TORPAĞA SATMIR
Bir şirin yuxu idi,
Çaşıb bəxtimə yozdum.
Yenik düşdüm həyata,
Onu yada uduzdum.
Həyat sevmir naşını ,
Güclülər baş roldadır.
Nə ağrı var yüklənib
Vücudumda, soldadır.
Acizlikmi,qürurmu?!
Bilmədim ki, heç, nəydi...
Hamı sağ bu oyunda,
Hər zərbə mənə dəydi.
Bu nə sevda, bu nə eşq,
Hələ ki mənə çatmır.
Həyat məni öldürür,
Amma torpağa satmır.
***
Gur yağışlar yağır yenə şəhərə,
Yuyulası bədən-bədən günah var.
Lilli su tək hopulacaq torpağa,
Ruha ağır gələcək çox günahlar.
Adamına görə rəngin dəyişər,
Kimdə bozdu,kimdə qara rəngdədir.
Ağırlığı ürəyə yer çəkidə,
Həcmi isə göy ilə ahəngdədir.
Ruha görə biçilən hər günahın,
Cəzasını çəkən bədən olurmuş.
Öz nəfsinin sınağından keçənin,
Yolu işıq ,qəlbi nurla dolurmuş.
Allahına inanan hər kim ki var,
Xeyir işdə ön sırada durmalı.
O dünyada qovuşmaqçün cənnətə,
İnsan burda öz cənnətin qurmalı.
***
Bu limana lövbər salmaz gəmilər,
Susar qağayılar sahil boyunca.
Günəş də dənizə qıyğacı baxar,
Çəkilər qınına yerdən doyunca.
Rüzgar qayalara çırpar dalğanı,
Dənizə atılmış dərdlər dağılar.
Buxarlanıb göyə çıxan hər dərdə,
Yağış söylər həzin-həzin ağılar.
Yer üzü islanar insan ahıyla,
Allahı unudan yadına salar.
Yenə o sahildə bərk qaya üstə,
Bəxtindən gileyli bir cavan ağlar.
***
Ləpələnər xatirələr,
Köpük-köpük buludların sahilində.
Ruhum dincliyin tapar,
Ney tək sızlayan səsində.
Bildiyin var...
Bilmədiyin daha çoxdur...
Çarəsizlik bir dərd kimi,
Qəlbimdəki son ümidə yoluxdu.
Özüm səndən uzaqlaşdım,
Özüm susdum harayına.
Özüm səbəb olmuşam bu sevgiyə,
Özüm kömək olacağam
Məni unutmağına...
***
VÜQARLI GENERAL
Şanlı imza atdın tariximizə,
Vüqarlı general şəhidimiz tək.
Şərəflə yaşadın ömür payını,
Qəhrəmanım, şəhid adın mübarək.
Qələbə vəd edir, ümid vəd edir,
Şəkildən boylanan məğrur baxışın.
Sənə eşqi böyük, bu torpaqdakı
Azad olunacaq hər bir qarışın.
Adının haqqını verib yaşadın,
Nəsillər sürdürər sənin irsini.
Vətən sevgisiylə döyündü qəlbin,
Səngərdə tapşırdın son nəfəsini.
O gün andımıza çevrildi adın,
Ən zərrə ümidə qoşa qanadsan.
Tarixdə çox vərəq çevriləcəkdir,
Sən hər səhifədə bizim Poladsan.
Müəllif: Aysel NƏSİRZADƏ






0 Rəy:
Yorum Gönder