Ayın qaranlıq tərəfi (esse)
İnsanları maraqlandıran, amma hələ də sirri açılmayan çox şeylər var. Yaradılışdan görməyə başlayan insan oğlu gördüklərini dərk etmək istəyib, bununçün biliklərini artıraraq kainatın görünən tərəflərini öyrənməyə cəhd edib. Bu cəhdlər həmişə uğurla nəticələnməsə də uğursuz cəhdlərin təkrarlanması tək-tək uğurlara gətirib çıxarıb.
Hazırda kainatın gözümüzə görünən hissəsini öyrəndiyimizi düşünərək görünməyən hissəsini də öyrənməyə başlamışıq. Fərziyyələrimiz sübutumuzdan çoxdur. Yer kürəsinə ən yaxın göy cismi olan Ayın görünməyən tərəfi var və o həmişə bizə qaranlıq qalır.
Amma mən Ayın görünən tərəfindən danışmaq istəyirəm. Elə indicə dükandan çıxıb mənim kimi enerjisi tükənməyə doğru gedən telefonumla evə getmək üçün taksi şirkətinə zəng vuracaqdım ki, gözüm Aya sataşdı. Gözümü ovuşduraraq danladım, daha Aya sataşmayacağına söz verdi. Bir də, "kasıb baba"yam, dinmək, nəsə demək nə həddimə?!,-deyə düşünüb barmağımı dişlədim. Şorməzə dadı vardı, ac olduğumu xatırladım...
Bəzən özünü yeməklə aclığı öldürmək olur.
Ay isə bu anda vecsiz məmur kimi arxası üstə uzanıb ayaqlarını göyə qaldırmışdı və dərin yuxuya getmişdi. Toxun acdan nə xəbəri?! Aydır da, gecə fənərinə bənzəyən özündən razının biri... Amma ona göy qübbəsində Günəşlə yaxınlıq etdiyinə görə yaxşı baxmırdılar. Venera istiqanlı olsa da Ayı "arada gəzən", "yarımçıq" deyə çağırırdı. Bir Yer ili bundan əvvəl hələ bir "Yarımçıq, tam olmaq istəyirsən deyə Günəşlə Yerin arasına girmisən? Ona bizdən yenə nə demisən ki, alov püskürür? Qurtarmadı da "arada gəzən"liyin" deyərək əsəblə Ayın tərəfini tutanların dili ilə ifadə etsək, - "qısqanclığını" biruzə vermiş, bunu eşidən Mars qonşum Qeybət xala kimi guya abrına qısılaraq utandığından qıpqırmızı olmuşdu. O, belə söhbətlərə öyrəşməmişdi, axı başı üstündə həyat qurmaq istəyən insan övladına qarışmışdı. Həm də Veneranı düz dediyinə görə hamı müxalif adlandırırdı. Merkuri Günəşin katibəsi idi, yazışmalara baxırdı, gəlib gedənləri qarşılayıb yola salırdı. Bu nizamlı kainatda Uran Yupiterə rüşvət verirdi ki, Saturnla qeyri-qanuni əlaqəsi barədə Günəşə xəbər çatdırmasın, həm də bir az kənara çəkilsin ki, o, Günəşi görə bilsin. Yupiter sistemdə hamıdan böyük idi, ona görə hər kəsə ağıl verirdi, bütün planetlər ona "müəllim" deyə müraciət edirdilər. Saturn isə toz dumanlığından ibarət halqasını belində fırladaraq Neptuna düşmən sayağı göz dağı verirdi. Neptun isə romantik bir tərzdə bir rus mahnısının "Bez lyubvi tı miraj" cümləsini ona eşitdirirdi. Plutonu "gördüm" deyən tapılmırdı, arada-bərədə ondan-bundan danışanda adını axır-uxurda çəkirdilər. Sistem arasında "Süfrənin ayağında oturanın hörməti olmaz" deyilsə də eybi yox, Pluton Günəşdən uzaq, gözəgirən olmadığına görə hörməti yoxdur, özü ki var, mövcuddur. Bəlkə də orda Pluton üçün daha rahat idi...
Bəzən sistemdən xəbərsiz olmaq xalqı müvəqqəti xoşbəxt edir.
Günəşin üzünə saldığı şüalardan xoşhal olan, hərdən bu şüalardan bezən Ay sayıqlayırdı. Yuxuda sayıqladığı sözlər Ayın özünü ayağa, yaxasını ələ verəcəkdi...
Bəzən yalan ayaq açıb yeriyir, əlsizin əli, buynuzsuzun buynuzu peyda olur.
Yer ağzına su alıb öz oxunda, mən səkidə durmuşdum ki, çağırdığım taksi, nəhayət, gəldi. Mən gözümü Aydan çəkib maşına əyləşdim və taksi Yerin üstü ilə şütüməyə başladı. Yolla gedəndə Ayı görmürdüm, sürücünün pulunu verməli olduğuma görə gözüm ötən ayın son günlərində kartıma yüklənmiş aylıq maaşımdan qalan sonuncu əskinaslarda idi. Öz puluma gözüm dəyibmiş, arada üç manat doxsan qəpik getdi. Maşından düşəndə gördüm, Ay yerindən qalxıb gözümün içinə baxır. Gördüm ki, Mars da, Venera da evimizə qədər mənimlə gəlib. Başım üstündəki səmada indisi parlaq, gələcəyi sual olan ulduzlar qonaqlığa yığılmış ac yoldaşlara bənzəyirdilər. Sanki, sürücüdən qalıq on qəpiyi aldığıma görə mənə "simic" deyəcəkdilər. Bəlkə də dedilər, səsin bizə məlum olan sürətlə nəvaxtsa gəlib çatacağını düşünərkən, birdən bir ulduz axdı. Mən arzu tutdum, ulduzu kim tutdu, bilmədim...
Bəzən ilanlar min ulduz da görsə, ölmür.
Arzum.., Deyəsən, axı maaş gecikəcək.., Boş yerə arzulama! Bu gün teatrın qarşısında əlində dollar işarəsi olan bir dilənçini, teatrda isə Dezdomonanı boğan Hamleti görəndə hələ neçə gerçək hekayənin səhnəyə qoyulmadığını, göz görə-görə bizə qaranlıq qaldığını, fikirlərdə, dillərdə boğulduğunu, ürəklərdə, qələmlərdə qırıldığını, kitablardan vərəq-vərəq cırılaraq pozulduğunu anladım. Ayın qaranlıq tərəfi isə elə gözümüzə görünən tərəfiymiş.
Bəzən işığı söndürəndə qaranlığı yandırmış olur insan.
Müəllif; Vüsal YURDOĞLU






0 Rəy:
Yorum Gönder