3.07.2021

Yeganə ƏHMƏDOVA - şeirləri















" SƏNSİZ " 
(Amaliya xanımın xatirəsinə) 

Kaş biləsən... 
O ev, o həyət 
Sənsiz necə pərişan, 
necə dərbədər... 
Elə bil divarlara hopub 
vida etdiyin axşam 
baxışlarındakı kədər. 
Hər yan sənin xatirən, 
gülüşün 
səpələnib hər tərəfə. 
Adını daşıyan bir körpə 
Səni axtarır hər dəfə 
o divarlar arxasında. 
Bəlkə 
dolanırsan hər gecə 
şirin yuxusunda. 
Sənin ətrin yaşayır 
o körpənin ismində... 
Yaşamağa 
o qədər həvəsliykən, 
getməyə niyə tələsdin. 
Tanrıdanmı incidin, 
taledənmi küsdün? 
İndi göylərdənmi baxacaqsan 
bu dünyaya 
mələk qismində..?

***

"SUSDURUN O NƏĞMƏNİ" 

Tərpəndikcə o tellər, 
Həsrətimə toxunur. 
Elə bil kəlmə- kəlmə 
İçərimdə oxunur. 
Susdurun o nəğməni. 
Səslənir həzin- həzin, 
Dərdimə köklənirəm. 
Çölümdən üzülürəm, 
İçimdə təklənirəm. 
Susdurun o nəğməni. 
Uyuşub ahənginə 
Pıçıldayır dodağım. 
Necə yatır dilimə, 
Göynəyir köhnə dağım. 
Susdurun o nəğməni. 
Xatirələr yol boyu 
Sökülür ilmə- ilmə. 
Elə bil çəkib məni 
Aparırlar ölümə. 
Susdurun o nəğməni. 

***

" DURNA QATARI " 

Sanki hər şey 
yuxuda olmuş təki- 
Uzaqlarda qalan arzuların 
intizarı, 
Hələ də tapılmayan çarələr... 
Baharı 
kəm yazılan bu ömrü 
mənmi yaşadım..? 
İndi taleyin 
keçilməz olan hədəfləri 
düzülüb qarşıma. 
Və bu gecə 
qatıb qabağına 
geri gətirib payız küləyi- 
çəkib bitirdiyim 
bütün həsrətləri. 
Durna qatarının 
pozulan səfləri kimi 
hürküdülmüş xatirələr 
dağılıb yaddaşıma. 

***
 
" NƏSƏ " 

Nəsə 
yarımçıq qalıb elə bil. 
Hardasa 
xatirələrin qapısı 
həsrətimin üzünə 
açıq qalıb deyəsən. 
Yoxsa... 
sabaha tələsən 
arzularımı 
geriyə çəkən nədir..? 
Ürəyimə 
çökən yorğunluq 
indi daha uzun sürür. 
Bəzən də 
nə beynim düşünür, 
nə gözlərim görür. 
Həyat deyilən bu çarxda 
talelər tərsinə dövr edir. 
Eh... çox da desinlər - 
"Olan olub, keçən keçib" 
Axı içimdə 
məni didir nəsə. 
Nəsə 
üşənir duyğularımda 
xatirə qismində, 
hərdən. 
Bilirəm..! 

***

Müəllif: Yeganə ƏHMƏDOVA
(Filoloq, yazar)

0 Rəy:

Yorum Gönder