3.07.2021

Gülnarə Sadiq - Şeirləri



















Sükutla dolu yuxu dünyası,
Əbədiyyət işığının 
carçısına qonaq olan – 
Kiçik dünya dərdləri,
qəfəs eşqləri,
şirin ağrılar –
sərin bir meh əsintisi... 
Ruhumuza sığınacaq gətirən
sərinlik içində 
xatirələr gözətçi...
Nə gözəldi, sevgilim,
Eşqimizin ətri gələn 
Kədər təntənəsinə təslim olmuş,
tükənən sabahların əsintisindən...

***

 “Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?”
Hüseyn Arif
Əbədi dünyada, yarım dünyada,
Ümidlər qəfəsli daşa çevrildi.
Ölümə sevincək cuman oğullar
Dastana çevrildi, daşa çevrildi.
Körpə simaları, qoca qəlbləri,
İllərin intiqam yükündən ağır.
Əlləri fikirli, sözü kədərli
Minlərlə dualar daşlara yağır.
Tanrını məst etdi payız küləyi,
Ana gözlərinə köçdü yağışlar.
Qələbə xəbəri, sevinc xəbəri
Şəhid oğulların ruhundan keçdi.
Bu savaş vətəninhaqq savaşıdır,
Bu torpaq müqəddəs, şəhid qoxulu...
Ey şəhid analar, vətən oğullar –
Məzar daşlarına nur səpələnir.
Vətənmi üşüyür oğulsuz görən?
Oğullar vətənə qayıdır, Allah
Torpaqmı oğulsuz qalmasın deyə,
Torpağın qoynuna köçür oğullar?..

***

Yol gedirəm,
Yarımçıq gecədən
-Bütöv səhərə.
Ölmüş bir ümiddən,
Solğun o diləkdən –
Can dilənirəm. 

Yol gedirəm,
Tərs dünyanın
-düz yoluna.
Günəş itib əllərində,
Əllərindən sovruluram,
Günəşimi axtarıram. 

Yol gedirəm!
Məndən qopan illərimə,
Mənə qalan illərimə -
- Illərimin harayına.
Göydən qovulan
evsiz, eşiksiz ulduza doğru, 

Yol gedirəm!
Divarlar qalındı,
Divarlar isti...
Deyən qapıların açarı itib?!
Bir ünvan eşqimə yiyə çıxıbdı,
Ürək açarları həbs eləyibdi.

***


Sil göz yaşlarını,ağlama heç vaxt,
Şəhidlik ucadan ucadır,ana.
Toyumçün aldığın o tər xınanı
Qoy ağ saçlarına elə gəl, ana.


Uca tut başını,əymə heç zaman,
Yanımda gözlərin gülsün,ay ana.
Yarıma de məni gözləməsin o-
Mən gələ bilmirəm o gəlsin,ana.


Söylə ağlamasın mənsiz gecələr
Ulduzla yolladım eşqimi,ana.
Onu tənha qoyub gedərəmmi heç,
Nəfəsimi köksünə həkk etdim,ana.


Sən gəl heç darıxma,nigaran qalma,
Mən ərşin qoynunda xoşbəxtəm,ana.
Kor bir qurşun dəydi qəlbimə mənim,
Ruhum səmalara ucaldı, ana.


Cismimi bürüyüb yumşaq ipəyə,
Mələklər cənnətə apardı,ana.



Müəllif: Gülnarə SADİQ


0 Rəy:

Yorum Gönder