
Seanslarımı
dayandırdığım vaxtdan bu yana bir ay keçib. Ah, o psixoloq məni mükəmməlliyyətçi
olmaqda günahlandırırdı. Nə imiş? Məni mən edən qüsurlarım imiş və mən
özümü qüsurlarımla olduğum kimi qəbul
etmirəmmiş. Dəyişdirə bilməyəcəyimiz qüsurlarımızla yaşamağı öyrənməliymişik.
Necə deyirdi? Hə, qızılgülü tikansız, işığı qaranlıqsız təsəvvür etmək olmaz,
ümumiyyətlə, həyat Yin və Yanqın harmoniyasından ibarətdir. Nə bilim nə, boş-boş fəlsəfə. Budur, mən
artıq “ideal mən”imə çatmışam. Artıq səbirsiz deyiləm, ani reaksiyalar vermirəm,
yuxu rejimim də düzəlib. Hətta dünən qapı qonşumun iylənən zibillərini
atmadığını görəndə heç əsəbiləşmədim də. Həmişə hisslərimə qapılıb müdirimin
etdiyi səhvləri, haqsızlıqları üzünə qarşı deməkdən çəkinmirdim. Özüm də yaxşı
bilirəm ki, əgər şirkət üçün vacib işçi olmasaydım, müdir heç tərəddüd etmədən
məni iti qovan kimi qovardı. Nəyə lazımdı axı hər kəsi ilan kimi sancıb həqiqətlərlə
zəhərləmək? Ona görə də, artıq sentimental düşüncələri kənara atıb, məntiqimi
işə salıram. Özümü baramadan çıxan kəpənəktək azad hiss edirəm. Amma bir aydır
ki, əkiz bacım nəinki məni, hər kəsi təngə gətirib. Keçən dəfə qonşularımdan
biri mənə dedi ki : “Səma, bu vaxta qədər görmək bir yana, bir bacın olduğundan
belə xəbərsiz idik. Əgər Dənizlə sən
yan-yana gəlsəz, kimin kim olduğunu ancaq baxışlarınızdan ayırd edə bilərik”.
Onu da əlavə etdi ki, Dəniz mənim kimi olmadığı üçün məni qısqanır, mənə olan qərəzinin
səbəbi yalnız bu ola bilərdi.
Bugün qapı
qonşum Nərmin mənə Dənizdən şikayət etdi ki, dünən gecə
zibilləri ətrafa dağıdıb.
-Bəlkə,
pişik dağıdıb, hər halda neçə gündür, zibillər qapının ağzındakı vedrədə
yığılıb qalmışdı- Nərminə dedim.
-Onda yəqin,
bunu da pişik yazıb, - kağızı mənə uzatdı- sonra isə qapıya yapışdırıb. Həm də
ki, növbətçi gecə saat üçdə bacını
binadan çıxarkən görüb, ümumiyyətlə, hər gecə harasa gedir ( sonuncu sözləri
xüsusi əda ilə dedi).
Kağızda
yazılmışdı: “Zibilləri vaxtında tök, axmaq!”. Elə başımı qaldırmışdım ki, Nərminin
buz kimi mavi gözləri ilə mənə yuxarıdan aşağı istehza ilə baxması içimi ürpətdi.
Hipnozdan ayılmış kimi, anidən ona
narahat olmamasını deyib yola saldım. Belə olmaz bu artıq neçənci şikayətdir
bilmirəm...
Dənizlə mübahisə etdim. Düzü, hər şey necə baş
verdi tam xatırlamıram. Bircə onu bilirəm ki, məni o həddə çatdırmışdı ki, az
qala onu boğurdum, sonra sanki yuxudan ayılırmışcasına əlimi çəkdim. Yox, yox,
axı mən pis biri deyiləm. Mən sadəcə onun ayağıma dolaşmasını, milçəktək
könlümü bulandırmasını istəmirəm. Bütün olanları düşünə-düşünə işə gəlib
çatmışdım. Amma hər kəsdə qəribə bir hal sezirdim, hamı pıçapıç nə isə
danışırdı. Hətta məni görən iş yoldaşlarım istinin günündə boğazıma taxdığım qara şərfin fərqinə belə varmadılar.
Dözməyib mənə ən yaxın olan iş yoldaşım Leyladan nələr baş verdiyini soruşdum:
-Nə olub? Bu nə həngamədi?
-Eh, soruşma, bugün səhər tezdən Sədaqət xanım adəti
üzrə lazımlı sənədləri, gələn məktubları müdirə aparmaq üçün hazırlayanda bir
imzasız məktub olduğunu görüb (birdən fikrə daldı).
-Aha?!
-Hə, sonra düşünüb ki, bəlkə, bu Sədaqət xanımın elə
özünə gəlib. Ona görə də, açıb oxuyub. Məktubda müdir təhqir edilib. Hələ bu
harasıdır? Məktubu yazan hər kimdisə, müdirin şirkətdən biri ilə arvadına xəyanət
etdiyini bildiyini yazıb.
- Elə bu?
- Elə bu nədir, ay qız, kimin ağlına gələrdi axı. Özü
də şirkətdən ha! İşə bir bax!
- Bəs Sədaqət xanım məktubu müdirə veribmi?
- Yazıq qadın əvvəl qorxub, bilməyib ki, nə etsin.
Sonra düşünüb ki, birdən məktubu verməsə, məktubu yazan adam da ortaya çıxıb eləsə,
müdir bu məktubun varlığından xəbər tutsa, heç yaxşı olmayacaq. Həm də, onun nə
günahı var axı. Elə davranar ki, guya heç nədən xəbəri yoxdu.
Hə, belə-belə
işlər. Müdir bütün gün otaqdan çıxmadı. İşçilər də, deyəsən, sakitləşmişdilər.
Elə ona görə də, şərfimə ilişməyə başladılar. Dedim ki, dondurma yemişdim, o da
boğazımı ağrıtdı. Elə bu sözümə bənd imiş kimi, hamının dərdi açıldı, hərə öz
ağrısından şikayətlənməyə başladı. Düzü,
özüm də xatırlamıram ki, boğazımdakı göyərtilər necə olub. Deyəsən, mən Dənizi
az qala boğanda o da mənim boğazımdan yapışıbmış.
Nəhayət ki, evdəyəm. Bugün bir başqa yorğunam. Elə bəlkə
də, ona görə içdiyim çaydan ləzzət ala bilmirəm. Divarlar sanki üstümə qusur.
Oturduğum kreslo torf bataqlığı kimi məni özünə çəkir. Bu bəyaz pərdənin rəngi
yaşıla dönür elə bil, otaqdakı hər şey olduğundan daha böyük görünür. Ən qəribəsi
isə divardakı saatın əqrəbi soldan sağa hərəkət edir. Deyəsən, başım xarab
olub.
-Dünən məni məhv etmək istədin, amma bacarmadın. Çünki
sən zəifsən!
-Kəs səsini! Çıx get buradan!
- Yox, yox qisas almadan hara gedim?! Az əvvəl içdiyin
çay səncə də bir az qəribə dadmırdımı? Amma, deyəsən axı sən heç nədən dad ala
bilmirsən ahaha.
-Nə?! Axı, axı sən əvvəllər belə deyildin. Niyə...?!
- Haqlısan, məni əvvəllər sən idarə edirdin. Buna baxmayaraq məni gözündə böyüdürdün və məni
tamamilə yox etmək istədin. Mən isə buna icazə verə bilməzdim. Bir bədəndə
yaşayan iki müstəqil ruh...niyə də olmasın?
Hər şey fırlanır, yoxsa mənmi yıxılıram? Sanki səhradayammış
kimi susuyuram, eyni zamanda qar uçqunun altında qalmışcasına üşüyürəm. Elə bil
zaman dayanıb, bütün həyatım gözümün önündən
keçir. Ah, mənim sevimli müəlliməm, onun danışdığı əhvalatı
xatırlayıram: "San-Diyeqo zooparkının "sakini" olmuş ikibaşlı
ilan daim qorxu içində yaşadığından qarşısına çıxan bütün ilanları yeyirmiş. Hətta
bir dəfə görünür elə qorxu üzündən birinci baş ikinci başı udmağa cəhd göstərir,
zoopark xidmətçisi vaxtında müdaxilə edir. Lakin növbəti gecə xilas olmuş baş
intiqam almaq üçün birinci başa hücum edir, nəticədə, hər iki baş gövdə qarışıq
məhv olur".
Gözlərim qaralır budur, içimdəki dənizdə boğuluram.
Dəniz Səmanın onu rəngləyərək gözəl göstərdiyini, Səma
da özünü Dənizə baxaraq görə bildiyini
anlamamışdı.
Müəllif: Esmira Hüseynli.





0 Rəy:
Yorum Gönder