14 yanvar rejissor Tofiq Kazımovun doğum günüdür.
Tofiq Kazımov
Doğum tarixi: 14.01.1923
Vəfat tarixi: 02.08.1980
Tofiq Səməd Mənsur oğlu Kazımov Bakıda anadan olub. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "Nicat", "Səfa") teatr truppalarının rəhbərlərindən idi. Tofiq Kazımov yeddiillik təhsilini Bakıda alaraq teatr məktəbini bitirib (1939-1942). Sonra Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb. Sonra Mоskvada Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunda ali rejissorluq təhsili alıb (1945-1951). Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun "Kür sahilində" pyesini tamaşaya hazırlayıb. 1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun "Ailə namusu" ("Allanın ailəsi") pyesinə səhnə quruluşu verib. 1952-ci ildə Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb. Elə həmin il Akademik teatra rejissor götürülüb. 1964-cü ildə bu teatra baş rejissor təyin olunub.
Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında rejissоr və baş rejissоr işləyib. “Lənkəran хanının vəziri”, “Mariya Tüdоr”, “Qəribə adam”, “Antоni və Kleоpatra”, “Şəhərin yay günləri” tamaşaları оnun ən yaхşı rejissоrluq işləridir. Musiqili Komediya Teatrında, Rus Dram Teatrında, Naxçıvan Teatrında, Gəncə Teatrında tamaşalara quruluş verən Tofiq Kazımov bir müddət "Azərbaycanfilm" kinostudiyasında çalışıb (1958-1960). Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs deyib. Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev (Zəfər Nemətovla birgə), İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. "Çağırış", "İşıqlı yollarda", "Şəfəq", "Qoçaq Polad" və digər pyeslərin müəllifidir. Mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. Tofiq Kazımov 1965-ci ildə "Antoni və Kleopatra" (Uilyam Şekspir) və 1979-cu ildə "Şəhərin yay günləri" (Anar) tamaşalarına görə Dövlət mükafatları ilə təltiflənib. Respublikanın əməkdar incəsənət xadimi (1961) və xalq artisti (1974) fəxri adlarına layiq görülüb. Tofiq Kazımov 1980-ci ildə avtomobil qəzasında həlak olub. Bakıda ikinci Fəxri xiyabanda dəfn olunub.
Filmoqrafiya:
Səhər (1960, tammetrajlı bədii film) – ikinci rejissor
@Azərbaycan kinosu və Teatrı






0 Rəy:
Yorum Gönder