Oxunmayan hərflər, eşidilməyən səslər və ya görünməyən sözlər.
Yerdə və göydə, yaradılış aləmində nə varsa hər şeyə isimlər və say verən Allahdır.
Yaşadığımız dünyada bilib bilmədiyimiz bir sıra dillər var ki, biz onları statistik sıralama ilə hesablasaq, bildiklərimizin bilmədiklərimiz yanında sayca az olduğunu görərik.
Statistik hesablamaya isə yalnız bildiklərimiz daxildir. Yəni, dünyada neçə dil var və hər dilin əlifbasına heçə hərf daxildir. Bunları öyrənmək üçün yalnız sosial şəbəkə üzərindən və ya dilçilik kitablarından öyrənə bilərik. Yalnız bilmədiklərimiz - statistikada mövcud olmayan və öyrənməyimiz bir o qədər də əlverişli olmayan sözlərdir ki, nə dili bəllidir, nə də hərf - səs sayları. Bunun üçün isə yalnız şüurlatının bizə verdiyi əsas üslublardan istifadə etməkdir.
Biz bilirik ki varlıq aləmində cismani və ruhani varlıqlar mövcuddur. Bu varlıqların özünəxas səs effektləri var. Bu səslər hərflərə çevrilərək isimlər, feillər və zərflər meydana gətirmişdir. Düşünsək ki, varlığın ilk zühuru səslə yaranmış, həmin səslər hərfə çevrilmiş və hərf vasitəsilə də sözlər əmələ gəlmişdir. Lakin, nəzərə alsaq ki canlılarda olduğu kimi cansız əşyalarda, enerji, frekans və titrəşimlərdən meydana gələn səslər mövcuddur.
Misal üçün, biz yolun kənarından bir maşın keçdiyi zaman onun ətrafa yansıtdığı səsi "vırrr", "dırrr", təyyarənin ötürdüyü səsə "vvvvııııvvvvv", dəmirin bir-birinə toxunarkən ötürdüyü səsə "çax-çax", "tak-tak" və s. kimi səsləndiririk. Canlı heyvanlarda isə misal üçün, bir pişiyin verdiyi səsə "miyavvv", bir ayının verdiyi səsə "moo", bir quzunun verdiyi səsə "məə", quşun verdiyi səsə "civ-civ", "cik-cik" və s. deyirik. Yəni təbiətin bizə verdiyi müxtəlif səsləri öz dilimizə - nitqimizə uyğunlaşdıraraq eşitdiyimiz və ya səsləndirə bildiyimiz kimi sözlərə çeviririk. Diqqət etsək, həmin səslərlə üst-üstə düşməyən hərf səslərimiz var. Halbuki, əgər biz həmin heyvanlar kimi səslər çıxara bilsəydik, texnikanın, enerjinin bizə ötürdüyü səsləri boğazımızdan çıxara bilsəydik - bu zaman həmin səslərə fərqli hərflər verəcəydik və beləcə hərf sayları çoxalacaqdı.
Buradan yola çıxaraq dünyadakı bütün ortaq səslərlə yanaşı çatışmayan səsləri toplasaq ağlımıza gəlməyən hərflər meydana çıxar.
Şüurlu varlıq aləmini üç hissəyə bölək.
Canlı varlıqlar - canlı məxluqat.
Rahmani varlıqlar - müsbət enerji daşıyıcıları.
Ruhani varlıqlar - mənfi enerji daşıyıcıları.
Bu üç pilləyə daxildir insanlar, cinlər və mələklər.
İnsanların danışıq, yazma-oxuma, səs ötürmə qabiliyyətinə malik olduğu kimi digər mistik varlıqlar da yazma-oxuma, danışma və səs ötürmə qabiliyyətinə malikdirlər. Lakin bunlar öz aralarında baş verir və İlahi təqdir olmadığı müddətdə digər varlıqlara ötürmə icazələri yoxdur.
Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər.” (Bəqərə surəsi 255-ci ayə).
Yəni yaradılanlar Allahın elmindən Onun izni olmadan Onun dilədiyi qədərindən başqa nə az, nə də çox bir şey qavraya bilməzlər.
Varlıq aləmindəki yaradılmışlar Allaha xidmət etmək üçün vəzifələndirilib. İstər cinnilər, istər insanlar, istərsə də mələklər. Mələklər (firiştə) nurdan yaranmış, islamda və eləcə də iudaistik, xristian və digər mənbələrdə Allaha xidmət edən bədənsiz və qanadlı varlıqlardır. Xristian ənənəsində doqquz rütbəli mələk var: (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). İslamda isə əsas dörd böyük mələk (Cəbrayıl, İsrafil, Mikayıl, Əzrayıl) və saysız daşıyıcıları var. Onlara Allah tərəfindən həvalə olunan işləri sorğu-sualsız həyata keçirirlər.
Kiramən və katibin mələkləri - insanın sağında və solunda olan, pis və yaxşı əməllərini yazan mələklər.
Münkər və nəkir mələkləri - qəbrdə insanı sorğu -sual edən mələklər.
Müqərrəbin (Kərribiyyun) mələklər - Allaha yaxın olan (4 böyük) mələklər.
Həməleyi-ərş mələkləri - ərşin daşıyıcıları olan mələklər.
Ərşin daşıyıcıları dedikdə, Allahın qüdrət və səltənətinin təcəllisi olan taxtını, Lövhi-məhfuzu, qeybi kitabələri qoruyan xüsusi vəzifələndirilmiş mələklər nəzərdə tutulur.
Əl-Haqqə, 17-ci ayədə;
وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ
Mələklər də göyün ətrafında olacaqlar. O gün Rəbbinin ərşini səkkiz mələk daşıyacaqdır.
Ya-Sin, 12-ci ayədə;
إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ ۚ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ
Biz hər şeyi açıq-aydın kitabda (Lövhi-Məhfuzda) sayıb yazmışıq.
Lövhi-Məhfuz elə bir kitabdır ki, Uca Allah o kitabda məxluqların yaranmadan öncə bütün qədərini yazmışdır. Buna bir neçə misal gətirək.
Uca Allah Quranda buyurmuşdur:
Əl-ənam, 59-cu ayədə;
وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ
"Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın."
Əl-Buruc, 21-22-ci ayədə;
بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ ، فِي لَوْحٍ مَحْفُوظٍ
"Bəli, bu şanlı Qurandır. O, mühafizə edilən lövhədədir. (yəni, Quran mühafizə edilən, qorunan Lövhi məhfuzda da yazılmışdır.)"
Hud, 6-cı ayədə;
وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِي كِتَابٍ مُبِينٍ
"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)."
Deməli, hər şeyin yazıldığı kitab deyəndə ilk növbədə Lövhi-Məhfuz kitabı ağıla gəlir. Bu məna, yəni hər şey haqqında elmin yazılı olduğu kitabın Lövhi Məhfuzda olması Qurani-Kərimdə bir çox ayələrdə təsdiqlənir.
Mələklər öz elmindən (onlara tapşırılmış elmdən) qafildirlər.
Ərşin daşıyıcısı olan mələklər, Ərş'də olan ilahi elmin, qeybi kitabələrin, Löhvi-məhfuzda yazılı olanların ətrafındadırlar, onları görür, qoruyur, lakin, elmindən xəbərsizdirlər.
Bəqərə, 30-cu ayədə;
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً ۖ قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ ۖ قَالَ إِنِّي أَعْلَمُ مَا لَا تَعْلَمُونَ
Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.
Bəqərə, 31-ci ayədə;
وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ فَقَالَ أَنْبِئُونِي بِأَسْمَاءِ هَٰؤُلَاءِ إِنْ كُنْتُمْ صَادِقِينَ
[Allah Adəmi yaratdıqdan sonra] Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları [həmin şeyləri] mələklərə göstərərək: «İddianız doğrudursa, bunların adlarını mənə bildirin!» – dedi.
Bəqərə, 32-ci ayədə;
قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا ۖ إِنَّكَ أَنْتَ الْعَلِيمُ الْحَكِيمُ
Onlar (Mələklər): «Sən pak və müqəddəssən! [Bütün eyb və nöqsanlardan kənarsan!] Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən» - dedilər.
Bəqərə, 33-cü ayədə;
قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ ۖ فَلَمَّا أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ
“Allah dedi: "Ey Adəm, bunların adlarını onlara bildir!" O, bunların adlarını onlara bildirdikdə Allah dedi: "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?""
Buradan görürük ki, Allahın Adəmə öyrətdikləri qeybdən bir neçə söz (əşyalara aid olan isimlər və s.) həmin mələklərin qoruduğu qeybi kitabələrdən təcəlli etmişdir. Həmçinin "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?" dedikdə Allah mələklərin (Allahın icazəsi ilə) üzə çıxardığı elmi və gizli saxladıqları (qoruduqları) elmi özlərinin də bilmədiklərindən xəbər verir.
Yəni, mələklərin daşıdığı elm insanlara ötürülməklə vəzifələndirilib. Buradan yola çıxaraq, deyə bilərəm ki, biz bizə öyrədilən elmdən qafil olmamalı, şüuraltı düşüncəmizə köklənib bizə verilənə sahib çıxmalı və yeni kəşflər etməliyik. Çünki, insan İlahi elmi ortaya çıxarmaqla vəzifələndirilib. İlahi elmi ortaya çıxarmaq Onun varlıq dəlillərindəndir. (varlığına dəlillər gətirməkdir.)
Fussilət, 53-cü ayədə.
سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik.
Yəni, Allah öz dəlillərini bizə bəlli olanadək, Öz qüdrət nişanələri ilə həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də bizim öz daxili - batinimizdə göstərəcək.
Bütün bunlardan yola çıxaraq, deyə bilərəm ki mələklərdəki ilahi kitabədə və ya mələklərin kitabəsindəki hərflər saysızdır və bizə nazil olan (istər kainatdakı səs effektləri -enerji titrəşimləri olsun, istər fəzadakı ölçülməz səslər, istər canlı bəşərə mənsub, istərsə də nitqimizdəki) səslər və onların hərflərə çevrilməsi miqdarca az və müəyyən qədərdir. Biz dilimizdəki sözlər, nitqimizdəki səslər qədər, batinimizdəki mənaya da enməli və İlahi batini dəlilləri kəşf etməliyik.
Müəllif; Vüsalə VƏTƏNXAN







0 Rəy:
Yorum Gönder