FƏDAİLƏR
Şəhid dərdi düşdüyü ürəyi yandırıb kül edir. Bəlkə həfifləyər deyirsən ancaq gün keçdikcə bu dərd ürəyi daha da çox sızladır. Şəhidlərin ardınca boylanan körpələrindən bir dərd düşür ürəyə, əlindən xınası getməyən yarlarından bir dərd. Ah, hələ bir şəhid atasının kirpiklərindən asılan göz yaşı bir başqa sızıldadır ürəyi. Oğlunun qoxusu hopan paltarlarını bir gündə min dəfə qoxlayan, onun vətən torpağı içində olan çəkmələrini köksünə sıxıb "bir gün balam gələcək deyə gözüm hər an yollara dikilib" deyən ananın çarəsiz baxışları önündə aciz qalıb yerin min qatına girir insan.
Qardaş tumarına həsrət qalan bacı tellərində iz salan bəyazlar gözlərini deşir insanın. Kürəyini məzar daşına söykəyib gözlərini göylərə dikib qardaşının göylərə ucalan ruhu ilə danışan qardaşın çarəsizcə "gəl" deməyi ruhunda bir fırtına qoparır. Daha nələri izah edim? İzahı olan dərddimi? Hər şəhidə məzar olan ürəyim, hər şəhid üçün sızıldayır. O ürəyimin həsrətinə göz yaşlarım yoldaşlıq edir. Ürəyimdən qopan hər tel bir şəhidin ömür yoluna cığır salır. Hər şəhidin ömür yoluna açılan bir pəncərədir sətirlərim. O ömür yolunu oxuculara bəzən şeirlərlə, bəzən məqalələrlə çatdırıram.
Hər sətri göz yaşlarım ilə yazılan şəhidlərimizə həsr etdiyim daha bir kitabım "FƏDAİLƏR" bu günlərdə işıq üzü görüb. Kitab 100-ə yaxın şəhidimizə həsr etdiyim ithaf şeirlərdən, ümumilikdə 150 şeirdən və məqalələrdən ibarətdir. Kitabda 90-cı illərdə şəhid olan bəzi şəhidlərimizə həsr etdiyim şeirlər də yer alıb, bu günə qədər olan bəzi şəhidlərimizə həsr etdiyim şeirlər də. Əlbəttə ki, bütün şeirlərimi bir kitaba sığdırmaq mümkün deyil. Davamı olacaq.
Kitabımın Ön sözünü yazdığı üçün əməkdar artist, ADMİU-nin dosenti, bədii qiraət ustası Ağalar Bayramova, redaktor Gulnare Sadiqə, dizayner Gülnarə Əliyevaya, "Orxan" nəşriyyat və poliqrafiya müəssisənin direktoru Cəfər Əzizoğluna təşəkkür edirəm.
Hörmətlə: Manya Səxavətqızı







0 Rəy:
Yorum Gönder