Fevralın soyuq və şaxtalı günləri olsa da, bəzi ürəklərdə sönməyən bir od yanır – Vətən sevgisi və intiqam hissinin doğurduğu o müqəddəs istilik. Bu istilik ADMİU nəzdində Humanitar Kollecin 23 yaşlı gənc tələbəsi Bəhruz Hümbətovu rahat buraxmırdı. Onun daxilində illərdir böyüyən bir arzu, babasının şəhid olduğu torpaqlara – Xocalıya piyada getmək istəyi var idi.
Bəhruz üçün bu, sadəcə bir yolçuluq deyildi. Bu, keçmişlə gələcək arasında qurulan bir mənəvi körpü, babasının ruhuna verdiyi bir ehtiram sözü idi. Fevralın ortalarında Bakıdan start götürən bu 12 günlük məşəqqətli, lakin şərəfli yol, Xocalı soyqırımının ildönümündə – 26 fevralda mənzil başına çatmaqla tamamlandı.
Hər addımında bir xatirəni yaşadan, hər kilometrdə şəhidlərimizin ruhunu şad edən Bəhruz, daxilindəki vətənpərvərlik hissini addımlarına çevirdi. Yağış, qar və yorğunluq onun iradəsini sındıra bilmədi. Çünki o, bu yolu tək getmirdi; sanki babasının və yüzlərlə Xocalı şəhidinin ruhu ona bələdçilik edirdi.
Xocalıya çatdığı an, Bəhruz gözlərindəki yorğunluq yerini böyük bir qürura buraxdı. O, göstərdi ki, Azərbaycan gəncliyi öz keçmişini unutmur və babalarının qanı ilə suvarılmış torpaqlara olan bağlılığı hər şeydən üstündür. Bu yürüş, bir gəncin öz tarixinə olan bağlılığının ən ali təzahürü, düşmənə isə "Biz bura qayıtmışıq və əbədi buradayıq!" ismarışı idi.
Bəhruz Hümbətovun bu addımı həm təhsil aldığı kollecin, həm də bütün Azərbaycanın fəxr edəcəyi bir örnəkdir. O, yolu ayaqları ilə deyil, qəlbi ilə qət etdi.
***
Vətən Yolçusu Bəhruz Hümbətovla Müsahibə.
- Bu qədər uzun və çətin bir yolu piyada qət etmək qərarını verdiyin ilk anı necə xatırlayırsan? Səni evdən çıxmağa vadar edən nə idi?
- "Mən öz-özümə, hələ 44 günlük Vətən müharibəsi vaxtı söz vermişdim. Demişdim ki, inşallah torpaqlarımız alınsın, Xocalıya öz ayağımla, piyada gedəcəm və bu gün bu yürüşümü şəhidlərimizə və qazilərimizə həsr elədim."
- Yol boyu səni mənəvi olaraq nə ayaqda saxlayırdı?
- "Uşaqlıqdan eşitdiklərim qulağımda bir sırğa idi. Şəhidlərimizi, qazilərimizi və ordumuzu heç vaxt unutmaram. Məni irəli aparan da məhz bu unudulmaz tarix və onlara olan vəfa borcum idi."
- Yolçuluq neçə gün çəkdi və ən çox hansı çətinliklərlə qarşılaşdın?
- "Düz 12 günə Xocalıya çatdım, 13-cü gündə isə öz evimizə — Badaraya çatdım. Yolun ən çətin anı Mərəzə yolunda oldu; orada çoban itləri ilə qarşılaşdım, təhlükəli idi. Amma nə olursa-olsun, yolumdan və əhdimdən dönməzdim."
- Yol boyu və mənzil başına çatanda insanların sənə münasibəti necə oldu?
- "İnanın, mən bu qədər gözəl qarşılanacağımı heç gözləmirdim. İnsanların sevgisi və diqqəti mənə güc verirdi."
- Xocalıya çatanda keçirdiyin hissləri sözlərlə ifadə edə bilərsənmi?
- "Bu, həqiqətən qürurverici bir hiss idi. O an keçirdiyim hissləri necə deyəcəyimi, necə təsvir edəcəyimi hələ də bilmirəm. Sadəcə yaşamaq lazımdır."
- Bu yürüşlə cəmiyyətə, xüsusilə gənclərə hansı mesajı vermək istəyirsən?
- "Şəhidlərimiz və qazilərimiz üçün deyirəm: Bir mahnı var, orada deyildiyi kimi — 'Şirləri, aslanları unutmaq olmaz'. Mənim mesajım budur ki, biz onları heç vaxt unutmamalıyıq."
- Bu çətin yola çıxarkən bizdən gizlətdiyin maraqlı bir xatirən varmı?
- "Bir sirr verim: mən evdən çıxanda cəmi 5 manatla çıxmışdım. Amma yolda dostlarım kartımı haradansa tapıb içınə pul atmışdılar, mənə dəstək oldular. İndi isə inşallah, hava düzəlsə, martın 4-nə kimi yeni planlarım var."
* Məlumat üçün qeyd edim ki, bu yürüşün mənəvi yükü illər öncəsinə – Xocalının qanlı yollarına söykənir. Hümbətov Bəhruz Hüseyn oğlu 29 iyul 2002-ci ildə Bakı şəhərində anadan olub. Onun bu fədakar addımının kökündə isə dərin bir ailə tarixi dayanır. Bəhruzun babası Hümbətov Bəhlul Müseyib oğlu, 1991-ci il dekabrın 23-də Xocalının Meşəli kəndində qəhrəmancasına şəhid olmuşdur. O, mülki vətəndaş olmasına baxmayaraq, əlindəki tüfənglə könüllü şəkildə erməni işğalçılarına qarşı döyüşə atılmış və vətən uğrunda canından keçmişdir."
✒Hazırladı: Vüsalə VƏTƏNXAN, AYB.









0 Rəy:
Yorum Gönder