1.01.2021

Vətən sevdalısı Lilpar Cəmşidqızının şeirləri




 Ürəyim Vətən istədi
 
Çaylarında selə dönüm,
Bağçasında gülə dönüm.
Bir ovucluq külə dönüm,
Ürəyim Vətən istədi.
 
 Sanki gəlib könül cuşa,
Qanadlanıb dönür quşa,
Həsrətliyəm dağa, daşa,
Ürəyim Vətən istədi.
 
Mən Vətənin öyündəyəm,
Dərdlərimin küyündəyəm.
Açılmamış düyündəyəm,
Ürəyim Vətən istədi.
 
Həm Arazam, həm də Kürəm,
Ürəklərdə qalan yerəm.
Bax, bu canı ona verəm,
Ürəyim Vətən istədi.
 
Bax, ürəyim qəm gölüdü,
Həm düzüdü, həm çölüdü.
Deməyin Lilpar ölüdü,
Ürəyim Vətən istədi.


Qələbəni çalmışıq

 
Nə gözəl fəsildəyik,
Qarabağı almışıq.
Biz bu ilin sonunda,
Qələbəni çalmışıq.
 
Yağıları qovub biz,
Gözlərini ovub biz.
Qələbəylə bir də düz,
Şöhrətə ucalmışıq.
 
Yığıb veş-vüşün yağı,
 Quruyub kökü, tağı.
Gələndə vida çağı,
 Biz də yola salmışıq.
 
Çoxdu bizə yol verən,
Çoxdu bizə gül dərən.
Bizə kömək göndərən,
Gör nə günə qalmışıq.
 
Hələ ömür bitməyib,
Zəhmətimiz itməyib.
Vaxt, vədəmiz ötməyib,
Tanrıdan bac almışıq.
 

KƏLBƏCƏR
(Bütün Kəlbəcərli dostlara ərmağan edirəm.)
 
Neçə ildi həsrət nəğməsi çalıb,
Naləli kamanım, tarım, Kəlbəcər.
Mənim oralarda xatirəm qalıb,
Bir də ki, dönməyən yarım, Kəlbəcər.
 
Quruyub kökündən köklü ağaclar,
Qorxudan yuvadan çıxmır turaclar.
Saralıb vədəsiz, vaxtsız yamaclar,
Bağbanım, ağacım, barım, Kəlbəcər.
 
Əsir düşən qız, gəlinlər çox oldu,
Dərdlərimiz, qəmlərimiz çoxaldı.
Ad-sanımız tapdalandı, yox oldu,
Namusum, ismətim, arım Kəlbəcər.
 
Yurd-yuvadan ayrı düşdük, o vaxtlar,
Söndü ürəklərdə arzular, baxtlar.
Dağıldı nə qədər binələr, taxtlar,
Uçanda tufağım, barım, Kəlbəcər.
 
Elə bilmə mən tükənib bitmişəm,
Ya yox olub, yer üzündən itmişəm.
Həsrətinlə bülbül olub ötmüşəm,
Ağaran başımda qarım, Kəlbəcər.
 
Yenə yaz gələndə gülər dağ, dərə,
 Qırxbuğum, kəkotu çıxar düzlərə.
Açarsan qoynunu bir də bizlərə,
Tükənməz sərvətim, varım Kəlbəcər.
 
 O zümrüd bulaqlar pıçhapıç axar,
Səmanda buludlar oynayar, çaxar.
Bulaqlar başından Lilparın baxar,
Çəkilsə yanımdan xarım, Kəlbəcər.


Azərbaycan-Türkiyə
 
Yenə gedir yan-yana,
Azərbaycan, Türkiyə.
Qarışıbdı qan-qana,
Azərbaycan, Türkiyə.
 
Bir millətin oğluyuq,
Oğuz, Turan boyluyuq.
Biz müsəlman soyluyuq,
Azərbaycan, Türkiyə.
 
 Dinimiz, imanımız,
Yenilməz gümanımız.
Torpaqdı bu canımız,
Azərbaycan, Türkiyə.
 
 Harda var belə millət,
Harda var belə qeyrət.
Yenilməyən dəyanət,
Azərbaycan, Türkiyə.
 
Məmməd Əmin, Atatürk,
 Birlikdədir daim türk.
Düşmənin biləyin bük,
 Azərbaycan, Türkiyə.
 
Çəkilsin qatı duman,
Sağalsın daha yaran.
Birləşsin böyük Turan,
Azərbaycan, Türkiyə.


Vətən məni çağırır
 
Vətən məni çağırır,
Yol uzaqdı, gedirəm.
Vətənə bu canımı,
Mən də qurban edirəm.
 
Gətir çantamı, balam,
Bəlkə geri dönmədim.
Bilki Şəhid olsam da,
Mən əbədi sönmədim.
 
 Bu Vətənin hər daşın,
Torpağını gəzəcəm.
Düşmənimin başını,
Bu torpaqda əzəcəm.
 
Anam süd verib mənə,
 Halal etməz südünü.
Zəfər anın görməsəm,
Anam görər o günü.
 
Ey mənim qibləgahım,
Ey pirim, Məkkəm, Vətən.
Var yenilməz əsgərin,
Səni əyəmməz yetən.
 
Qələbə bizimlədir,
Qələbəmiz var olsun.
Tanrı Azərbaycanın,
Əsgərinə yar olsun.


Sahibsiz çarpayı
 
 Sahibi yox çarpayının,
 Üstünə bayraq çəkilib.
Orda Vətən torpağına,
 Şəhid qanları tökülüb.
 
Bu millətin balasıdır,
Şəhid olan əsgərimiz.
Gül-çiçəklə bəzədilsin,
 Qoy müqəddəs səngərmiz.
 
Torpaq üstə qan tökəndə,
Vətən, Vətəndir deyirlər.
Bayrağından Şəhidlərim,
Al-əlvan libas geyirlər.
 
Ey Şəhidim, rahat uyu,
Torpağım azaddı bu gün.
Çox incidi Ana Vətən,
Qayıtmasın daha o gün.
 
Poladları doğan Ana,
Baş əyirik önündə biz.
Bax, Qələbə qazanmışıq,
Bu davanın sonunda biz.


Əsgər, qayıt
 
Ay mənim dağ vüqarlım,
 Ay mənim igidim, gəl.
Düşmənə göstər gücün,
Gözlərini ovub, dəl.
 
Balan səni gözləyir,
 Tez qayıt, əsgər, qayıt.
Qələbə müjdəsini,
El-obaya yetir sən.
 
Qucağında Vətənin,
Torpağını gətir sən.
 Balan səni gözləyir,
Tez qayıt, əsgər, qayıt.
 
Bu torpağın çörəyi,
Suyu halaldır sənə.
Azadlığı gətirdin,
Bu millətə, Vətənə.
Balan səni gözləyir,
Tez qayıt, əsgər, qayıt.


Qarabağın
 
Güllə səslərindən batıb qulağı,
Qorxudan olubdu sısqa bulağı.
Düşmənin yurduma çoxdu marağı,
 Qoyubdu önünə şərt, Qarabağın.
 
Müzəffər ordumuz öndə dayanıb,
 Dağlarım, düzlərim qana boyanıb.
Millətim yuxudan artıq oyanıb,
Çəkir keşiyini mərd, Qarabağın.
 
Nə qədər Şəhidi görüb bu Vətən,
Saçını qaradan hörüb bu Vətən.
Bizə bata bilməz hər yoldan ötən,
Əyəmməz belini dərd, Qarabağın.


Kəlbəcərdə
 
Doğ, ey günəş, ruhum səndə isinsin,
 Mənim həsrətim var can Kəlbəcərdə.
Ürəyim, de, necə sevinsin, gülsün,
Tökülüb nə qədər qan Kəlbəcərdə.
 
Ayları, illəri vermişik bada,
 Torpaq həsrət qalıb doğmaya, yada.
Heç kəsi olmasın qərib dünyada,
 Doğacaq, bilirəm, dan Kəlbəcərdə.
 
Torpağıma sahib çıxsa yağılar,
Dağım, düzüm o gün çökər, dağılar.
Bir ölənim, gündə min yol doğular,
 Ey yağı, alışıb, yan Kəlbəcərdə.
 
Dəyanət, mətinlik canımızdadır,
 İgidlik, ərənlik qanımızdadır.
Tanrı bizimlədir, yanımızdadır,
Olarıq tezliklə xan Kəlbəcərdə.
 
Ay bulaq başının Lilparı, oyan,
 Çoxdu bu həsrəti anlayan, duyan.
Sən öz torpağında, gəl, mətin dayan,
Gələcək bir gözəl an Kəlbəcərdə.


Uca Bayrağım
 
Ey ucalardan uca, şanlı, uca bayrağım,
Şəhidlərin köynəyi, qanlı, uca bayrağım.
Bu millətin and yeri, zəfər müjdəçisisən,
Ey mənim ilham pərim, canlı, uca bayrağım.
 
 Qarabağda dalğalan, Şuşada ucal göyə,
Haqqı var bu millətin, səninlə özün öyə.
Gör nə qədər Şəhidin, gör nə qədər Qazin var,
 Keçmişiik canımızdan, sən göylərdə ol deyə.
 
İndi bütövləşmişik, bizə batammaz yağı,
Birləşibdi millətim, daha qırılmaz bağı.
Polad kimi bərkiyib, azadlığa çatmışıq,
Biz Turan sevdalıyıq, gələcək zəfər çağı.



Vətən, gözlərin aydın
 
İgidlər öz qanıyla suvarıbdı torpağı,
Ucalarda tutmuşuq o müqəddəs bayrağı.
Düşmənə biz vermərik bircə quru yarpağı,
Zəfər günün yetişdi, Vətən, gözlərin aydın.
 
Azadlığın toxumun bu torpağa əkəndən,
Şəhidlərin nəşini bu bayrağa bükəndən.
Damla-damla qanları sinən üstə tökəndən,
Zəfər günün yetişdi, Vətən, gözlərin aydın.
 
Vüqarımız hər zaman o dağlardan ucadı,
Yaşın əsrlər keçib, milyon ildən qocadı.
Bayrağının üstündə igidliyin var adı,
Zəfər günün yeyişdi, Vətən gözlərin aydın.


Əyilməz Vətən
 
Qarabağ yuxumuz çin oldu bizim,
Sevindi çöllərim, sevindi düzüm.
Daha qəriblikdə ağlamır gözüm,
 Bizə bata bilməz hər yoldan ötən,
Biz Odlar yurduyuq, əyilməz Vətən.
 
 Şəhid qanlarıyla boyanıb Yurdum,
Uzun bir yuxudan oyanıb Yurdum.
Bölünməz zəfərlə dayanıb Yurdum,
Min kərə doğular, bir kərə itən,
 Biz Odlar yurduyuq, əyilməz Vətən.
 
 Tezliklə gül açar, o dağ, o dərə,
Əlvida deyərik bütün dərd, sərə.
Qələbə müjdəmiz baş əyməz şərə,
Dağında, daşında min Şəhid bitən,
 Biz Odlar yurduyuq, əyilməz Vətən.


DAĞLAR
 
Neçə illər həsrət qalmışam sənə,
Zirvəndə dolanan dumana-çənə.
Bir küsgün balanam, gələcəm yenə,
Başımı sinənə mən qoyum, DAĞLAR.
 
İndi göy otların solan vaxtıdır,
Göylərin bozarıb dolan vaxtıdır.
Yağışın, leysanın olan vaxtıdır,
Necə günahımı mən yuyum, DAĞLAR?
 
 Şəhid qanlarıyla sulanıb düzün,
Şəhid ağlamaqdan tutulub gözün.
Məğrur dayanmısan, əyilməz dizin,
Bir çıxar səsini mən duyum, DAĞLAR.
 
 Bir qərib durnanın köçündə olum,
 Elimin, obamın içində olum.
Sinənin üstündən keçəndə yolum,
Öpüm torpağını, mən doyum DAĞLAR.
 
Bulaqlar başında Lilparı qoru,
 Yamandır düşmənin fitnəsi, toru.
Tutulsun gözünün görməsin, nuru,
Gəlim gözlərini mən oyum, DAĞLAR.


Bu torpağın keşiyində duran var.
 
Dağın, düzün qan gölündə boğulur,
Hər zəfərdə igidlərin doğulur.
 Düşmənlərin yurdumuzdan qovulur,
Vətən, yenə qan axıdan yaran var.
 
Biz Vətənə, Vətən bizə yar olsun,
 Bu millətim, əbədilik var olsun.
Zalım düşmən əzildikcə xar olsun,
Dərdlərinin dəvasına çaran var.
 
Paramparça elədilər bizləri,
 Doyurmadı torpaq örtmüş gözləri.
Tutulubdu, əl-ayağı, dizləri,
Təbriz kimi ayrı düşən paran var.
 
Azad olsun Qarabağtək gözəlin,
Geri dönər, birlik olar əzəlin.
Yaşıllaşar, torpaq üstə xəzəlin,
Görüm, Vətən, sinən üstə xaran var.
 
 Lilpar, dilin şeirlərdə el deyir,
El gücünə, ərənlərin sel deyir.
Ozanların qopuzunda tel deyir,
Bu torpağın keşində duran var.


Azadlığın havasını çal, aşıq.
 
 Qarabağım qan gölünə dönübdü,
Neçə evin od, ocağı sönübdü.
Qəzəbindən Göy də Yerə enibdi,
 Azadlığın havasını çal, aşıq.
 
Ulu Gəncəm, orda viran olubdu,
Mənim şəhrim, gör, nə günə qalıbdı.
Yağı düşmən sanma "zəfər"çalıbdı,
Azadlığın havasını çal, aşıq.
 
İgidlərim döyüşlərdə vuruşur,
Göy üzündə güllələri yarışır.
Uşaq, böyük zəfərlərdən danışır,
Azadlığın havasını çal, aşıq.
 
Günü-gündən azad olur Vətənim,
Geri dönür torpaqlarım, itənim.
Cücərəcək əkdiyimiz hər dənim,
Azadlığın havasını çal, aşıq.
 
İlham adlı sərkərdəmiz öndədi,
 Düşmənimiz, pərən-pərən gündədi.
 Azadlığı yoğurmuşuq kündədi,
Azadlığın havasını çal, aşıq.


Mənim Müzəffər Ordum, mənim qürur yerim!
 
Zəfər çalır Ordumuz,
Yaşa, Komandan, yaşa.
Azad olur Yurdumuz,
Yaşa, Komandan, yaşa.
 
Tariximiz uludu,
Yolumuz haqq yoludu.
Xoş günümüz doludu,
Yaşa, Komandan, yaşa.
 
Torpağımız var olsun,
Düşmənimiz xar olsun.
Günü ahu-zar olsun,
Yaşa, Komandan, yaşa.
 
Cavad Xanın nəsliyik,
Biz azadlıq səsliyik.
Qələbə həvəsliyik,
Yaşa, Komandan, yaşa.
 
Qarabağa yol salaq,
Orda od-ocaq olaq,
Sevinsin İsa bulaq,
Yaşa, Komandan, yaşa.
 
 Yansın düşmən çəpəri,
Gəzək biz Kəlbəcəri,
 Sevinsin qoy Həkəri,
Yaşa, Komandan, yaşa.
 
 Qubadlıya köç edək,
 Zəngilana tez gedək.
Düşmənin ömrü gödək,
 Yaşa, Komandan, yaşa.
 
Laçın, Şuşa ordadı,
Zirvəsi qartaldadı.
Torpağımız qaldadı,
Yaşa, Komandan, yaşa.
 
Qələbəyə az qalıb,
Çox yeri Ordum alıb.
Düşməni perik salıb,
Yaşa, Komandan, yaşa.
 
Haydı, İgidim, yeri,
Çəkilir düşmən geri.
Leş-leşə, yoxdur diri,
Yaşa, Komandan, yaşa.
 

Qurbanam
 
Yaman düşüb bu həsrətin könlümə,
Vətən, sənin torpağına qurbanam.
Budağından ayrı düşüb, saralmış,
Külək döyən yarpağına qurbanam.
 
 Qan yaş olub gözlərimdən tökülən,
Ürəyimdən zərrə-zərrə sökülən.
Şəhidlərə kəfən olub bükülən,
O müqəddəs bayrağına qurbanam.
 
Sənin kimi ölkə yoxdu dünyada,
Qol açırsan doğmalara, həm yada.
Tez qutarsın birlik olaq, qan-qada
 Aranına, həm dağına qurbanam.
 
Dildə gəzib şöhrətimiz əzəldən,
 Namusumuz, qeyrətimiz əzəldən,
 Harda vardı sənin kimi gözəldən,
 Qırılmayan mən bağına qurbanam.
 
Zaman gələr birləşərik bir də biz,
Ayrı düşməz nə bir ocaq, nə bir köz.
 Xaqanlarım, igidlərim bir az döz,
Turan boyda bir tağına qurbanam.
 
Sənə qurban Lilpar adlı balan var,
Ürəyinə dərdlərini alan var.
Əyə bilməz nə fitnələr, yalanlar,
Vətən, sənin hər çağına qurbanam.
 


Müəllif: Lilpar CƏMŞİDQIZI

0 Rəy:

Yorum Gönder