8.15.2020

Gənc yazar Ceyhundan Şəhid Şiralı Cəbrayılovun xatirəsinə həsr etdiyi şeir.


















Gənc yazar Ceyhunun Qarabağ döyüşlərində igidliklə döyüşüb, sonda şəhid düşmüş Sabirabad rayonu, Cavad kəndinin fəxri Şiralı Cəbrayılovun (Şirxan ləqəbli) xatirəsinə həsr etdiyi şeiri.

Tanrı şəhidlərimizin məzarını nurla doldursun, əsgərlərimizin yolunu açıq etsin.



İgidlər oylağı Sabirabadda,
Şirlər məmləkəti, doğma Cavadda
Şirxan ləqəbində, Şiralı adda
Bir igid məzarı görüb gəlmişəm.

Vətən harayını eşidib, duyub. 
Düşmənin bağrına od-alov qoyub. 
Gözündən doğmalar bir şüar duyub :
"Düşməni öz murdar qanıyla yuyub,
Tikanlı məftilə sərib gəlmişəm..."

Gələrkən beş günlük məzuniyyətə, 
Bir gecə qalmamış dönüb xidmətə.
Demiş, doğmalarla vidalaşmağa
döyüş mövqeyimi qısa müddətə
dostlara əmanət verib gəlmişəm.

Qanın yerdə qalmaz, Şirim, İgidim, 
Mən necə yaşayım, mən necə edim? 
Şəhadət çiçəyin dərən Şəhidin
Qəbrinə qərənfil dərib gəlmişəm.

Durduğun zirvəyə hey boylanaram, 
Səni qısqanaram, sənə yanaram. 
Şəhidlik görmədən ölsəm, sanaram, 
torpağın altına qərib gəlmişəm...


***

Gəzməyə qərib ölkə,
ölməyə Vətən yaxşı...

Mən indi anladım, Şəhidim, indi anladım:
ayaqlar gəzmək üçün deyil, ölmək üçünmüş...
qürbəti qarış-qarış gəzmək,
Vətəni qarış-qarış ölmək mümkünmüş...
özümü danladım, Şəhidim, özümü danladım...

Qarış-qarış Vətəni ölməliydi bu ayaq,
qarış-quruş yuxular görməliydi bu oyaq.
görməliydi lalələr açılıb bu Vətəndə,
lalə kimi yarələr açılıb bu bədəndə...
lalələrin ətrinə bütün güllər ağlaşır,
lalələrin ətrinə qərənfillər yığışır...
Qərənfillər, lalələr açılır danə-danə,
dönür Azərbaycan böyük bir Gülüstanə...

O gənc kimdi, səngərdə qanına boyanıb?
qarış-qarış öldüyündəndi bəlkə,
yorğunluğunu çıxarmaqçün uzanıb?

rahat uyu, Şəhidim, rahat uyu...
üzərinə sərilmiş bayraq, 
göylərdən səninçün enib.
Təsəvvür edirsən?
sənə sarılıb, səni öpür Vətənin!

Vətəni olanlar anadan yetim qalmır, deyim sənə. 
ömür boyu, Şəhidim, ömür boyu... 
sivillərin gömüldüyü yer məzarlığa çevrilir, 
Şəhidlərin gömüldüyü yer-Vətənə!
rahat uyu, Şəhidim! Rahat uyu!


Müəllif; Ceyhun.

1 Rəy:

  1. Ürəyinə sağlıq, Ceyhun. Allah şəhidlərimizə rəhmət eləsin.

    YanıtlaSil