4.13.2020

Aysel NƏSİRZADƏ - Şəhid anası, Vətənsiz...
















Şəhid anası…

(Aprel şəhidimiz Təbriz Əsgərovun vəfat edən anasının  əziz  xatirəsinə…)

Oğul acısıyla bitdi bir ömür,
Göynədi qəlbində həsrət yarası.
Paltarından aldın ətrin, qoxusun ,
Qovuşdun oğluna, şəhid anası.

Ruhun rahatlığın tapar yəqin ki,
Qəlbin arzusuna çatar yəqin ki.
Oğlun öz qoynunda yatar yəqin ki,
Qovuşdun oğluna, şəhid anası.

Dözmədi ürəyin oğul dağına,
Sığındın torpağın buz qucağına.
Basmısan oğlunu indi bağrına,
Qovuşdun oğluna, şəhid anası.

 ----------------------------

Vətənsiz…

Qürbətə daş kimi düşdük,
Yerimiz çox ağır oldu.
Vətənsiz dilimiz gödək,
Bəxtimiz də fağır oldu .

Vurdular düz sinəmizdən ,
Vətənsizlik adlı dağı .
Bir otağa sığışdıq biz,
Yurdu talan etdi yağı.

Balalar yurdsuz doğuldu,
Babalar da qaçqın öldü.
Neçə evsiz cavanların,
Eşqi qəlbinə gömüldü.

Hər kim çəkir həsrətini,
Dilində kəlməsi ahdır.
Bu qədər ağrı,acıya
Dözüb-dözüb, ən sonunda,
Vətənsiz ölmək günahdır…

Müəllif; Aysel Nəsirzadə

0 Rəy:

Yorum Gönder