
Milyon kəlmə söz deyirsən
hansı sözün doğrudur,
hansı sözün yalandır?
Gəl üzünü çevir mənə
baxım görüm
hansı üzün adamdır,
hansı üzün ilandır.
Geyindiyin bu ağ libas
oxşar haqqın libasına
amma hələ kəfən deyil.
Qara olan fikirlərin
geyiminlə heç tən deyil.
Bir özündən soruş görüm
axı sənə rəvadırmı
daşıdığın zibil yükü?
Hey özünlə daşıdığın
ömür yükü, il yükü.
***
Çox gülürsən başqasının
köhnə olan paltarına.
Utancından üzü kimi
çoxdan solan paltarına.
Bircə dəfə düşünmədin geyim dərdi bir yana
görən hansı zamanda dolanır ac qarına.
O ürəkdən gülmək yerinə
bircə tikə çörək ver.
Hər gülüşlə qopardığın
o ürəyin əvəzinə ürək ver.
İnsan qəlbi köynək deyil,
bir ucundan süzəsən dayana o ucunda.
Cəmi bircə yumaq ip yığıla ovucunda.
Səliqəli geyiminə o səpdiyin
ətir kaş ki,
bir az vicdan olaydı.
Gülüşlü şirin yuxundan
kaş səni oyadan olaydı.
***
Hamının özüyçün canı sağ olsun
özgəyə yanmağı hər adam bilməz.
Tək bircə sədaya, bircə amana
hər adam hay verib qapıya gəlməz.
Qonşudan, qohumdan qırılar qəlbin
doğma balandan da incik düşərsən.
Hamının vəfasın sənin yerinə
bu həyat yoxlayar sən üzləşərsən.
Borc olan nəfəsin candan çıxınca
həyat adlı daşa çox dəyəcəksən.
Hamının özüyçün canı sağ olsun
deyib haqq qapısın bərk döyəcəksən.
***
Bizi nələr doğma etmədi ki.
Əvvəlcə bir təbəssüm,
bir salam yaxınlaşdırdı bizi.
Açdıq qəlbimizin olar - olmazını.
Yaxından tanıtdırdıq özümüzü.
Eyni kədər doğmalaşdırdı bizi.
Sonra sirrimiz kimi
böldük tikəmizi.
Böldük ayrı olan sevincimizi də
artdıqca doğmalaşdıq.
Küsməyimiz başqa bir aləm idi.
Çəkdik bir-birimizin nazını,
darıxmağımız doğmalaşdırdı bizi.
Çiçəklərə, dünyaya eyni cür baxdıq,
toxunduq hər şeyə eyni cür.
Bir -birimizin könlünə sığdıq,
sığmadıq yerə, göyə eyni cür.
Doğmalaşdıq.
Bir güldanda ayrı çiçəklər kimi,
bir quşun cüt qanadı kimi,
elə bir ananın övladı kimi
doğmalaşdıq.
Müəllif: Atlaz RZAYİ





0 Rəy:
Yorum Gönder