3.07.2021

BƏLKƏLƏRƏ SIĞINMA! - Sevil Gül Nur

 

















"BƏLKƏ"LƏRƏ SIĞINMA

Sınağa çəkmə məni bu cılız yoxluğunla,
Mən dərdin ən yekəsin həzm eləyən adamam.
Tıxanmaz boğazıma həsrətin qırıntısı,
Ayrılığın tikəsin həzm eləyən adamam.

Atıb küləklər məni ya payıza, ya qışa,
Qanadlı xəyallarım elə düşüb yağışa,
Dartıb, enişə çəkib, can atmışam yoxuşa,
Həyatın hər hikkəsin həzm eləyən adamam.

Darıxırsan, bilirəm... (Dodağını sıx amma),
Sol od tutub alışır, külə dönür sağ amma...
Doyurmaz ki adamı, "bəlkə"lərə sığınma,
İllərin çiy "bəlkə"sin həzm eləyən adamam...

***

FƏSİLLƏRİN ÜSYANI

Ürəyində üsyan edər fəsillər,
Payız qışa, yaz payıza qarışar.
Dırnağacan vücudunu don tutar,
İçin yanar, dilim-dilim alışar.

Sarar səni cəhənnəmin istisi,
Atəşini göz yaşın da soyutmaz.
İtirərsən fəsillərin rəngini -
Qurşağını buludundan göy atmaz.

Baxışların dalar uzaq yollara,
Ürəyində quduz həsrət ulayar.
Qəh-qəh çəkib gülər sənə ayrılıq,
Hisslərini barmağına dolayar.

Bircə damla boğar səni özündə,
Bircə dəfə gözün qırpsa göy əgər.
Sızıldayar sığal yeri saçında,
Boynundakı o əl izi göynəyər.

Yanarsan e, iliyəcən yanarsan,
Sümüklərin inildəyər durmadan.
"Soyuqdandır" deyib qatma başını,
Həsrətimdir səni yaxan, ay adam.

****
Və birdən boğularsan, xırıldayar nəfəsin,
Dilin söz deyə bilməz, qaşın-gözün əyilər.
Gələr, üzünə durar keçmişin xatirəsi,
Gözündən atdıqların bir-bir gözünə girər.

***

ZƏİF DƏRD

Deyəsən, həsrətlərin 
Tükənib gücü daha.
Bu fərsiz ayrılıqlar
Satammır yükün baha.

Alıcısı tapılmır
Köhnə sitəmlərin də.
Gözünə işıq gəlir
Gözdən itənlərin də.

Eşqi yoxsul olanlar
Ağrını ucuz alır.
Hicrana tab etdikcə
Sevgidə güc azalır.

Hanı o darıxmaqlar
Keçə yeddi qatından?
Göy başın üstdən qaça,
Yer ayağın altından.

Gücü çatmır adama
Kədərin də, qəmin də.
Dərd içini yeməkdə,
Sənsə öz aləmində. 

Bunca zaman xərclədin,
Bunca vaxt heyif oldu.
Mənsiz ölmədin, adam,
Bu dərd nə zəif oldu?!

***

Yoxdur daha

Nəfəsimi kəsir sükut ayrılığın qəfəsində,
Səbrin mənlə usanmadan alver etmək həvəsində -
Sevincimi alır məndən, kədər satır əvəzində
Baha-baha.

Abadlığa çıxmaq çətin nəhayətsiz viranlıqdan,
Əsir ruhum çarpışmada - azad ola toranlıqdan.
Əzildikcə bu zülmətdə qurtuluş yox qaranlıqdan
Xoş sabaha.

Səndən çox istəmir ki... Arzulayır sevgi könlüm,
Buz bağlayıb donmaqdadır, istər görə ilgi könlüm.
Sinəm üstə vurulduqca qəm ilməyi bil ki, könlüm
Dözmür aha.

Qədərindən artıq oldu, həddin aşdı bu intizar,
Sənlə doğan arzularım səndə ölür bax indi, yar.
Sən də asıl inadından, sıx dişini, et intihar,
Bat günaha.

Daha günəş pəncərəmdə gülümsəməz ilıq-ilıq,
Daha ürək qəbul etməz bir xoş kəlmə, bir xoş qılıq.
Səni sevən o qadını məhv eylədi bu ayrılıq,
Yoxdur daha...

***

Yoxluğuna alışdır 

Birdəfəlik gedirsənsə, qəfil getmə,
Yavaş-yavaş yoxluğuna alışdır, get.
Sənsizliyi damla-damla qat ömrümə,
Sənsizliyi həyatıma qarışdır, get.

Keçmirdimi ömrün-günün xoş mənimlə?
Olmurdumu bir sevincin beş mənimlə?
Get, nə beyni bu ürəyə düşmən eylə,
Nə də ağlı hisslər ilə yarışdır. Get!

Sevgilərin dörd mövsümü - bir fəsildir...
Ayrılığın bircə anı - bir əsrdir...
Küsülüyük həsrət iıə milyon ildir,
Ayaq saxla, öncə bizi barışdır, get...

Günəş batır, şəfəq sönür, daralır vaxt,
"Hicran" adlı o mənzilə çatırıq, bax.
Gəl ovcuma bir körpəcə ümid burax,
Tək qalmayım, məni onla tanışdır, get...

Eh.. Qürurun aldı səni qanadına,
Sən də elə sarıldın ki, inadına...
İmza atdın ayrılığın sənədinə,
Nə deyim ki? Ta etmisən, bir işdir... Get...



Müəllif: Sevil Gül Nur

0 Rəy:

Yorum Gönder