BAYRAQLARIN RƏQSİ
(Hekayə)
Yayın son günləri olmasına baxmayaraq havalar çox isti keçir, göydən sanki od yağırdı. Gülmirə həmişə olduğu kimi, yenə də həyətə su səpərək süpürmüş, meynə çardağının kölgəsinə masa qoymuşdu. Masanın üstünə özü hazırladığı kompot və mövsümü meyvələri səliqə ilə düzmüşdü. Tez-tez yuxarı eyvana qalxır, mətbəxə baş çəkirdi. Oğlunun sevdiyi yarpaq dolmasını sevə-sevə bükmüş, çeşidli müxtəlif təamlar da hazırlamışdı. Həyat yoldaşı Pünhan, gözünün ağı-qarası bircə oğlu Vüsalı qarşılamağa getmişdi. Vüsal beş il idi ki, könüllü olaraq orduda qalıb xidmət edirdi. Bu illər ərzində Gülmirənin ömrü qısalmışdı sanki. Vüsal 44- günlük müharibədə igidlik göstərmiş, cəsarətli döyüş yolu keçmişdi. Sakitlik olsa da hərdən tək- tək gələn şəhid xəbərlərini eşitdikcə, yazıq ana, varından yox olurdu. Gözünə yuxu getmir, sabaha kimi dua edərdi. Bu gün oğlu on günlük məzuniyyətə gəlirdi. Gülmirənin sevincindən əli-ayağı yerə dəymirdi...
Həyət qapısının açıldığını hiss edib, özünü eyvana atdı. Pünhanı tək görüb, məyus halda pillələri enib ərinə yaxınlaşdı:
- Uşaq hanı, Pünhan? Bircə demə ki, gəlmədi...
Pünhan başını qaldırmadan,masaya tərəf gedə-gedə:
- Nə bilim Gülü, sən narahat olma, söz veribsə gələr, inşallah.
Gülmirə pərt olmuşdu, az qalırdı masanın üstündə nə varsa götürüb yerə çırpsın. Özünü ələ alıb kətilə çökdü. Gözləri dolmuşdu...
Həyət qapısının açıldığını hiss etməmişdi. Birdən çiyni üstündən əyilib qəfil onu öpən oğlunu görəndə, az qaldı ki, sevincdən özündən getsin. Pərtliyinin göz yaşları sevincinə şərik çıxaraq yanağından süzülürdü...
Pünhan kənardan bu fərəhli mənzərəyə baxıb gülə-gülə başını buladı:
- Yaxşl, yaxşı, az görməmişlik edin, acından öldük,-deyə zarafat etdi...
Gülmirə ərinə ərkyana qınaqla göz süzdürüb:
- Ay zalım, belə zarafat edərlər? Az qalmışdı dəli olum...
- Zarafat elə belə olur da, anası,- deyə, Pünhan başı ilə oğluna işarə etdi, Uşaq yol gəlib yorulub, yeməyini yeyib dincəlsin, sonra düz on gün sənin ixtiyarındadı, deyib güldü....
***
Vüsalın məzuniyyətə gəldiyi üç gün idi. Gülmirə bu iki-üç günün ərzində oğlunun qəribə hərəkətlərinə fikir verir, amma susurdu. Fikirləşirdi ki, yəqin özü söz açacaq. Əslində Gülmirə özü də elçilik, toy barədə oğlu ilə danışmağa məqam gözləyirdi. Vüsalın xeyli vaxtdı, uzaq qohumlarının qızı Hicranda gözü olduğunu bilirdi. Bu ananın ürəyindən olsa da, heç vaxt söz açmamış, oğlunun qərarını gözləmişdi. Bütün analar kimi Gülmirə də oğul toyu görmək arzusunda idi. Oğlunun bu dəfəki gəlişini də ona görə səbrsizliklə gözləmişdi ki, məsələni dəqiqləşdirib, ürəyinə yatan qıza nişan aparsınlar.
Nəhayət, Vüsal çəkinə-çəkinə anasının yanında əyləşdi. Anasının üzündən öpərəkək, əlini əlinə alıb sığallamağa başladı. Vüsal əslində çox ağırtəbiətli oğlan idi. İndi də sözü necə açsın, hardan başlasın bilmirdi. Bir qədər suduqdan sonra dilləndi:
- Ana, sənə bir söz demək istəyirəm e.
- De, ana qurban, nə olub?
- Ana, Hicranın doğum gününə az qalıb, istəyirəm ki, ona nəsə önəmli bir hədiyyə alım...
Gülmirə eşitdiyinə inanmadı, oğlunun üzünə diqqətlə baxdı. Vüsal anasının acıqlandığını düşünüb, peşmançılıqla qızardı. Gülmirə isə sevinc hissi ilə:
- Oğlum, ana ürəyinə qurban, elə mən də bu barədə danışmaq istəyirdim səninlə. Qoy atan işdən gəlsin, onunla da məsləhətləşim, icazə versə, günü sabah elçi gedərik, nişan vaxtını da elə həmin günə təyin edərik.
- Nə gözəl olar bu, ay ana,- deyə, Vüsal, sevincək anasını qucaqlayıb öpdü.
Vüsal 27 yaşına keçməsinə baxmayaraq, evlənmək söhbətinə yaxın gəlməzdi. Amma bacısı qızından, Vüsalın Hicrana vurulduğunu eşidəndə çox sevinmişdi. Hicran ağıllı, gözəl qız idi. Hər kəs belə bir gəlini olmasını istəyərdi. Amma insafən, Vüsal da çox yaraşıqlı oğlan idi. Ucaboy, enlikürək, qaraqaş-qaragöz. Hər bir qızın zövqündə olacaq bir oğul idi.
Ana-oğul istəkləri üst-üstə düşmüşdü. Gülmirə həmişə Hicranla rastlaşanda könlündən keçirirdi ki, kaş Vüsala qismət olaydı bu gözəl qız. Heç gözləmədiyi halda, bir gün, Vüsal özü ona çəkinə-çəkinə, söz açaraq Hicrandan xoşu gəldiyini demişdi...
O gündən Gülmirə fərəhindən yerə, göyə sığmırdı. Hərdən oğlunu bağçanın ayağına çəkilib telefonla xısın-xəsın danışmağından bilirdi ki, artıq qızla öz aralarında razılığa gəliblər. Amma özü oğlunun üstünə getməyib, zamana buraxmışdı hər şeyi. Düşünmüşdü ki, indi gənclər özləri qərar verir hər işdə. Daha əyyam, o əyyam deyildi.
***
Vusal səhər evdən çıxanda, qazi yoldaşları ilə görüşüb, şəhidlərin ziyarətinə gedəcəyini demişdi. Axşam evə qayıdanda, anasının üzündə güllər açdığını gördü. Salam verərək, anasının üzündən öpüb, əynini dəyişməkçün otağına keçdi...
Vüsal əynini dəyişib, əl-üzünə su vurub qayıdana kimi, anası süfrəni hazırlamışdı. Atası Pünhan həmişəki kimi oğlu gəlməmiş süfrəyə əl uzatmamışdı. Onsuzda elə böyük ailə deyildilər. Üç nəfərdən ibarət olan bu ailə çox xoşbəxt, heç nədən korluq çəkmədən dolanırdılar. Gözəl təmirli evləri, böyük həyətləri, bağ-bağçaları vardı. Vüsalın 26 yaşı tamam olan günü atası ona maşın almışdı. Vüsal üç günlük məzuniyyətlə, evə gəlib bu sürprizlə qarşılaşanda elə sevinmişdi ki, ürəyində düşünmüşdü ki, anamgil mənə kimin qızını almaq istəsə, onunla da evlənməyə razı olacam. Amma neçə il görmədiyi Hicranla birdən-birə qarşılaşanda, elə ilk baxışdanca bu yanaqları çuxurlu qıza vurulmuşdu.
İndi özü də yaxşı bilirdi ki, verdiyin sözün üstündə dayana bilməz. Hicran bir an belə fikirindən çıxmırdı...
Şam yeməyini yedikdən sonra Vüsal otağına çəkildi, yatağına uzansa da, gözü qapıda, qulağı səsdə qalmışdı. Atasının bu söhbətə necə münasibət bildirdiyini bilmək istəyirdi...
Bir qədər keçdikdən sonra, atasından da razılığını aldığını demək üçün, Gülmirə oğlunun otağına baş çəkməli oldu. Artıq Vüsal şirin yuxuda idi. Gülmirə oğlunun saçına astaca sığal çəkdi. Bir xeyli oğlunun yaraşıqlı qaş-gözünə tamaşa etdikdən sonra:
- Ağıllı balam, igid oğlum, Allah səni pis gözlərdən qorusun,-deyə asta pıçıltı ilə oğlunun alnından öpüb, otaqdan çıxdı...
***
Bir neçə gün idi Gülmirənin əli-ayağı yerə dəymirdi, gəzmədiyi dükan, bazar qalmamışdı. Axı gözünün ağı-qarası olan bircə balasının nişanına hazırlaşırdı. Gərək seçilsin bu nişan, dillərə düşsün, qeyri-adilik olsun. Çünki oğlu müharibədə şücaət göstərmiş igidlərdən idi. Vüsal elçilikdən sonra məzuniyyətini başa vurub geri qayıtmışdı. Nişan gününü bir ay sonraya təyin etmişdilər. Vüsala xeyir işlə bağlı təkrar icazə vermişdilər, hətta bir neçə yoldaşı da iştirak edəcəyinə söz vermişdi.
Artıq sanılı günlər qalmışdı nişan mərasiminə. Axşama az qalırdı. Həyat yoldaşı Pünhan işdən qayıtmış, çay içə-içə televizora baxırdı. Nədənsə Gülmirə çox darıxırdı, gəlib əri ilə üz-üzə əyləşərək:
- Ay Pünhan, sənallah bir o pultu yerə qoy əlindən görək.
Pünhan həmişəki halı ilə, təmkinlə ömür-gün yoldaşının üzünə baxdı:
- Yenə nə olub, qadası, sözlü adama oxşayırsan?
- Yox, sözlü deyəndə ki, heç maraqlanmırsan e, nə alıram, neynirəm nişanla bağlı, niyə bu qədər səbrlisən axı sən?
- Əzizim, axı hələ vaxta bir neçə gün var, niyə darıxırsan?
- Bilmirəm Pünhan, bu gün nəsə çox darıxıram, çox narahat olmuşam,- deyərək, qapıya baxdı və öz-özüylə danışırmış kimi, - ee, bu Vüsal harda qaldı axı, niyə gəlib çıxmaq bilmir bu uşaq?
Pünhan Gülmirəni heç belə görməmişdi, nəsə ciddi bir şey olduğunu düşündü:
- Gülü, nə olub, niyə belə əsəbisən? Bəlkə məndən nəsə gizlədirsən?
- Yox, nə olasıdı ki, Vüsal gəlib çıxmır, ona görə narahatam.
Pünhan onun narahatçılığına son qoymaq üçün gülə-gülə:
- Ay zalım qızı, uşaq tez gəlir vay, gec gəlir vay, nişanlı oğlandı, yenə də onunla uşaq kimi davranırsan, yəqin görüşə gedib də, nişanlısı ilə. Bunu istəmirdin bəs? Neçə vaxtdı baş-beynimi aparırdın,uşağın yaşı keçir deyə-deyə?
Gülmirə ərinə incik bir nəzər salıb, sərt hərəkətlə qalxaraq mətbəxə getdi.
Pünhan həyat yoldaşının niyə bu qədər gərgin olduğuna təəccüblə çiynini çəkdi.
Gülmirə özü də bilmirdi nə olub, niyə əsəbidi, heç nə anlamırdı...
Vüsal gecə yarısı gəlib çıxdı, o gələnə kimi anası var-gəl edir, pəncərədən yola sarı boylanırdı. Vüsal anasının oyaq olduğunu görüb narahat oldu:
- Bu vaxt niyə oyaqsan, ana? Ağrımırsan ki?
Gülmirə əsəbi halda:
-Bəs sən harda idin bu vaxtacan? Yekə oğlansan, uşaq deyilsən ki, niyə məni bu qədər incidirsən?
Vüsal gülə-gülə anasının boynunu qucaqladı:
- Ay ana, yekə olduğuma görə bu vaxt gəldim də, uşağın bu vaxt çöldə nə işi var?
Bu sözə Gülmirəni də gülmək tutdu, arxayın halda otağına yatmağa getdi. Gülmirə yatağına uzansa da, yerinə qor dolmuş kimi, o yan, bu yana çevrilir, heç rahat ola bilmirdi. Yuxu kipriklərindən asılır, göz qapaqlarına gücü çatmırdı. Amma beyni oyaq idi. Nişan gününü fikirləşir, götür-qoy edir, nədənsə sevinə bilmirdi. Dəfələrlə şeytana lənət oxuyurdu ki, ürəyinə pis fikirlər gəlməsin.
Yuxu Gülmirəni beləcə narahat düşüncələrlə birlikdə qoynuna aldı....
....Həyət başdan-başa al-əlvan bəzənmiş, ağaclara, eyvanın sütunlarına qırmızı lentlər bağlanmışdı. Musiqi səsi həyəti başına götürmüşdü. Gənclər oynayır, deyib gülürdü. Vüsal bəy paltarı əvəzinə, hərbi geyimdə, qazi yoldaşlarına qoşulub şənlənir, anasının əllərindən tutub oyuna dəvət edirdi. Gülmirə oynaya-oynaya, nə qədər qışqırsa da:
- Oğlum, əynini dəyiş, sənə bəy paltarı almışam, belə olmaz axı, boyuna qurban...
Oğlu isə gülə-gülə başını bulayır, ucadan qəhqəhə çəkib gülürdü. Gülmirə Vüsalın bu hərəkətinə təəccüblənərək, onun qoluna girib, eyvana tərəf çəkdi:
- Gəl oğlum, gəl, ana qurban gəl, bəy paltarını geyin. Bax, adamlar sənə baxır, deyib həyətdəki adamlara əlini uzatdı. Amma gördüyü mənzərə onu heyrətləndirdi, gözlərinə inanmadı. Qırmızı lentlərin yerində bayraqlar yellənir, həyətdə hamının əlində bayraq, "Vağzalı" havasına oynayırdı, sanki oynayan adamlar yox, bayraqlar idi..
Vüsal anasının təəccüblü baxışlarına baxıb, bir də qəhqəhə çəkdi. Oğlu güldükcə ətrafa qəribə işıq yayılırdı...
İşıq Gülmirənin gözlərini kor edəcək qədər, necə qamaşdırdısa, yerindən dik atıldı....
.....Bir neçə saniyə, əllərini gözlərindən çəkmədi. Özünə gələndə yuxu gördüyünü başa düşüb, dərindən köks ötürdü. Xeyli yerinindən tərpənmədi, eyvandan içəri süzülən zəif işıqda ətrafa baxdı. Asta-asta durub işığı yandırdı, həyətə boylandı. Tam sakitlik idi. Pünhan da şirin-şirin yatmışdı. Gülmirə gördüyü qəribə yuxunun təsirində qalmışdı. Oğlu yatan otağa keçib, pəncərədən içəri düşən ay işığında, kövrək-kövrək oğluna xeyli tamaşa elədi. Otağına qayıtdı.
Çox qorxurdu, iki il əvvəldə belə bir yuxu görmüş, çox qorxmuşdu. O zaman oğlunun müharibədə olduğu xəbərini almışdı. 2021-ci ildə 44-gün davam edən müharibədə yazıq ana dəfələrlə ölüb, dirilmişdi... İndi sakitlik idi, oğlu tez-tez gəlir valideynlərinə baş çəkirdi...
Gülmürə bunları düşünərək öz-özünə təskinlik versə də, çox qorxurdu. Bilmirdi neyləsin, ərini oyatmağa da qıymırdı, yazıq işdə çox yorulurdu. Dəli olmaq həddinə çatırdı. Əllərini göyə açıb, əri oyanmasın deyə pıçıltı ilə Allaha yalvardı:
- Allahım, bu nə yuxu idi belə, sən özün xeyrə cala, ya Rəbbim. Kimsəni bala ilə imtahan etmə, peşman, gözüyaşlı, əli qoynunda qoyma məni, ya Allahım,- deyib, göz yaşlarına hakim ola bilmədi...
...
Hər gün olduğu kimi Pünhan yenə, səhər yeməyini yedikdən sonra, işə getməyə hazırlaşırdı. Amma bayaqdan hiss edirdi ki, Gülmirə heç özündə deyil. Zarafat edib, həyat yoldaşının könlünü açmaq istədi:
- Nolub Gülü? Niyə bikefsən? Ay zalımın qızı, sən bu şad günündə də bir bəhanə edib, mısmırığını sallayırsan da...
Gülmirə gözləri dolmuş halda:
- Bilmirəm, Pünhan, gecə heç yata bilmirdim, sabahüzü gözümə yuxu getmişdi ki, çox qəribə yuxu görüb oyandım. Çox qorxuram,- deyib boğula-boğula asta səslə hönkürdü.
Pünhan ona yaxınlaşıb, çiynini qucaqladı, başından öpüb, uşaq kimi nəvaziş etdi:
- Dəli olma, ay qız, uşaq gəlib oturub dizinin dibində. Yenə deyinirsən? Həyacandan yuxunu qarışdırmısan. Özünü ələ al, Gülü. Şükür Allaha, daha müharibə yoxdu. Özün görürsən ki, hər gün Şuşadan canlı verlişlər, çəkilişlər, konsertlər olur. Gediş-gəliş çoxalıb. Mənim iş yoldaşlarım da bir neçə gün əvvəl getmişdi. Əgər istəsən, nişanı keçirəndən sonra, biz də gedərik oğlumuzun döyüşdüyü yerləri gəzərik. Amma bir də belə bədbin olma.
Gülmirə Pünhanın təmkinli danışığından xeyli sakitləşmişdi. Başını qaldırlb ərinin üzünə gülümsədi:
- Yaxşı ki, varımsan, Pünhan. Mən sənsiz dəli olaram vallah.
Pünhan gözünü qıylb, zarafatla incimiş kimi görsənərək:
- Eh, ay Gülüm, oğlunu evləndir, hələ bir nəvən də olsun. Baxarıq, görək mən yadına düşəcəmmi?
Bu zarafatdan Gülmirə də güldü. Artıq, tam sakitləşmişdi...
Pünhanı işə yola saldıqdan sonra, oğlunu oyaqtmaq üçün, onun yatdığı otağa tərəf getdi. Qapını açdıqda onu yatağından qalxmadan telfonla şirn-şirin danışan gördü. Hicranla danışdığını hiss edib, səssizcə geri qayıtdı....
Gecə əsən külək ağacları möhkəmcə yolub, saralmış yarpaqları həyətlə bir etmişdi. Payız astanada idi.Gülmirə həyəti süpürmək üçün pillələri enə-enə, ürəyindən keçəni dilinə gətirdi:
- Xeyirli gəl ay payız. Heç gəlişini istəmirəm, gözümü elə qorxutmusan ki...
Qəfil gələn səsə diksindi. Vüsal idi, anasının öz-özünə danışdığını eşidib, gülə-gülə:
- Nə olub, ay ana, kimin qarasına deyinirsən yenə?
Gülmirə oğluna səhər yeməyi vermək üçün, təkrar eyvana qalxdı.
- Heç, ay oğul, fikirim qarışıqdı bir az.
- Yaxşı olar, ay ana, fikir eləmə.
- Kaş, yaxşı olsun ay bala. Analar yazıqdı.
Vüsal yeməyini yeyib, ayağa qalxdı. Gəlib anasının üzündən öpdü:
- Ana, mən, indi Hicranı götürüb parka gedəcəm, bir az gəzək, söhbət edək. Anasından güc-bəla ilə icazə ala bilib, -deyib güldü....
***
Park sakitlik idi, tək, tək əl-ələ tutub gəzən gənclər, gözə dəyirdi, oturacaqların çoxu boş olsa da Hicranla Vüsal gəzməyə üstünlük verərək, şirin-şirin deyib gülürdülər. Vüsal qızın üzünə diqqətlə baxanda Hicran özünü itirir, bu da Vüsala xoş gəlirdi. Çünki anası hər dəfə evlən deyəndə Vüsal susar, ürəyində fikirləşirdi ki, hansı qıza baxıram, gözümün uçinə çəkinmədən baxır. O istəyirdi ki, qıza söz deyəndə başını aşağı salsın, yanaqları qızarsın, gözlərini yan qaçırsın, yoxsa indi hansı qıza baxır, peşman olur...
Amma Hicranı ilk dəfə görərkən elə bu cəhətinə vuruldu. Çoxdan görmədiyi Hicranı əvvəl tanımamışdı. Kimliyini biləndən sonra yaxınlaşıb görüşmək istəyəndə, Hicran utandığlndan Vüsalın üzünə baxmsmış, qızarıb, pörtmüşdü. Sanki qızın bu halı Vüsalı ovsunlamışdı. Həmin gün, qız bir saniyədə olsa fikirindən çıxmamışdı. Vüsal görəndə ki, xalası qızı İnci Hicranla rəfiqədi, sevinmişdi. Elə İncinin vasitəsi ilə qız barədə hər şeyi öyrənmiş, könül vermişdi.
Vüsal bunları ürəyindən keçirsə də, qıza zarafat edir, güldürürdü. Birdən qızın əlini yüngülcə sıxaraq:
- Hicran, bəsdi gəzişdik canım, gedək bir çay içək,- deyə, cavab gözləmədən, qızın əlindən tutub, yaxınlıqdakı kafeyə tərəf çəkdi. Kafenin həyətində ağacların altında xudmani bir yerdə üz-üzə əyləşdilər. Vüsal qızın əllərindən tutub, gözünün içinə baxraq, gülə-gülə:
- Hə, əzizim, söhbət elə görək, sən bu illər ərzində harda idin ki, bir dəfə də olsun, mənim qarşıma çıxmamısan?
Hicranın göyçək yanaqlları allansa da, eyni təbəssümlə cavab verdi:
- Böyüyürdüm...
Vüsal qızın bu hazırcavablığına bərkdən güldü:
- Ay sağ ol, bax belə. Xoşum gəldi!
Əslində Hicranla Vüsal ilk dəfə idi ki, görüşə çıxmışdılar. Valideynləri elçilik edib, öz aralarında razılığa gəldikdən sonra, Vüsalın görüşməyə vaxtı qalmamış, həmən qayıdıb getmişdi. Amma hər ikisi bir-birinə ilk baxışdan vurulmuşdu. Hicran bu iki ayda fikirdən xeyli sınıxmışdı. Vüsalın düşmənlə üz-üzə xidmət etməyi qızın rahatlığını əlindən almışdı. İndi də həmin fikirlə dilləndi:
- Vüsal, olmaz ki, sən işini dəyişəsən? Mən çox qorxuram.
- Nədən qorxursan, ay gözəlim? Mən öyrəşmişəm, həm də qorxmağa bir əsas yoxdu.
- Bilmirəm, Vüsal. Yaxşı ki, səni müharibə vaxtı tanımırdım, yoxsa lap fikirdən dəli olardım. Evdə söhbət düşəndə bizimkilər adını çəkir, igidliyindən danışardılar, amma mən tanımırdım deyə, maraq göstərməmişdim.
Qızın belə səmimi danışığı Vüsalın çox xoşuna gəldi...
***
Gecənin bir aləmi Vüsal telefonuna gələn zəngə oyandı. Zəngin kimdən gəldiyinə diqqət etmədən, yuxulu halda: -Alo,- deyə, qulağına tutmağı ilə, yerindən dik qalxmağı bir oldu:
- Ay şərəfsizlər, ay namərdlər, - deyərək həyacanlı halda; -Çıxıram, həmən çıxıram, siz ehtiyatlı olun. Uşaqlar necədi? Uşaqları qoruyun!...
Onsuzda ayıq yatan Gülmirə oğlunun səsini eşidib, yerindən durdu. Xalatını əyninə taxıb, oğlunun otağına tərəf gedə-gedə, ürəyində:
- Xeyir olsun, bu vaxt kimlə danışır bu uşaq belə, nolub görəsən?- deyə otağa keçdi. Oğlunu hərbi formasını geyindiyini görüb ürəyi qopdu:
- Vüsal, bala, bu vaxtı nə geyinməsi, hara gedirsən?
Vüsal sualı cavabsız qoyaraq:
- Ana, nə yaxşı oyaqsan, atamı da çağır, məni maşınla tez yola çıxarsın. Gülmirənin gözləri alacalandı:
- Ay oğul, dillənsənə nə olub, ürəyim partladı?
- Ana, yenə o it uşağı təxribat törədiblər, Mən mütləq orda olmalıyam...
Pünhan da oyanmışdı, amma Gülmirədən fərqli olaraq təmkinlə qarşıladı oğlunun qəfil gedişini, çünki o bilirdi ki, oğlunun borcudur orda , yoldaşlarla bərabər olmaq. Həyətdə var-gəl edir, oğlunu gözləyirdi. Gülmirə oğlunun boynunu qucaqlayıb üz-gözündən öpür, ağlaya-ağlaya:
- Anan ölsün elə, bala, nişanı sənsiz edəcəyik? Gəlib çata biləcəksən? Axı iki gün sora nişandı. Bəlkə getmiyəsən, Vüsal? Sənə nişana görə icazə veriblər axı, hələ bir həftə vaxtın var.
- Ana, mənə gəl deyən olmayıb, mən özüm gedirəm, yoldaşları tək qoya bilmərəm. Amma sən narahat olma, uşaqlar dedi qarşısını almışıq. Çalışacam ki, nişan günü burda olum...
- Özündən muğayət ol, can bala, anan boyuna qurban olsun.
- Yaxşı, ana arxayın ol. Çıxmalıyam.
Gülmirə cəld mətbəxə keçdi, oğlunun arxasınca atmaq üçün bir qabda su gətirdi. Vüsal maşına əyləşib qapını örtmək istəyirdi ki, nə fikirləşdisə, təkrar maşından düşüb anasının üstünə gəldi, anasını qucaqlayıb üzündən gözündən öpdü:
- Ana, bax ağlama, pis oluram, gedə bilmirəm. Bəlkə elə sabah bu vaxt burda oldum, bilmək olmaz. Hə, ana, birdə ki, səhər Hicranla danış, de ki, gec olduğu üçün onu narahat eləmək istəmədim.
***
Gülmirə özünə yer tapa bilmirdi, oğlunun yatağına baxır, gah ağlayır, gah şeytana lənət oxuyur, gah da Allaha dua edirdi...
Səhər açılmışdı.
Hicrana zəng edib, nə deyəcəyini fikirləşirdi. Necə desin ki, nişanlın səninlə sağollaşmadan, nişanına iki gün qalmış müharibəyə getdi? Gözləri ağlamaqdan qan çanağına dönmüşdü. Bilmirdi nə etsin, dərdini kimə desin, aldığı paltarlara, xonçalara baxdıqca, ağlından min fikir keçir, az qalırdı dəli olsun. Nəhayət qərara gəldi ki, Hicrana zəng edib, Vüsalın getdiyini desin. Telefonu götürüb Hicranın nömrəsini axtarırdı ki, zəng səsinə diksindi. Hicran idi, axşamdan bura Vüsala zəng çatmadığını, harda olduğunu soruşurdu...
Hicranın doluxsunmuş səsi Gülmirənin qulağından çəkilmirdi. Yazıq ana Allaha dua etməkdən qeyri nə edə bilərdi ki. Gördüyü yuxu tez-tez xəyalına gəlir, necə yozacağını bilmirdi:
- Allahım, sən özün xeyrə cala bu yuxunu,-deyə pıçıldadı.
Elə bu vaxt Pünhan gəlib çıxdı. Gülmirənin sanki yükü yüngülləşdi. Tək düşünməkdən dəli olurdu :
- Buy, şükür ay Pünhan, gəlib çıxdın, noldu, nə xəbər? Uşaq qalası oldu? Döyüş var? Atışma səsi gəlirdi?
Pünhan arvadının həyacanını başa düşürdü. Amma sakitləşsin deyə:
- Ay zalımın qızı, qoy bir çatım, sualı suala calayırsan, nolub? Narahat olma, sakitlikdi.
- Bəs niyə özü də qayıtmadı? Demişdi çağıran olmayıb, özüm gedirəm, bəlkə qayıtdım.
- Hə, dedi anama de ki, sabah bu vaxtı evdə olacam, narahat olmasın.
- İnşallah, ay Pünhan. Şadxəbər olasan. Səhərdən bura dəli olmuşdum. Bir az arxayın oldum...
Pünhan əl-üzünə su vurub qayıdana kimi Gülmürə süfrəni hazırladı, özü də gecədən bura bir qurtum su içməmişdi. Hələ indi acdığının fərqinə vardı. Pünhan çay içə-içə gözlərini arvadından yayındırır, həyətə tək-tək düşən xəzəllərə baxırdı. Necə deyəydi ki, atışma səsindən qulaq tutulurdu, oğlu onu yarı yoldan qaytarıb....
Yaxşı ki, Gülmirənin çox da internetdən başı çıxmırdı, telefonla tək zəng üçün istifadə edirdi.Televeziya kanallarına da az-az baxar, adətən türk seriallarını izləyərdi. Ona görə də cəbhə bölgəsindən çox xəbəri yox idi. Pünhan isə telefondan xəbərləri izlədikcə ümidsizləşir, bu dəqiqə oğlunun ölümlə göz-gözə olduğunu bilir, dərdini içində tək çəkirdi. Gülmirəyə isə yalan deməyə məcbur olmuşdu. Oğlu görüşüb ayrılanda:
- Ata, anam ağlamasın deyə, onu aldatdım, bu gecə əlli döyüş yoldaşım şəhid olub, onların qisasını almaq üçün döyüşə girirəm, ölümünə döyüşəcəm. Hər şey ola bilər, hazır olun. Mənə nəsə olarsa, de ki, onu aldatdığım üçün məni bağışlasın.
- Vüsal, oğlum, mən sənə döyüşmə deyə bilmərəm, özünü qoru, igid balam...
...Gülmirə bunlardan xəbərsiz, ana həssaslığı ilə, oğlundan nigaran olsa da, min həvəslə nişana hazırlaşırdı. Ümidli idi ki, oğlu sabah bu vaxtı evdə olacaq, söz vermişdi. "Mənim oğlum yalan danışmaz", deyə ürəyindən keçirir, darıxdığından xonçaları açır, yenidən bağlayırdı. Birdən gözü masanın üstündəki "Kəllə qənd"ə sataşdı. Elin adəti idi elçilikdə kəllə qənd aparmaq. Gülmirə də böyük, bəzəkli bir "Kəllə qənd" almışdı. Yolda Pünhan məşhur bir kinonu xatırlayaraq zarafat da eləmişdi ki;
- Ay Gülü, qaldı "üç manat pul, bir molla".
Gülmirə də ürəkdən gülmüşdü.
İndi xonçalara bağlamaq üçün aldığı qırmızı lentdən bir qədər kəsib, qəndi bağlamaq istəyirdi ki, necə oldusa masanın üstünə sərdiyi süfrənin saçaqları, Gülmirənin xalatının düyməsinə ilişərək dartılıb sürüşdü. Bu elə gözlənilməz baş verdi ki, süfrə ilə bərabər "Kəllə qənd"də yerə düşərək, tən ortadan iki yerə bölündü....
Pünhan arvadının ağlamaq səsinə qonaq otağına yüyürdü. Gülmirə dizi üstə yerə çöküb qənd parçalarını sığallayır, hönkürüb ağlayırdı. Pünhan bu mənzərəni görüb, yerindəcə donub, lal-dimməz baxırdı...
Nə qədər vaxt keçdi bilmədi, irəliləyib, arvadının qoluna girərərək, ayağa qaldırdı, mətbəxə tərəf apardı...
Gecə yarıdan keçsə də, Gülmirənin yuxusu ərşə çəkilmişdi. Səhərin açılmasını səbrsizliklə gözləyirdi. Oğlu ona qayıdacağına söz vermişdi. Bilirdi ki, o sözünü tutan oğuldu, mütləq gələcək.. Tezdən durub balasının gəlişinə hazırlaşmalı idi...
Artıq yavaş-yavaş dan yeri sökülürdü. Gülmirə gözünü pəncərədən çölə zilləyib havanın tam işıqlanmasını gözləyirdi.
Yerindən qalxıb, əynini geyindi, Pünhanın bu gün işə getməyəcəyini bilirdi. Onu oyatmamaq üçün barmaqlarının ucunda otaqdan çıxdı. Bir xeyli həyətə tamaşa elədi...
Sabah qız evinə nişan aparacaqdı, həyətə tökülən xəzəlləri süpürüb təmizlədikdən sonra, necə bəzəmək haqqında düşündü. Birdən yuxusu yadına düşdü. Əli-qolu boşaldı, pilləkəndəcə çökdü:
- Lənət şeytana, deyə pıçıldadı... Balam birazdan gələcək. Özü necə istəsə elə bəzəyər...
Pünhan yuxudan oyansa da, yerindən durmaq istəmirdi, canında bir sıxıntı vardı. Telefonu götürüb son xəbərləri izləməyə başladı... Ordumuzun daha 13 döyüşçüsü şəhid olmuşdu. Şəhidlərin şəkillərinə baxmağa ürəyi gəlmədi, telefonu kənara qoyub, yerindən durdu. Çox narahat idi, 44-günlük müharibədə heç bu hala düşməmişdi. Gülmirə ilə göz-gözə gəlməkdən çəkinirdi...
Günortaya az qalırdı, Gülmirə işlərini bitirib, mətbəxdə yemək hazırlayırdı. Pünhan həyətdə maşının ətrafında fırlanır, özünü məşğul göstərirdi. Gülmirə pəncərədən:
- Ay Pünhan, telefonun zəngini eşitmirsən, bir baxsana, bəlkə Vüsaldı?
Pünhan yuxudan ayılmış kimi, cəld telefonu qulağına tutdu.
- Alo, bəli. Buyurun, bəli, Vüsalın atasıyam...bəli...
Pünhanın rəngi avazıdı, Gülmirənin gözü ərinin üzündə qalmışdı, dinmədiyini görüb, özü narahatlıqla dilləndi:
- Nolub Pünhan? Kim idi? Vüsalın adını çəkdin, gəlir?
Pünhan iniltili səslə:
- Gəlir, Gülmirə, gəlir....
***
Gülmirə özünə gəlib, gözlərini açanda, həyətdə izdiham vardı. Hərbi geyimli əsgərlərin əllərində bayraqlar dalğalanır, zabitlər Vüsalın bəy kəcavəsini dövrəyə almışdılar...
Bir anlıq nə baş verdiyini bilmədi yazıq ana, yuxusunumu xatırlayırdı, yoxsa bütün bunlar gerçək idimi?
- Bəlkə Vüsal gəlib özü istədiyi kimi bəzəyib həyəti?
Gülmirə ayağa durmaq istədi. Amanı kəsilmişdi, qoluna girib güclə ayağa qaldırdılar.
Lunatik halda irəliləyən ananın gözü, sanki kimisə axtarırdı. Birdən gözü həyətin ortasında al bəzənmiş tabutu qucaqlayan Hicrana sataşdı. Dəli bir qiyyə çəkdi:
- Vüsaaaalll !!!
***
Ananın son arzusu olaraq, əllərdə bəzəkli nişan xonçaları, iki bölünmüş "kəllə qənd" və "Vağzalı" sədaları ilə yola salındı şəhid balası. Klarnetin yanıqlı fəryadına "bayraqlar oynayırdı"...
SON.
Müəllif; Əfşan Yusifqızı, AYB-nin üzvü.






0 Rəy:
Yorum Gönder