8.05.2020

VƏTƏNƏ (Qəzəl) - Alim Muhriq




















Oyanıb durmalıdır arxa bu millət Vətənə
Düşmənə qarşı bu El qurmalı vəhdət Vətənə

Ləşkəri-zülməti biz qovmalıyıq ki bir gün
Saça Həqqin günəşi nuri-səadət Vətənə

Oyanın ey Vətən övladları qeyrət dəmidir
Gedəlim göstərəlim indi şücaət Vətənə.

Qanımızla suluyaq torpaqını yurdumuzun
Bitə Hürr adlı çiçəklər verə zinət Vətənə

Kişinin cəng günü evdə qadın tək nə işi
Kişi səngərdə edə can ilə xidmət Vətənə

Vətən uğrunda kişi canlı sipər olmalıdır
Ki verə ismi onun eldə şərafət Vətənə 

Düşmənə odlu silah ilə cəhənnəm yaşadaq
Girməsin kafir olan kimsə bu  cənnət Vətənə

Qoymaz heç vəqti qoya yurduna biganə qədəm
Hər kimin var isə könlündə məhəbbət Vətənə

Az qalıb saqi verər cami-şəhadət Mühriq
Səni çox qoymayacaqdır daha həsrət Vətənə


Müəllif; Alim Mühriq

0 Rəy:

Yorum Gönder