Əslən Şuşadan olan Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.
Üzeyirin
uşaqlığı da elə Şuşada keçir. Əvvəlcə mədrəsədə oxuyur. Burada ərəb, fars
dillərinə mükəmməl yiyələnir, şərq yazıçılarının həyat və yaradıcılığı ilə
yaxından tanış olur. Sonra rus-tatar məktəbində oxuyur. 1899-cu ildə Gürcüstana
gedib imtahanları müvəffəqiyyətlə verir və Qori müəllimlər seminariyasına daxil
olur. Orda 3 musiqi alətində – skripka, violonçel və bariton adlanan nəfəs
alətində çalmağı öyrənir. Xalq mahnılarını nota yazmağa başlayır. Təhsilini
başa vurandan sonra isə Üzeyir bəyi Hadrut kəndinə göndərirlər. Amma orda cəmi
1 il müəllim kimi işləyir. 1905-ci ildə erməni-müsəlman davası düşən zaman
əhalisinin yarısını ermənilər təşkil edən bu kəndin yaşlı adamları Üzeyir bəyə
xələl yetirilməsin deyə, gecəylə Onu Yevlaxa yola salırlar. Ordan da qatarla
Bakıya gəlir. 1905-ci il avqustun 20-də Üzeyir Hacıbəyli Bakı vağzalına çatır.
Ancaq gözlədiklərinin əksinə olaraq, burda da qırğınların törədilməsinin canlı
şahidi olur. Və sentyabrın 7-də "Həyat" qəzetində məqalə ilə çıxış edir.Üzeyir
bəy elə o vaxtdan ömrünün sonuna kimi Bakıda yaşayır. Müəllimlik fəaliyyətini
burada da davam etdirir. "Bibiheybət" (hazırda Bayılda 51 nömrəli
məktəbdir) və "Səadət" məktəblərində bir neçə fəndən dərs deyir. Amma
Bakıya köçdüyü ilk illər olduqca çətin şəraitdə yaşayır. Nəqliyyat vasitəsi
olmadığına görə, yaşadığı yerdən işlədiyi məktəbə qədər olan 10 kilometrlik
yolu piyada gedib-gəlmək məcburiyyətində qalır. Üstəlik onda Bakıda evi də
olmur. Müxtəlif vaxtlarda "İslamiyyə" mehmanxanasında (hazırda 6
nömrəli musiqi məktəbidir), Qoşa Qala qapısının yaxınlığındakı Təbriz
mehmanxanasında və kirayələrdə yaşayır. Milli operanın ilk nümunəsi olan
"Leyli və Məcnun" operası da məhz "İslamiyyə"
mehmanxanasında yazılıb.
"Kitabi-məzhəkə"
47 ildən sonra bəstəkara hədiyyə olunur
Yaradıcılıqdan
söz düşmüşkən, Şuşa mühiti, Şuşa ab-havası Üzeyir bəyə xüsusilə böyük təsiri
göstərib. "Qafqazın konservatoriyası" adlandırılan Şuşa onun ilk
musiqi məktəbi olub. Özünün də qeyd etdiyi kimi, ilk musiqi təhsilini burada
xanəndə və sazəndələrdən alıb. Şuşada göstərilən bir səhnəcik də gələcəyin
bəstəkarını olduqca təsirləndirib. O zaman Üzeyirin 13 yaşı ancaq olardı.
Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, dirijorluğu ilə və Cabbar
Qaryağdıoğlunun ifasında Şuşada "Məcnun Leylinin məzarı önündə" adlı
bir səhnəcik göstərilmişdi. Üzeyir də qardaşlarıyla birgə orda xorda oxumuşdu.
Bu səhnə balaca Üzeyirin xəyallarına, qəlbinə, beyninə hakim kəsilir. Və illər
sonra həmin səhnəcikdən təsirlənərək böyük Füzulinin poeması əsasında nəinki
Azərbaycanda, bütün Şərqdə operanın özülünü qoyan "Leyli və Məcnun"u
yaradır. Maraqlıdır ki, 1908-ci il yanvarın 12-də (25) baş tutan ilk
nümayişində də operanın dirijoru elə Əbdürrəhim bəy Haqverdiyev olur. Skripka
partiyasını isə Üzeyir bəy özü ifa edir.
Şuşada, Tiflisdəki
Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc
Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir.
Bir müddət “İslamiyyə”, “Təbriz” mehmanxanalarında və kirayədə yaşayır. “Leyli
və Məcnun” operettasını mehmanxanada qalarkən yazır. 1908-ci il yanvarın 25-də
Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə
Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur.
Gənc bəstəkar bir-birinin
ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və
Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır.
Şərqdə ilk operettanın
yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal
alan” musiqili komediyaları onu çox məşhurlaşdırır.
Üzeyir yaradıcılığının
zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları
əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.
O, 300-dən çox xalq
mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar,
kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə
müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın
sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda
deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə
Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli
incilərindən hesab olunur.
Üzeyir Hacıbəyli Bakı
Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna,
Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib.
İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb.
Tələbələrinə ata
qayğısı ilə yanaşan Üzeyir bəyin tədris prosesinə maraqlı yanaşması vardı.
Müəllim tələbələrin mühazirəyə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy
təbəssümlə soruşarmış: Əminsinizmi ki, Sizin mühazirələriniz zamanı
auditoriyanın boş qalmasında təkcə tələbələr günahkardır? Oxun hara atıldığını
başa düşən müəllim mühazirələrə daha ciddi hazırlaşardı.
Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, “Azərbaycan xalq
musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli
töhfədir. O deyirdi: “Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir
qrup adam deyil, bütün xalq başa düşsün”.
Bəstəkar və publisist. Bu
iki söz çox nadir hallarda yanaşı işlədilir. Üzeyir bəy də belə nadir
şəxsiyyətlərdən biridir ki, həm bəstəkar olub, həm də publisist. “Ü”,
“Filankəs”, “Behmankəs” və digər gizli imzalarla felyetonlar yazıb. Onun
“Ordan-burdan” başlığı altında dərc olunan felyetonları öz dövrü üçün çox
dəyərli idi.
Dahi bəstəkar dövrünün ən
yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq Artisti adına
layiq görülüb.
1948-ci ildə vəfat edən
Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün
ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda
dəfn olunur.
Onun haqqında “Üzeyir
ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” filmləri çəkilib. Dahi
bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd
edilir. Artıq 5 ildir ki, ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi
festivalı keçirilir.
Bakı Musiqi Akademiyası,
Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət simfonik
orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda
memorial ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında
heykəli qoyulub.






0 Rəy:
Yorum Gönder