4.11.2020

MANYA SƏXAVƏTQIZIndan vətən qoxulu şeirlər


APREL ZƏFƏRİ

Bu canların bahasına,
Qazanıldı həmin zəfər.
Mərd ürəkli cəngavərlər,
Göstərdilər böyük hünər.

Qan boyandı vətənimin,
Dərəsi də, təpəsi də.
Gecənin sükütun pozdu,
Tank səsi, güllə səsi də.

Tək susqun gecənin deyil,
Əsrin sükutu pozuldu.
Hiylə quran erməniyə,
Səngərdə məzar qazıldı.

Həmin o gün şahid oldu,
Susqun dünya bir zəfərə,
Cahan da həsəd apardı,
Göstərilən bu hünərə.

O gün sanki ərşə durdu,
Xocalının haray səsi.
Dillərin əzbəri oldu,
"Qarabağın şikəstəsi".

Bir ölüb min dirildilər,
Vətən üçün can verənlər.
Böyük hünər göstərdilər,
Vətəni namus bilənlər.

Eşidildi o apreldə,
Böyük zəfərin sədası.
Bayrağa bükülən gördü,
Şəhidi ata, anası.

Tək təsəlli vətən oldu,
Həmin yanan ürəklərə.
Şəhidlər müjdə apardı,
Peyğəmbərə, mələklərə.

Açıldı cənnət qapısı,
Gələn şəhid karvanına.
Cənnət özü məlhəm oldu,
Şəhidin yaralarına.

---------------------------------------------


ŞƏHİDLƏR

Cahanın sükütü pozulan vaxtı,
Günəşin göylərdə sozalan vaxtı,
Bir gəncə şəhidlik yazılan vaxtı,
Şəhidlər Allahın "əlini tutur",
Şəhidlər dünyanı o an unudur.

Vətənin gününə ağlayan şəhid,
Düşmənin köksünü dağlayan şəhid,
Cənnətdə ayağın saxlayan şəhid,
Şəhadət zirvəsin bir məskən seçir,
Torpaq şəhidlərin qanını içir.

Vətənin uğrunda qurban gedən can,
Vətən harayına hər vaxt deyən "can",
Səni yaşadacaq bu Azərbaycan,
Necə ki, yaşatdın vətənin adın,
Şəhidim,vətənlə çəkilir adın.

-------------------------------------------


YARALI AZƏRBAYCAN

Nələr çəkdi başın sənin?!
Tarix boyu Azərbaycan.
Neçə oğlun, neçə qızın,
Varlığınçün verdilər can.

Sızım-sızım sızıldadı,
Yaralanan bağrın başı.
Kürəyini hədəf aldı,
Düşmənin atılan daşı.

Parçalandın, hissələrə,
Qol bir yana, baş bir yana.
Erməni çarpaz dağladı,
Elə qaldın yana-yana.

Hər acından qan damladı,
Yaralara duz bastılar.
Çoxları kor, kar, lal oldu,
Dəhşəti görüb susdular.

Nə bir deyil nə də ki, min,
Soyqırım və faciələr.
Azərbaycan başın çəkib,
Bu günədək nələr-nələr...

-----------------------------------------


MƏĞRUR XALQIM QALX AYAĞA

Yığın məni zərrə - zərrə şəhid adlı məzarlardan,
Toplayın hər bahar çağı al rəngli laləzarlardan.
Dərin məni tər çağımda tər dərilən ömürlər tək,
Mənim ömrüm artıq deyil o qəhrəman oğullardan.

Bu vətənin dörd yanına göz yaşımı çiləmişəm,
Vətənçün axan qanlara mən özümü bələmişəm.
O yarımçıq həyatların arzuları boğur məni,
Öz ömrümü o ömürlər üçün vermək istəmişəm.

Yarım qalan ömür yolu nə bir deyil nə də ki, min,
Yoxdur sayı anaların saçlarına düşən dənin.
Bu torpağı vətən edən şəhidlərin ruhu üçün,
Vicdanının səsin boğma, sən haray çək, sən susma din.

Sən susduqca o qanların qisası alınmayacaq,
Qara bəxtli torpağımda yurd - yuva salınmayacaq.
Əzizini vətən üçün şəhid verən neçə insan,
Sən susarsan bil ki, heç vaxt vətənlə ovunmayacaq.

Qalx ayağa! Məğrur xalqım, zəfərə doğru yürüyək,
Düşmənin öz tələsinə özünü salıb sürüyək.
Qəhrəmanlıq dastanını qanla yazan mərdlər kimi,
Azadlıq və qisas üçün düşmən üstünə kükrəyək.


Müəllif : MANYA SƏXAVƏTQIZI

0 Rəy:

Yorum Gönder