İlk dəfə pul qazandığım gün düşür yadıma ...Hər dəfə məvacib alanda ...
2009-cu ilin qışı ,Qazaxstan... Almaata şəhəri ,"Kalenin" adlı qəsəbəsi ...Ömrümdə ilk dəfə əsl şaxtanın ,soyuğun sərt üzünü orada duydum ...Qaldığımız evdən təxminən 60 -70 metr aralıda idi su kranı ...Gün ərzində bəlkə ,yalan olmasın 30 dəfə təmiz su gətirmək üçün dizə qədər olan qarın içindən açılmış cığır ilə su üçün gedir və işlənmiş ,çirkli suyu elə o qədər məsafə qət edərək ,qazılmış quyuya tökmək üçün qayıdırdım ...Üzümü bağlayırdım şarfım ilə .Ancaq gözlərim görünürdü .Nəfəsimin buxarından kirpiklərim yaş olurdu.
Sonra sazaqdan donurdu kirpik uclarımdakı damcılar )
İlk dəfə kirpikdə qırovu orada görmüşdüm ...Əlcək geyinsəm də ,əllərim donurdu .Hər gecə duru yağı isidib kompress edirdim ...
Bunlar indi mənə qəribə gəlir ...Onda necə güclü idim ...
Evin böyüyünün haqqına girə bilmərəm ...Çörəyini yemişəm ...Əlbəttə , o da alıb -aldatsaydı ,haram yeyən olsaydı ,hər şey başqa cür olardı ...Lakin yadların deyil ,doğmaların vurduğu maddi və mənəvi zərbələrin acısını ,nədənsə həmişə günahsızlar çəkər...
Uşaqlar körpə idi ...
O hadisə heç çıxmır yadımdan ...Həmin gün ,günəş doğsa da ,qar dizə qədər olduğu kimi dururdu ...
Yaşadığımız həyət ucsuz-bucaqsız ,başında ev yiyəsinin böyük evi ,aşağı tərəflərdə isə kirayənişinlərə verdiyi kiçik otaqlardan ibarət idi...Qonşularımız rus,erməni,özbək,uyqur,qazaxlar...
Hava gözəl olduğu üçün uşaqları qalın geyindirib həyətə düşdüm .Balaca ,oyuncaq vedrələrə qar doldurub ,qardan ev qurdum .İçinə uşaq stullarını qoyub uşaqları oturtdum ,balaca taburetin üzərində ,onlara bişirdiyim kişmişli peçenyalarla çay süfrəsi hazırladım .Başlarını qatırdım da ...Axı televizorumuz da yox idi .Bir az keçdi ,uyqur olan qonşumuz da xizəyini ,uşaqlarını götürüb gəldi .Çayımızdan içdilər ,"raxmat Fatima apa"deyib ,başladılar xizək sürməyə ...
"Raxmat"....Axı bu söz mənə doğma idi ...Axı bu sözə görə biz nələrdən keçmərik adəm övladı üçün ?! ...Bu söz bizi doğmalaşdırır ,humanistləşdirir ,saflaşdırır ,aliləşdirir ...Axı " rəhmət "sözü birbaşa Allahın minnətinə bağlayır bizi ...Daha doğrusu minnəti deyil ,hörmətinə ,izzətinə təslim edir qəlbimizi ...
Tanımadığın dillər içində bir "Raxmat "sözü qışda necə isidər könlünü ...Amma dildə deyil ,sidq qəlbdən olarsa ...
İlk dəfə orada anlamışdım ki ,insanları din ,irq ,etnoqrafik mənsubiyyətlər deyil ,genetik kodu və aldığı tərbiyəsi formalaşdırır ...Çünki müsəlman bildiyim uyqurun mənə yaşatdığı neqativlə ,xristian dediklərimizin yaşatdığı pozitivin şahidi olmuşdum ...
Bizim xizəyimiz yox idi .Əslində ,xizək elə də bahalı bir matah deyilmiş .Sadəcə ,bizim dərdimiz xizək deyildi axı .Düşdüyümüz ziyan ,bu ziyandan çıxmaq cəhdləri,"kimə güvənək,görəsən kimə inanaq ?! "Bu da aldatmaz görəsən ?! "kimi tərəddüdlər ...Bir də "soyuqdur ,uşaqlar ac qalmasınlar ,xəstələnməsinlər"deyib ,qazancı ancaq ərzaqa xərcləmək .Xizək nə idi ?!Elə saqqal darağımız çatışmırdı ...
Amma uşaqlar bunu bilməz ...Uyqur qonşum arıq,qarayanız bir gəlin idi .Tez-tez uşaqlarını ,yoldaşını götürüb keçirdi bizə .O qədər üzlü insanlar görməmişdim.Azərbaycan mətbəxini sevirdilər .Yarpaq dolması ,aş ,buğlama .. .Yediklərini yeyir ,evə gedəndə də ,deyirdilər :"bir az da pay ver" .)
Halal xoşları ...
Gəlin başladı, uşaqlarını xizəkdə sürməyə .Mənim Useydimin də onda 3 yaşı vardı .Onlar xizək sürdükcə ,Useyd də iki addım gedir ,üçüncüdə yıxıla-
dura onların dalınca sürünür,iməkləyirdi...Onlar isə qətiyyən Useydə əhəmiyyət vermirdilər...Ürəyim elə şuddətlə döyünürdü ki ,qulaqlarımda hiss edirdim bu döyüntünü ...Özümü ələ ala bilməyib qaçdım evə ...Pəncərənin pərdəsinin arxasından hönkürərək, ağlaya-ağlaya bu mənzərəyə bilmirəm nə qədər baxdım ...
İnsan olan bəndə ,qadın olan məxluq rəhm edib ,bir dəfə uşağı xizəyə oturtmadı .Həmin gün mənə elə gəldi ki ,yerdəki qarla ,göydəki ağ buludlar birləşib ,addımımı atsam ,Allahın evinə çataram və soruşaram ki:"Axı niyə belə edirsən ?!"....
Amma elə bil kimsə qulağıma pıçıldadı :"Zibil qutularının yanında köhnə ,sınıq uşaq arabası var ,get !Get götür !Tez çıxdım evdən ...İti addımlarla zibil qutularına çatdım .Doğrudan da ,kartonların arasından tapdım o arabanı .Gətirdim evə .Evdə olan 2-3 xalatımın ipini uc-uca bağlayıb ,doladım arabaya ki dəmir lövhəcik kimi olsun .Bir ipi də bağladım arabanın əl tutacaq yerinə...Uşaq adiyallarını qatlayıb oturacaq düzəltdim .
Bir azdan biz qarın üzərində şütüyürdük .)
Çünki uyqurun xizəyi çox ağır idi...Çətinliklə hərəkət etdirmək olurdu .Bizim araba isə yüngül idi ,uçurdu .)
Uşaqlar: -"Mamaaa ,Batı, yavaş! "deyib qışqırır ,uğunurdular gülməkdən ...
Uşaqları sürdükcə ,özüm elə sevinib ,ucadan gülürdüm ki ...Bizim səs-küyümüzdən ,gəlin uşaqlarını da ,xizəyini də götürüb yox oldu...)
Hə ...Belə -belə günlər vardı ...
Onu deyəcəkdim ki ,ilk qazandığım pul da elə orada olmuşdu .
Bir gün qazax qonşum bizdə idi .Asem ....
Şuba salatının üstünün bəzəyini ,dadını bəyənmişdi .Soruşdu ki :"Bunun eynisindən mənə yeni il üçün hazırlayarsanmı ?"...Ərzaqlarını gətirdi ,hazırladım .
Sonra ,qonum -qonşudan bu tip istəklər də gəldi .Qərar verdim ki ,dükana tort ,salat verim satış üçün .
İlk dəfə 2 "Napaleon" tortu ,2 ədəd 2 kiloluq "şuba"salatı verdim dükana ...
O qədər qar var idi ki ,küçə boyu ...Addım-addım yeriyirdim ki ,yıxılmayım .Əziyyətim heyif olmasın ...4 dəfə o yolu gedib -qayıtdım ...Əslində utanırdım ...Nə qədər olmasa ,öz vətənimdə gördüyüm güzəran ,böyüdüyüm mühit ...Amma ,hərəkətsiz qala bilməzdim ...2 gün sonra ,günorta vaxtı özüm getdim dükana ...Görüm satılıbmı "mallar"?)
Dükana girən kimi satıcı "Ooo ,Fatima apa ,oy kak vkusno bılo vse eto "filan deyib ,kassadan 4500 tenqe pul verdi .Elə sevinmişdim ki ...Bu mənim ilk qazancım idi ...Pulu verdi ,əlavə yenə tort ,lavaş ,salat sifarişləri olduğunu deyəndə ,mən artıq xəyallarımda biznesledi olmuşdum ))...
İlk qazancımdan uşaqlara oyuncaq ,şokolad alıb sevinə-sevinə evə qayıdırdım ...
Ayağımın altındakı qarı ,buzu hiss etmirdim ...Heç üşümürdüm də ...O yolu necə tez çatdım həyətə ...Evin sahibinə olan 2000 tenqe borcu da verdim .Qəhrəman kimi hiss edirdim özümü ...)
Amma ,həmin su kranının yanına çatanda ,bir anlıq başım döndü və üzüüstə suyun axdığı yerlərdə daşlaşmış buzun üzərinə yıxıldım .Ovcumdakı pullar,qəpiklər,oyuncaqlar da səpələndi yerə .Əlimi hələ də anlaya bilmədim ,qarın içinə düşmüş şüşəmi ,yoxsa buz kəsdi ...
İlk dəfə ,buzun nəm sərinliyini iliyimdə hiss etmişdim...Lap dərinlikdə ,isti torpağı hiss etmişdim ...İlk dəfə yer səviyyəsindən, qar üzərinə damlayaraq donan qan görmüşdüm ...Elə gözəl idi ki ,bu hiss...Bir ömür dincələrdi insan ..Bircə , o an məni yuxulamağa qoymayan, qapıdakı zəncirli alabay itinin nəriltisi oldu...Zənciri az qala qıracaq kimi hürür,özünü çəpərə çırpırdı ...
O itə hər gün yemək aparırdım.Bəlkə də,ona görə məni oyatmağa çalışırdı.Axı itlər sədaqətli olur...
Hə ,arada xatirələr qonağım olur...
Belə-belə günlər vardı ...
Müəllif: Fatimə ƏLİHÜSEYN






0 Rəy:
Yorum Gönder