Qərbdə əqli
zəifliyin əsas səbəbi olan Alzheymer, təxminən 47 milyon insanın əziyyət çəkdiyi
dağıdıcı bir beyin xəstəliyidir. Təəssüf ki, bu xəstəliyi müalicə etmək və ya
amansız inkişafını ləngitmək istiqamətində hələ effektiv müalicə üsuluna sahib deyilik.
Alzheymer xəstəliyi,
beyində beta-amiloid və tau adlı iki anormal zülalın toplanması nəticəsində
meydana çıxır. Tau zülalı, neyronların və neyron şəbəkələrinin ölümünə səbəb
olaraq beyin bölgələrinin bir-biri ilə normal əlaqə yaratmağının qarşısını
almağı baxımından xüsusilə əhəmiyyətlidir. Əksər hallarda, tau patologiyası ilk
mərhələdə beynin yaddaş mərkəzləri olaraq bilinən entorinal korteks və
hippokamp bölgələrində ortaya çıxır. Bu proses, xəstəlik əlamətlərinin meydana
çıxmasından bir neçə il əvvəl baş verir.
Tau getdikcə
artaraq bütün beyində görünməyə başlyır. Bu vəziyyət, xəstəlik simptomlarında səciyyəvi
irəliləyişə səbəb olur. Başlanğıcdakı yaddaş itkisi, insanın müstəqilliyini
itirməsinə səbəb olan düşüncə və davranış pozulmaları ilə müşayiət olunur.
Bunun necə baş verdiyi mübahisəlidir.
Transneyronal
Yayılma
2018-ci il 5
Yanvar tarixində "Brain"də yayımlanan bir araşdırmada, tau zülalının əlaqəli
neyronlar arasında yayılmağına dair ilk dəlillər təqdim edilir. Bu çox mühüm
addımdır, çünki yayılma erkən mərhələdə dayandırılsa, Alzheymer xəstəliyinin
qarşısı da alına və ya inkişafı dondurula bilər.
"Transneyronal
yayılma" ideyası, keçmişdə təklif edilmiş və siçanlar üzərində aparılan
araşdırmalarla dəstəklənmişdir. Sağlam bir siçanın beyninə yeridilmiş anormal
tau sürətlə yayılmış və siçanda əqli zəifliyə səbəb olmuşdur. Lakin, əvvəllər
eyni prosesin insanlarda da baş verdiyi göstərilməmişdir. Yeridilən tau miqdarı
nisbətən yüksək və xəstəliyin inkişafı, insanlarda olduğundan daha sürətli baş
verdiyi üçün siçanlar üzərində aparılan araşdırmalardan əldə edilən faktlar
mübahisəli idi.
Yeni tədqiqatda,
2 müasir beyin müayinəsi üsulundan istifadə edildi. Bunlardan biri, müəyyən
molekulların varlığını aşkar etmək üçün beyni diqqətlə yoxlamağa şərait yaradan
pozitron emission tomoqrafiya (PET) idi. Bunun sayəsində, yaşayan xəstələrdəki
anormal tauyu birbaşa müşahidə edir və beynin hər bir bölgəsində nə qədər
olduğunu dəqiqliklə görə bilirik.
Digəri isə,
beynin qan dövranını canlı şəkildə izləməyə imkan verən funksional maqnit
rezonans tomoqrafiyası (fMRT) idi. Bu üsul, bir-biri ilə əlaqə yaradan beyin
bölgələrinin ortaya çıxardığı fəaliyyəti müşahidə etməyə imkan verir. İlk dəfə
olaraq, eyni insanları hər iki üsulla müayinə edərək, Alzheymer xəstəliyi olan
insanlardakı beyin əlaqələrini, anormal tau yayılması ilə birbaşa izah etmək
mümkün oldu.
Beyin əlaqələrini
analiz etmək üçün "qrafik analiz" adlı riyazi texnikanın istifadə
edildiyi araşdırmada, beyin bərabər ölçülü 598 bölgəyə ayrıldı. Sonra, bölgələr
arasındakı əlaqələr sosial şəbəkə kimi araşdırılaraq bir bölgənin əlaqə sayı,
neçə "dostluq" qrupuna qatıldığı və beyin bölgələrinin neçəsinin eyni
zamanda bir-biri ilə rabitə yaratdığı kimi faktorlar qiymətləndirildi.
Qrip
epidemiyası zamanı yoluxmaq və xəstəliyi başqalarına da yaymaq ehtimalı çox
olan insanlar, ictimai əlaqələri yüksək olanlardır. Bənzər şəkildə,
transneyronal yayılma fərziyyəsi də əlaqəsi güclü olan beyin bölgələrinin daha
çox tau toplayacağını təxmin edir. Nəticə gözlənildiyi kimi oldu. Bu əlaqə, hər
bir beyin şəbəkəsində olduğu qədər bütün beyində də mövcud idi.
Əvvəllər tau
zülalının, yüksək metabolik ehtiyac səbəbi ilə və ya qonşu bölgələrdən kömək gəlməməyi
nəticəsində müdafiəsiz vəziyyətə düşən beyin bölgələrində ortaya çıxa biləcəyi
önə sürülmüşdü. Bu amillər neyronal ölüm baxımından əhəmiyyəti olsa da,
araşdırmada anormal tau toplanmasının əsas səbəbləri arasında yer almadı.
Əlavə
olaraq, yüngül dərketmə pozğunluğundan ciddi Alzheymer xəstəliyinə qədər fərqli
xəstəlik ağırlığı diapozonunda olan xəstələrə baxaraq, tau toplanmağının səbəbləri
nəticələrindən ayrıla bildi. Alzheymer xəstəliyində tau miqdarının artmasının,
beyindəki əlaqələrin azalmasına və digər əlaqələrin də getdikcə təsadüfi hal
almağına səbəb olduğu görüldü.
Uzunmüddətli
Əlaqələr
Sonda
Alzheymer xəstəliyi tapıntıları, təxminən hər 100.000 nəfərdən üçündə müşahidə
edilən proqressiv supranuklear iflic (PSİ) adlı nadir bir xəstəliklə müqayisə
edildi. Bu xəstəliyə də tau zülalı səbəb olur, lakin beyin əsası ilə məhdudlaşır.
PSİ-də, tapıntıların transneyronal yayılmanı dəstəkləmədiyini ortaya qoydu.
Bunun səbəbi, anormal tau patologiyasının qeyd olunan xəstəliklərdəki fərqli
quruluşu ola bilər. Tau, Alzheymer xəstəliyində "qoşa spiral liflər",
PSİ-də isə "düz liflər" şəklindədir.
Araşdırma
qrupu, PSİ inkişaf etdikcə birbaşa uzunmüddətli əlaqələrin xüsusi olaraq zərər
gördüyünü ortaya qoydu. Bu da məlumatın beyində dolayı bir yol tapmalı olduğu mənasını
verir. Bu vəziyyət, PSİ xəstələrindən bir sual soruşduqda nəyə görə ləng ancaq
doğru cavab verdiklərini açıqlaya bilir.
Beləliklə,
Alzheymer xəstələrində transneyronal yayılmaya dair dəlillər, tau
patologiyasının beyində ciddi bir ziyan meydana gətirmədən əvvəl qarşısının
alınmasına və yeni müalicə strategiyalarının inkişaf etdirilməsinə dair mühüm
fikirlər təqdim edir.
Mənbə:
neurosciencenews.com








0 Rəy:
Yorum Gönder