə döyünən ürəklərinin döyüntüsündən sanki güc aldı. Onun üçün bu vətənin hər bir qeyrətli oğlu vətənin var oluşu demək idi. Həmin zəfər gecəsi...

    İllərlə gözlənilən qisas anının yetişdiyi o aprel zəfərinin qəhrəmanlarından biri də Raquf Orucov oldu. Həmin gün Raquf şəhadəti ilə şəhid anasına qovuşdu. O, aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə son nəfəsinə qədər qəhrəmantək mübarizə apardı və şəhadətə ucaldı. 

   Vətən yolunda can verən şəhid bütün Azərbaycan xalqının ürəyində əbədiyaşarlıq qazandı. Xalq öz qəhrəmanını aprelin 5-də Sumqayıt şəhər Şəhidlər xiyabanında son mənzilə yola saldı. 

    Ölümü ilə ölümsüzlük qazanan şəhid şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Bundan başqa şəhidimizin adına hər il "Raquf Orucov Kuboku" beynəlxalq cüdo turniri keçrilir.

     Bu vətən yolunda Raquf və onun kimi neçə qəhrəman oğullar canlarını fəda etdilər. Belə qəhrəmanlar bu günkü gəncliyin yoluna işıq saçanlardır. Sənin yolunu örnək götürüb gedən oğullar çox olacaq "Murov Qartalı". Bu gün məzarına kölgə salan üç rəngli şanlı bayraq gün gələcək bütöv bir Azərbaycan adlı dövləti ağuşuna alacaq. İşğal altında olan torpaqlarmızın azad olduğu gün sizlərin ruhu şad olacaq şəhidim. 

Hazırladı; Manya Səxavətqızı

------------------------------

VƏTƏNƏ DOĞAN GÜNƏŞ

Bir doğan Günəş oldun,
Sən vətən torpağına.
Qanından damla düşdü,
Vətənin bayrağına.

Ömrünü fəda etdin, 
Raquf, vətən, el üçün.
Xalqın duydu, hiss etdi, 
Səndəki əzmin gücün.

İz qoydun tarixlərdə,
Qəhrəman oğul kimi.
Şəhidim, sevgin tutdu,
Hər bir kəsin qəlbini.

Neçə-neçə döyüşdə,
İz qoymusan qəhrəman.
Nurunla işıqlanıb,
Bütöv bir Azərbaycan.

Müəllif: MANYA SƏXAVƏTQIZI



0 Rəy:

Yorum Gönder