3.07.2021

Aynurə İNCİ - Şeirləri

 












GƏZİR

 

Yalan ayaq tutub yeriməkdədir,
Gerçək, uzun yolun qısasın gəzir.                                      
Həqiqət səbr ilə,sahilə çatır,
Səbir də daşmağa kasasın gəzir.
 
Mərdlər namərdlərin sırasındadır,
Halal haramların arasındadır,
Bəs düzlük dunyanin harasindadır?
Vicdan oturmağa masasın gəzir.
 
Haqsızliq həyatın sükanı olub,
Dünyamız yaltaqlar məkanı olub,
Yalan şər-böhtanın təkanı olub,
Ədalət hələ də, "əsa"sın gəzir.
 
***
 Qələmlə vərəqə yoldaş olarkən,
Duyğular köç etdi misralar üstə.
Xəyalım keçmişə qanad açanda
Kövrəldi ürəkdə söz dəstə-dəstə.
 
Ömrümün bağında nə yellər əsdi
Qaya parçasıtək sərtələşən oldum.
Uğursuz günlərim yadıma düşdü
Qələmlə , vərəqlə  dərdləşən oldum.
 
İstədim vəsf edim düşən axşamdan
Qəriblik gecətək  çökdü qəlbimə.
Sayrışan ulduza dikilən gözüm,
"Həyat xəritəsin"  çəkdi qəlbimə.
 
Yazarkan ömürdən ötən illəri
Közərən dardlərə əsən yel oldu.
Yağıştək çilənən xoş xatirələr,
Könüldən gözümə daşan sel oldu.
 
 
***
Kədər ürəyimin başından keçib,
Acısın yaşayıb,gördüm dərd-səri.
Ağladım Vətənin şəhid dərdinə,
Bu haqsız, zülümü görəndən  bəri.
 
Hərdən gülümsəyib,sevinsəm də mən,
Kədəri könlümdən silə bilmədim.
Çağlayan təbimin gözləri nəmdir,
Dil susdu ürəkdən gülə bilmədim.
 
Vətənlə döyünən yorğun ürəyim,
Dilsiz şeirlərin sözünə döndü.
Sonunda çöhrəmdə parlayan sevinc,
Zəfər müjdəsinin izinə döndü.
 
 
*** QADIN
 
Nə baharı oldu nə yayı oldu,
Uğursuz illərə qarışdı qadın.
Dərd-sərin ölçüsü, nə sayı oldu,
Qəlb açıb gecəyə danışdı qadın.
 
Dodaqda təbəssüm,gözlərdə nəmi,
Vardır həyatında sevincdən kəmi,
Saxta gülüşlərdə gizlətdi qəmi,
Ruhuyla gizlicə alışdı qadın.
 
Həyatda hər cürə dözdü sınağa,
Bənzədi taleyi sönən çırağa,
Büdrədi,yıxıldı qalxdı ayağa,
Sanki dərdlər ilə yarışdı qadın.
 
Saçına ələndi bəxtinin qarı,
Solsa da ömrünün bağcası-barı,
Şükür edib üz tutdu allaha sarı,
Bu cür taleyilə barışdı qadın.
 
***
 
 Qəm əsəri
 
İstədim ki gəncliyimi
Seygah üstə, qəmli notla,
Əsər edib bəstələyim.
Kećmişimə səpələnmiş
Xatirələr dəstələyim.
Həzin -həzin dinləyərək,
Dönüm ötən illərimə,
Yel qanadlı  ućub gedən,
Ötüb-keçən günlərimə.
Üz tutsam da  köklü tara,
Götürmədi qəm yükümü.
Yumruq boyda bir ürəyə
Dünyaları sığışdırdım.
Kədərimə sahiblənib,
Sevincimi sıxışdırdım.
Sığışmadı yeddi nota
Həyatımın "qəm əsəri".
Ürəyimdə bəstələdim,
Bu sevincdən kəm əsəri...
Qəlb notumda  bəstələnən
Gəncliyimin bu bəstəsi.
Öz dünyamda səslənəcək
"Küskün könlün " şikəstəsi...
 
Müəllif:  Aynurə İNCİ


0 Rəy:

Yorum Gönder