1.13.2021

Alim Muhriq - Vətən duyğulu şeirləri








Yaşa Azərbaycan

Daima hazırıq uğrunda verək şövq ilə can 
Gedərik əldən əgər dəysə sənə zərrə  ziyan 
Sənin hər daşına torpaqına min can qurban
Yaşa ey şanlı diyarım! Yaşa Azərbaycan!

Yurdumun bizlərə hər çınqılı bir gövhərdir
Dağlarından süzülən hər bulağı Kövsərdir
Torpaqa qanla yazılmış bu kəlam zivərdir
Yaşa ey şanlı diyarım! Yaşa Azərbaycan!

Sənin eşqin ilə minlərlə vətənpərvər oğul
Üz tutur cəbhəyə olsun sənə əsgər hər oğul
Can verən dəm bu şüarı deyir hər əsgər oğul
Yaşa ey şanlı diyarım! Yaşa Azərbaycan!

Olmasın bir dəm əzizim bu həyatım sənsiz
Yasə çevrilsin əgər varsa büsatım sənsiz
Olmaz heç bir dəyəri olsa vəfatım sənsiz
Yaşa ey şanlı diyarım! Yaşa Azərbaycan!

Edər uğrunda bütün  varını qurban Mühriq
Xoş gününçün xoş olar olsada nalan Mühriq
Nə qədər var nəfəsi söylüyər hər an Mühriq
Yaşa ey şanlı diyarım! Yaşa Azərbaycan!

***

Oyanıb durmalıdır arxa bu millət Vətənə
Düşmənə qarşı bu El qurmalı vəhdət Vətənə

Zülmətin ordusunu qovmalıyıq ki bir gün
Saça Həqqin günəşi nuri-səadət Vətənə

Oyanın ey Vətən övladları qeyrət dəmidir
Gedəlim göstərəlim indi şücaət Vətənə.

Qanımızla suluyaq torpaqını yurdumuzun
Bitə Hürr adlı çiçəklər verə zinət Vətənə

Kişinin cəng günü evdə qadın tək nə işi
Kişi səngərdə edə can ilə xidmət Vətənə

Vətən uğrunda kişi canlı sipər olmalıdır
Ki verə ismi onun eldə şərafət Vətənə 

Düşmənə odlu silah ilə cəhənnəm yaşadaq
Girməsin kafir olan kimsə bu  cənnət Vətənə

Qoymaz heç vəqti qoya yurduna biganə qədəm
Hər kimin var isə könlündə məhəbbət Vətənə

Az qalıb saqi verər cami-şəhadət Mühriq
Səni çox qoymayacaqdır daha həsrət Vətənə

***

Görmədim ol gülü, ahim odu gülzarləri
Elə yandırdı ki, məhv etdi gülü xarləri

Qəlbimi yar sıxır qani gözümdən süzülür
Çün sıxırlar suyunu içmək üçün  narləri

Həsrətindən o gülün ki nə zaman  ah edirəm
Ətri bihuş edir aləmdəki əttarləri.

Zülfünü tökmüş önə hüsnünü gizlətmək üçün 
Hünərin var yana çək gəncdəki marləri.

Edəcək çarə sənə atsada hicran  oduna.
Mühriq İbrahimə gülzar eliyən  narləri.

***

Müəllif: Alim MUHRİQ


0 Rəy:

Yorum Gönder