2.02.2023

Hacı Rafiq Şirvani haqqında - Əli Əmirovdan məqalə

 


YAXŞI Kİ, ONU TANIMAQ MƏNƏ DƏ QİSMƏT OLMUŞDUR.


Hacı Rafiq Əliyev (Şirvani) ilə ilk görüşümüz 2013-cü ilin May ayında Bakı şəhərində Mədəniyyət Mərkəzində "Məcməüş-şüəra" və "Vahid" ədəbi məclislərinin birgə keçirilən yığıncağında tanış olmuşam. "Məcməüş-şüəra"ya  (Şairlər məclisi) şair-qəzəlxan, tarix elmləri doktoru, professor Şahin Fazil, "Vahid"ədəbi məclisinə isə ədəbiyyat bilicisi, "Say" qəzetinin təsisçisi və baş redaktoru Hacı Rafiq rəhbərlik edirdi. Hər iki rəhbər çox yaxın, ayrılmaz dostlar  idilər və məhz bu səbəbdən ədəbi məclisləri birlikdə keçirirdilər. 


   Məni 65 yaşımda ədəbi məclisə gətirən ən çox əruz vəzninə, qəzəliyyata olan hədsiz marağım idi. Klassik poeziyamız əruz vəzninə əsaslanmışdır. Orta məktəb dərsliklərində əruz vəznini öyrənmək üçün demək olar ki heç nə yoxdur. Ədəbiyyat müəllimlərinin əksəriyyətinin bu şeir ölçüsünü şagirdlərə öyrətmək üçün biliyi bəs etmir. Səbəb keçmiş Sovetlər İttifaqının ideologiyasında idi: üstüörtülü şəkildə bizi zəngin klassik poeziyamızdan, şərq poeziyasından, müsəlman poeziyasından, türk aləmində də vaxtilə çox geniş yayılmış əruz poeziyasından uzaqlaşdırmaq. Lakin sonralar klassik şairlərimizin əsərləri dərsliklərə salınsa da, onların yazlış qaydaları, əruz ölçüləri haqqında məlumat almamışıq.

Bu dövürdə əsasən Bakıda keçirilən poeziya dərnəkləri, məclisləri klassik şairlərimizin əsərlərini, əruz şeirlərini, əruz qaydalarını gənclərə öyrətmək üçün mühüm rol oynamışdır. 

Bu məsələdə çox mühüm rol oynayanlar sırasında  yuxarıda adlarını çəkdiyim iki ədəbi məclis xüsusilə seçilib.


     "Vahid" ədəbi məclisi klassik şairimiz Əliağa Vahidin ruhunu şad etmək üçün onunla dostluq etmiş şair, qəzəlxan, füzulişünas, tərcüməçi, həkim-polkovnik Həkim Qəni tərəfindən yaradılmış və çox uğurlu fəaliyyət göstərmişdir. Təəssüf ki, mən o zaman ədəbi məclislərdən az xəbərdar idim, başım elmi-texniki fəaliyyətə, istehsalata bərk qarışmışdı. Lakin, ruhum Mirzə Ələkbər Sabir, Əliağa Vahid poeziyasına bağlı idi. Arabir özümçün cızma-qaralar da  edirdim.

      Həkim Qəninin "Vahid" ədəbi məclisinə rəhbərlik etdiyi dövrdə ədəbiyyat bilicisi, Azərbaycan dilinin incəliklərini gözəl bilən Hacı Rafiq Şirvani onunla dostluq etmiş və onun ən yaxın silahdaşlarından biri olmuşdur. Allah hər ikisinə rəhmət eləsin! Eşitdiyimə görə, Həkim Qəni özündən sonra məclisə rəhbərliyi Hacı Rafiqə tövsiyyə edibmiş. Ona görə də "Vahid" ədəbi məclisinin yaradıcısından sonra onun işini 2008-ci ildən etibarən Hacı Rafiq davam etdirmişdir.

     Hacı Rafiq Şirvaninin "Vahid" ədəbi məclisinə rəhbərlik etdiyi 12-13 ildə məclisdə nəinki əruz şeirləri, həm də heca vəzninə aid olan, yaxud sərbəst üsulla yazılan müasir növ şeirlər geniiş müzakirə olunurdu. İncəliklə aparılan müzakirələr, tənqidi yanaşmalar, məsləhətlər yaradıcı adamlara çox böyük fayda verirdi. Yaradıcılığa yeni qədəm qoyan gənclər orta məktəb dövründə ala bilmədikləri dəyərli məsləhətləri Şahin Fazildən, Hacı Rafiqdən, Mircəlal Zəkidən ala bilirdilər. Hacı Rafiqin Azərbaycan dilinin incəliklərini gözəl bilməsi, izah etmə qabiliyyəti bu istiqamətdə çox fayda verirdi. Belə bir münasibət bir çox məclislərdə az rast gələrdi.

       Təəssüf ki, mən belə bir məclisə çox gec 65 yaşımda 2013-cü ildə böyük tərəddüdlə gəldim. Məclislə tanış olduqdan sonra, orada iştirak edən gənclərə həsədlə baxırdım ki, kaş mən də gəncliyimdə belə bir ədəbi məclisə gəlmiş olaydım.

        Doğrusunu deyim ki, mən ilk dəfə məclisə daxil olarkən mənə təəccüblə baxdılar. Yəqin düşündülər ki, bu ağsaç müəllim bir dinləyici kimi gəlib. Məclisdə xoşbəxtlikdən, sonradan bildiyim kimi, böyük əruz bilicisi, Nizamişünas, mütərcim Mircəlal Ağa Zəki də var idi. Bir-neçə nəfəri dinlədikdən sonra mənə xoşgəldin edib soruşdular ki, təqdim etməyə nəyinizsə varmı, ya dinləyici kimi gəlmisiniz. Əvvəlcə bir qəzəlimi dinlədilər. Ümumən bəyəndilər, məsləhət verdilər, dedilər ki, məclisə həmişə gəlin, daha yaxşı yazacaqsınız. Hacı Rafiq dedi ki, varsa, heca vəznində də bir şeirini oxu. O şairlərin  yalnız əruzda yazması ilə razılaşmırdı, deyirdi ki, hər vəznin öz üstünlüyü, xüsusiyyəti var, şair hərtərəfli olsa daha yaxşıdır.


Nə isə, bu bilicilər qarşısında çəkinə-çəkinə bir heca şeirimi də oxudum. Bəyəndilər və gecikmiş yaradıcılıq yolumu öz rəyləri ilə işıqlandırdılar!


Beləliklə Hacı Rafiq müəllimin rəhbərliyi altında fəaliyyət göstərən "Vahid" ədəbi məclisinin "gənc" üzvü oldum.


Onu qeyd edim ki, məclisə gələnə qədər tanınmış şair-qəzəlxan, kimyaçı alim Yasin Xəlilinin internetdə idarə etdiyi  "Qəzəl. az" saytında paylaşılan əruz şeirlərinin, əsasən qəzəllərin müzakirəsinə diqqət edirdim. Günlərin birində yazdığım bir qəzəli Yasin Xəlil haqlı olaraq, ciddi tənqid etdi. Bu tənqid yaradıcılığımda ciddi rol oynadı və mən nəticədə "Azərbaycan əruzunun rəqəmsal modelləşdirilməsi" nəzəriyyəsini yaratdım. Bu hadisə Yasin Xəlilin alqışlarına səbəb oldu. "Vahid" ədəbi məclisinə, onun dediyi kimi, mən artıq öz nəzəriyyəmlə daxil olmuşdum. Bu nəzəriyyənin yaradılmasında mənə, çox güman ki, məşğul olduğum informatika elmi təkan vermişdir.


        "Vahid" və "Məcməüş-şüəra" məclislərinin təsiri nəticəsində əruz vəznində yaradıcılığım xeyli təkmilləşdi. Hacı Rafiqin bəyəndiyi qəzəllərim onun "Say" qəzetində çap olunmağa başladı. 

Məclislərimizin rəhbərləri Şahin Fazil və Hacı Rafiq ilə yaranan dostluğumuz mənim yaradıcılığıma çox müsbət təsir etmişdir. Hər ikisinin qəzəl şairlərindən əsas tələbi bu idi: qəzəllərin dilini müasirləşdirmək, sadələşdirmək, dilimizdə işlənməyən mücərrəd ərəb, fars sözlərindən, söz birləşmələrindən istfadə etməmək. Azərbaycan şeir dilinin inkişafı üçün bu mühüm məsələdir və mən həmişə bu fikrə tərəfdar olmuşam.


   Hacı Rafıq xaraktecə çox fəal bir insan idi. Təşkilati məsələlərdə əvəzolunmaz idi. Onun təşkilatçılığı ilə Əliağa Vahidin və Həkim Qəninin xatirəsinə həsr olunmuş gecələr yüksək səviyyədə keçirilmişdir. Onun təşəbbüsü ilə tez-tez Azərbaycan Dövlət Dram teatrının tamaşalarına, Bakının müxtəlif mədəniyət ocaqlarına dəvət olunurduq. Şairlərin təqdimat mərasimlərində çox fəal idi. Zarafatcıl bir insan idi, güclü yumoru vardı. M.Ə.Sabirin yaradıcılığını çox sevirdi. Onun şeirlərini çox gözəl avazla tez-tez səsləndirərdi. Məclisdə müzakirə edilən şeirlər, onların müəllifləri haqqında çox vaxt fikirlərini yumorla çatdırardı. Onunla birlikdə olarkən müsbət enerji alırdıq. Onun Mircəlal Zəki ilə zarafatlarını unutmaq olmur. Yoldaşlara, dostlara qarşı qayğıkeş bir insan idi. Yadıma gəlir, dedilər, Mircəlal ağa Maştağa kəndində, evində xəstə yatır və  dostları görmək istəyir. Tez-tələsik hazirlaşıb gecə vaxtı Hacı Rafiq, Şahin Fazil və mən onu görməyə getdik. Hacı Rafiqin zarafatları, səmimi söhbəti xəstənin əhvalını xeyli yaxşılaşdırdı.


Hacı Rafiq 1939-cu ildə 26 İyunda anadan olmuşdur. 80 yaşı tamam olması münasibətilə ona qəzəl həsr etmişdim:


Allah yetiribdir səni hardan, Hacı Rafiq?!

Söz əhli üçün yaxşı ki varsan, Hacı Rafiq!


"Vahid" ədəbi məclisinin rəhbəridir o,

Doktor Qənidən sonra qoyub can Hacı Rafiq!


Həm də sayılan "Say" qəzetin eylədi təsis.

Bu iş bilirik ki, deyil asan, Hacı Rafiq!


Hərdən çatılır qaşı, bığaltı gülür hərdən,

Həm ciddidir, həm baməzə insan Hacı Rafiq!


Haqqın o tərəfdarıdı, bir an geri durmaz,

Bilməz nədi qorxu, edər üsyan Hacı Rafiq.


Alqış edəcəkdir, sözümüz olsa yerində,

Tez bax sözə, gər tutdusa nöqsan Hacı Rafiq!


Şirvanidir o,.. eşq ilə söylər və yorulmaz,

Hər kəlməbaşı "Azəribaycan" Hacı Rafiq.


Peymanə gələk sənlə, o peymanəni qaldır,

Sağlıq deyərik yaş ola doxsan, Hacı Rafiq!


İlham pərisi , şükr, məni qoymadı yalqız,

Sizdən ədəb öyrəndi  o canan, Hacı Rafiq!


Haqqın var, həlal eylə, unutmam bunu heç vaxt, 

Varsa Ələmi adlı qəzəlxan, Hacı Rafiq!


Bilirəm ki, Şahin müəllim də ona bir sıra qəzəllər ithaf etmişdir.


Çox təəssüf ki, pandemiyanın təsiri nəticəsində Hacı Rafiq qəflətən 2022-ci ilin yanvarında dünyasını dəyişdi. Bu dəfə onu başqa bir şeirlə yola salmalı olduq:


RUHUN ŞAD OLSUN, HACI RAFİQ!


Tərk etdin heyif ki, bizi, getdin, Hacı Rafiq!

İncikmi düşübsən, neçün etdin, Hacı Rafiq?


"Gəl-gəl"mi dedi kimsə uzaqdan, bunu bilməm, 

Karvanı bir anda qaçıb ötdün, Hacı Rafiq.


Bir getməli idik axı bu haqq yolunda,

De, harda durub gül kimi bitdin, Hacı Rafiq?


İndi səni, ey dost, haralarda arayaq biz,

Ey sözləri zər, zər kimi itdin, Hacı Rafiq.


Rəhmət sənə ki, Vahidə rəhmət oxudurdun,

Hər məclisi eşqiylə bəzətdin, Hacı Rafiq!


Pirani baba, yaxşı ata, yaxşı ər oldun,

Övladları nə sözlə kiritdin, Hacı Rafiq?


Söz əhli idin, nurunu əksiltmədin, ey şəm,

Ahəstə belə ömrü əritdin, Hacı Rafiq.


Sənsiz Ələmi der:  biri vardır, biri yoxdur…

Şirin o nağıllar təki bitdin, Hacı Rafiq.


 Gənc şairlərin yetişməsində, poeziyamızın inkişafında "Vahid" ədəbi məclisinin və ona onüç il rəhbərlik etmiş Hacı Rafiq Şirvaninin də böyük rolu olmuşdur. 

Allah rəhmət eləsin, ruhu şad olsun!


Hazırladı; Əli Ələmi (Əmirov)

Şair-qəzəlxan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, texniki elmlər üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar Mühəndisi

0 Rəy:

Yorum Gönder