1.30.2021

ON BEŞ GÜNLÜK ZƏFƏR YOLU

 

Nə qədər ağırdır şəhid övladının "atam işdədir, gələndə mənə şokolad alacaq" deyərkən gözlərindəki ümid dolu həsrəti görmək. Aldığın hədiyyələr, gətirdiyin sovqatlar bir anlıq qatar başını, sonra başını qaldırıb gözlərindəki o məlum ifadə ilə nəzərlərini üzünə dikər, "atam daha yaxşısını alacaq" deyib çəkilər bir qırağa, dizlərini qucaqlayıb səssizcə oturar bir küncdə... Bu an ürəyinin dərinliyindən bir ağrı qopar, donmuş vücudunu alov bürüyər,  o baxışların altında dona-dona əriyərsən...

Təsəlli edə bilməyəcəyim daha bir ana, ovundura bilməyəcəyim daha iki övlad, qarşısında duruş gətirə bilməyəcəyim daha bir ailə... Vətən mübaribəsinin qəhrəman şəhidi İbarət Əkbərovun ailəsi...

‌1993-cü il mart ayının 21-də Yardımlı rayonun Mirimli kəndində dünyaya gəlmişdi İbarət. Uşaqlığını dağlar qoynunda keçirən, səfalı dağ havası, təmiz bulaq suyu ilə bəslənən İbarət öz gücünü, əzəmətini bu yerlərdən almışdı. Uşaqlıqdan hündürboylu, sağlambədənli bir oğlan idi. Orta məktəbi 9-cu sinfə kimi Məlikli kənd  məktəbində oxumuş, 2008-ci ildə ailəsi ilə birlikdə Cəlilabad rayonunun Privolnoye kəndinə köçdüyündən təhsilini E. Hüseynov adına 1 saylı kənd məktəbində davam etdirmişdir. İbarət orta təhsillə yanaşı Göytəpə Tibb kursunu da bitirmiş, tibb qardaşı ixtisasına yiyələnmişdi. 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılan İbarət Əkbərov Gəncədə xidmət etmiş, 2013-cü ilin yanvar ayında ordudan tərxis olunmuşdu. 2019-cu ildə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmətə başlamışdı. Milli ordu sıralarında tankçı kimi xidmət göstərən İbarət nümunəvi xidmətinə görə tərifnamələrlə təltif olunmuşdu. 

Vətən müharibəsinin ilk günlərindən döyüşə atılanlardan biri də İbarət idi. Ən çətin və ən gərgin döyüşlərin getdiyi Füzuli ərazisindən başlamışdı onun döyüş yolu. Düşmənin 30 il ərzində qurduğu istehkamların, çətin keçilən maneələrin yarılmasında onun da az xidmətləri olmamışdı. Beton sədlərin dağıdılması üçün cəlb edilən texnika düşmən tərəfindən vurulduğu üçün əsgərlər bunu əllə etməyə məcbur idilər və İbarət bu işi böyük səylə görürdü. O çalışırdı ki, irəli getmək üçün yoldaşlarına kömək etsin, verilən tapşırığı uğurla yerinə yetirsinlər. Və bu əməliyyat uğurla nəticələndi.  Sürücü-mexanik olan İbarətin bacarığı sayəsində piyada döyüş maşınında olan şəxsi heyət döyüşlərdən sağ çıxmağa müvəffəq olurdu. Təcrübəli sürücü olan İbarət müxtəlif manevrlər edərək maşını düşmən hədəfindən yayındırırdı. O, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmiş, bir çox yüksəkliklərin alınmasında böyük şücaət göstərmişdi.

 Oktyabrın 2-də gərgin keçən döyüşlərin birində onun idarə etdiyi texnika vurulur, komandirlə birlikdə özü də yaralanır. Onu hospitala yerləşdirsələr də orada çox qalmağa səbri çatmır, yenidən cəbhəyə qayıdır. Yaralanmağı barədə isə evdə heç kimə demir ki, ailəsi narahat olmasın. 

Cəbhəyə qayıtdığında isə moto-atıcı kimi döyüşlərə davam edir. Ölümdən qorxmayan, ölümün gözünə dik baxan qorxmaz döyüşçü hər an irəli atılır, düşmənə amansız zərbələr endirməklə ona olan qəzəbini nümayiş etidrirdi. 

İbarət və döyüş yoldaşları irəlidə olduqları üçün təminat onlara gec gəlirdi. Düşmənin yağış kimi yağdırdığı mərmilər altında texnikaların hərəkəti təhlükəli idi. Yalnız gecələr gizli yollarla gətirmək mümkün olurdu. 


Bir gün yenə əsgərlərə gələcək təminat gecikirdi. Qərara alındı ki, sübh çağı, hava işıqlanmamış beş-altı nəfər heyətlə gedib təminat gətirilsin. Onların arasında İbarət də var idi. Gətirdikləri ərzağı aralarında bölüşdükdən sonra hər kəs öz işiylə məşğul olmağa başlayır. İbarətlə söhbət edən komandir Fərid İmaşlı ona gecə gördüyü yuxunu danışır. Yuxuda toy gördüyünü deyən komandirə İbarət bunun yaxşı əlamət olmadığını söyləyir. Ürəyinə nəsə damıbmış kimi bir qırağa çəkilib ailəsi, yaxınları, qohumları ilə danışmağa başlayır. Azyaşlı övladları Polad və Rəvanın səsini doyunca eşitmək üçün uzun müddət telefonu qulağından ayırmır...

Şəhidlik elə bir zirvədir ki, ora yalnız seçilmişlər yüksəlir və bu seçim o zirvənin sakininə əvvəldən bəlli olur. İbarət Əkbərov da bilirdi ki, şəhadət sarayında onun üçün də yer ayrılıb, o da həmin sarayın daimi sakini olacaq. Buna görə də getməzdən öncə hər kəslə danışıb ürəyində onlarla vidalaşmışdı...

Elə həmin günün axşamı - oktyabr ayının 11-də düşmən bizim müdafiə nöqtələrimizi atəşə tutur. Düşmənə cavab atəşi açılsa da bu hücum itkisiz ötüşmür. İbarət Faiq oğlu Əkbərov yaxınlığına mərmi düşməsi nəticəsində şəhid olur...

44 günlük şərəfli yolun 15 gününü getmək qismət oldu İbarət Əkbərova. Amma özündən sonra gələcək nəslə azad vətən torpaqları, qalibiyyət sevinci saxlayıb getdi. Bir də ondan şokolad gözləyən ümid dolu həsrətli körpə baxışlarını yadigar qoydu bizə...

Şəhadətindən sonra Əkbərov İbarət Faiq oğlu "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. 

Ruhun şad olsun, vətən oğlu!


Müəllif: Sevil Gül Nur


0 Rəy:

Yorum Gönder