4.10.2020

Aynurə İNCİ - Şəhidlər, XOCALI




















ŞƏHİDLƏR

Vətəni canından əziz tutaraq,
Şəhidlər həyata vida etdilər.
Qeyrət köynəyinə qanın hopdurub,
Canların torpağa fəda etdilər.

Vətən sevgisindən don geyə-geyə,
Aşdılar “şəhidlik” adlanan dağı.
Ölümdən bac alıb cəsarət ilə
Ölüb yaşadılar mələksayağı.

Nə qədər vətən var yaşayır şəhid
Dualı dillərdə yaşlı gözlərdə.
Ölməzlik qazandı minlərlə igid,
Kövrək ürəklərdə,qəmli sözlərdə.

Düşmən tapdağında vətən torpağı,
İllərdi həsrətlə gözləyir bizi.
Qanı yerdə qalan şəhidin ruhu
Küsgün, üzgün halda səsləyir bizi.

Qələbə naminə ayağa qalxaq,
Yaralı könüllər tez abad olsun.
Dağlıq Qarabağı geri qaytaraq
Bütün şəhidlırin ruhu şad olsun.
-----------------------------------------


XOCALI

Tarix boyu nələr görub yaşadı,
Torpaqlar itkisi, amansız savaş.
Vətənin dərdi çox biri Xocalı
Bir-bir xatırlanır gözdən axır  yaş.

Namərdlər dağıtdı taladı yurdu
İyirmi yeddi il bilmədik halı.
Bala anasından ayri düşəntək,
Ah-nalə edirdi qərib Xocalı.

Fəryadlar qoparıb bizi səsləyir,
Düşmənlər yoluna daşlar düzübdü,
Dağlanmış könlünə məlhəm axtarir
Yaralı Xocalım bizdən küsübdü..

Xocali  naləsi  göylərə çatır,
Dünya birliyi də fəryadı duya.
Axsaqdır ədalət bərqərar olsun,
Soyqrim " tanınsın bütün dünyaya!


Müəllif ; Aynurə İnci 

2 Rəy: