1.13.2023

Yeganə Əhmədova -şeirləri












 YEGANƏ Əhmədova şeirləri

"Bulud" 

Allah, düş aşağı, 
bir az söhbət edək. 
Həsrətdən darılıram. 
Yerdə 
danışmağa adam tapılmır. 
Susmaqdan yoruluram. 
Gərək 
məni bulud yaradaydın. 
Dönəydim buludun yağışına. 
Bulud içinə qapılmır.  

***

"Həsrət" 

Duyğularımı 
darmadağın edir 
həsrətin qəlpələri. 
Yox, bitməyibmiş, illər sonra 
Ürəyimin sahillərini 
Döyür xatirə ləpələri. 
Düşüncələrim dumanlanır, 
Baxışlarıma xiffət çökür. 
Qəlbim vurnuxur içərimdə, 
İllər tutub ətəyimdən 
Görən indi məni hara çəkir. 
Eh, o zavallı xatirələr 
Yollarım üstə çözələnir. 
Nə çətinmiş həyat deyilən, 
Sevinci bitir, dərdi bitmir, 
Elə həmişə təzələnir. 

***

"Həyat" 

Dərin bir darıxma... 
Ürəyim, beynim, düşüncəm 
vurnuxma içində. 
Budur mənim işgəncəm. 
Qarşısına daş düzülən 
çay kimiyəm... 
Həyat -  
bəlkə əbədi bir yuxudur, 
bəlkə də sükunət? 
Bizi 
ən çox nə qorxudur..? 
- Adamlardan 
gördüyümüz xəyanət..! 
Odur ki, 
əllərim 
ətəklərdən üzülən gündən 
batırılan haray kimi, 
hay kimiyəm. 

***

"Yüksəliş" 

(Şəhid Yüksəl Əlizadəyə) 
Baxıram rəsminə 
başdan ayağa nursan, Şəhidim. 
Sən bu iradə, 
Sən bu əzəmətlə 
Vətən üçün 
ən böyük uğursan..! 
Necə doğmadır 
o gülümsəyən baxışların. 
Amma bir az niskilli, 
bir az da həsrət qarışıq... 
Gözlərinin dərinliyindəki 
o işıq aydınlatdı 
tarixin qaranlıq yollarını. 
Anana açdığın qollarını 
uzatdın bu dəfə Vətənə sarı. 
Sinəni sipər edib hədəfə, 
keçdin - 
keçilməyən yoxuşları. 
Qələbədən 
müjdə verən gül açdı 
aldığın hər güllə yarası. 
Seçdiyin o yollarda 
nə dayandın, 
nə yoruldun. 
O gözəl vücudunla 
Sən Vətənin çarəsi, 
Sən Torpağın xilası oldun. 
Yalnız mərd anadan 
mərd doğulanlar seçilir 
Şəhidlik üçün. 
Odur ki, Sən də 
Şəhid olub Tanrıya yüksəldin. 
Bütün zirvələr 
Səndən aşağıda qaldı. 

***

"Vətən" 

Varlığın da həsrətdir, 
yoxluğun da həsrət. 
Çiçəklərin də 
həsrət saçır ətir yerinə. 
İllərdir köksündə 
güllələr cığır açır. 
İntizar yağır 
Uzaqlara dikilən gözlərindən. 
Dərdin dərdlərdən ağır... 
Cıdır düzündə 
güllələnən heykəllərin 
tamamı oldun, Vətən. 
Süngülənən şəhid körpələrin 
yarım qalan ömrünün 
davamı oldun. 
Amma yenə də 
heç nə adın qədər 
nəğmələrdə 
əzəmətlə səslənmir. 
Bütün sevgilərin 
zirvəsində Sən. 
Ən ali sevgi də Sənsən, 
ən uca zirvə də Sən. 
Heç nəyə, 
heç nəyə 
bu boyda məhəbbət 
bəslənmir, Vətən..! 

***
 @VİG TV

0 Rəy:

Yorum Gönder