Torpaq yaxşıları alıb aparır
Fələk ağlasığmaz oyun çıxarır
İntizar.. ayrılıq ..bizlərə qalır
Gedir yavaş yavaş ..dostlarım gedir
Ürəkdən ürəyə yollar görünür
Birisi dayanır biri döyünür
Gör bir qara torpaq nəylə öyünür
Gedir yavaş yavaş...dostlarım gedir
Düşmən sevinməsin bu belə qalmaz
Xəzan əvəz olar ..gələr bahar-yaz
Yarpağı tökülər ağac qurumaz!!!
Gedir yavaş-yavaş dostlarım gedir
Sən həm mərd kişiydin həm böyük ustad
Düşmən agız büzər dostlar edər yad
Gələn görüşədək Poladov Fuad
gedir yavaş-yavaş dostlarım gedir
***
Elə bil uşağam, əlli yaşında
Nə asan aldatdın, ağladıb məni
Nəyə sevinirsən, nəyə gülürsən
Axı nə qazandın aldadıb məni?
Dörd yol ayrıcında tənha qalmışam
Həm də buralarda aysız gecədi
Soyuqdu.... əlimdən çəkdiyin əlin
Söylə üşüyürmü, halı necədi?
İndi bu 4 yolda , bu qaranlıqda
Heç yerə getməyə həvəsim yoxdu
Baxma ki durmuşam, ayaq üstəyəm
Mən də belə öldüm... nəfəsim yoxdu
Gizlicə ölmüşəm, heç kəs bilməsin
Sənsizlik yamanca bitirdi məni
Məni ağlamağa bir kəs gəlməsin
Mələklər göylərə götürdü məni
***
Deyəsən torpağın daşlı yerindən
Düzəldib, İLAHİ, bu adamları
Yapışıb gözümün yaşlı yerindən
Sevgi yaman tapıb bu boş damarı
Bilmirəm məqsədi kor eləməkmi
Bəs nədən əl çəkmir gözümdən, nədən?
Dünyanı mənimçün gor eləməkmi?
Bəlkə də ölmüşəm özüm bilmədən?
***
Uca uça dağlar uçub üstümə
De əlac qalıbmı səbrdən başqa
Dünyada ən böyük evim də olsa
Sonucda nə vardı qəbirdən başqa?
***
Salam dostum, yaxın gəl
Sənlə bir az dərdləşək
Yükümüzü tən bölək,
Bir azca yüngülləşək,
Əvvəl soruş necəsən?
-Deyim şükür belə də..
-Yenə də boşdu yanın,
Evlənmədin hələ də?
Həm kasıb, həm də yaşım...
Kimdi mənə qız verən?
Başqa sözün vardısa,
Söylə cavab verim mən,
-Yaxşı bu aydın oldu,
Söylə yenə təksənmi yalqızsanmı sən tamam?
-İndi mənimlə qalır,
Bir evdə qoca atam,
Naşükürlük çıxmasın,
Amma yenə yalqızam,
Yalqızlıq adam ilə ölçülüb biçilmir ki,
Tənhalığım çox böyuk, atamla kiçilmir ki,
-Söylə bəs anan necə
Heç gəlirmi yuxuna,?
Gözlərin nədən doldu, istəmirdim sualım
sənə belə toxuna..
-Dostum sənlik bir şey yox, yəqin mən qocalıram,
Aylar, illər ötdükcə
Daha kövrək oluram.
Üşüdüyüm gecələr, anam yuxuma gəlir,
Sevgidən yorğanı var, onu üstümə sərir
Üşüməyim yox olur, uşaq kimi yatıram,
Analı günlərimə yuxularda çatıram.
-Lap yaxşı dost, lap yaxşı,
Bəs işlərin necədi, yadlarına salırmı səni kino çəkənlər?
Çəkildikcə çıxırmı ürəyindən tikanlar?
-Deyəsən qalmamışam bir kimsənin yadında,
Son vaxtlar, son aralar məni yada salan yox,
Ürəkdəki tikanlar indi olub daha çox,
Mən elə bilirdim ki,
Bir babat sənətkaram.
Sən demə gözləri kor, demə qulağı karam,
Onların çəkdiyiylə düzü heç yoxdu aram..
Əvvəl sənət başqaydı, indi tamam başqadı,
Əvvəl qəlbə toxunar,
İndi ancaq baş qatır..
O sənət nə sənətdi,
Ürəyə toxunmasın,
Səni icdən titrədib
Göz yaşı axıtmasın..
- Qardaş sənin ürəyin doluymuş ki əzizim,
Hirslənib dərd eləmə
Ağarmasın bənizin
Yaxşı ki çağırmırlar
Bu axmaq filmlərə.
Sən elə şeyrini yaz
Sığal çək könüllərə,
Bu qədər siqaretdə
Çəkməz olmaz arkadaş
Üç qara ciyər ilə hara gedirsən qardaş?
Mən gedirəm, əziz dost
Özündən ol muğayat...
Neyləmək olar indi,
Belədi də bu həyat
Salamat qal.
-Sağol, sən də salamat......
"Şahin" deyib çağırır atam öz otağından
Eşitcək tez qalxıram aynanın qabağından.
***
Yorulmuşam e mən ay ALLAH..
Sənə bunu niyə deyirəm,
Özün məndən yaxşı bilirsən ..
Bunu da bilirsən ki, ləyaqətim alçalır nə qədər,
Qananlara birtəhər dözmək olur... aralarında qanmazlar da var axı..
Ölüb yerə girirəm axı...
Günahkar olmağına bilirəm günahkaram... Amma sən qıymada mənə nə olar,...
Axı SƏN məni anamdan çox istəyirsən... Cürət edib deyəcəm ki, anam qıymazdı .. Yəqin bu ondandı ki,
SƏN elə bir şey bilirsən.. hansını mən bilmirəm...
Amma bir şey deməyim də gəlir SƏNə..
Tutumum, gücüm səbrim bura qədəriydi, daha qalmayıb hec biri..
SƏNə üsyan eləməkdən qorxuram . Yardımını tez göndər, asi olmayım. Heyifəm ay ALLAH, heyifəm.
Müəllif; Şahin Nəsirov






0 Rəy:
Yorum Gönder