3.14.2020
ƏSAS SƏHİFƏ »
GƏNC YAZARLAR
» Saleh SƏBAT - Ana, niyə gəlmisən?
Saleh SƏBAT - Ana, niyə gəlmisən?
Ana niyə gəlmisən belə soyuq havada?
Yaşının bu çağında, nə işin var burada?
Səni bu halda görmək necə çətindi bilsən...
Ruhum səndən inciyər, birdə qəbrimə gəlsən.
Mənim yoxluğum sənə olmayıb heç vaxt asan,
Uşaqlıqda da məndən çox nigaran qalmısan.
Mən evə gəlməyincə, yerimə girməyincə,
Sən yatmazdın ay ana.
Get bu gecə rahat yat, gələcəyəm yuxuna...
Gəlişinlə isitdin məzarımın daşını,
Ağla, öpüm ana can, gözlərinin yaşını.
Aman Allah, gör mənə həsrətin nə qədərdi...
Belə acı çəkməyin, bədənimə sancılan qəlpələrdən betərdir.
Mən şəhid olmadım ki, ürəyində dağ olsun,
Fəxr et, üzün ağ olsun, təki Vətən sağ olsun!
Çıx get evə, nə olar, bəsdir ağladın, yetər,
Bu elə bir nalədir, ölünü də dirildər.
Birdən möcüzə olar,
Tanrı mərhəmət edib, məni sənə qaytarar.
Sənə bərk-bərk sarılıb gözlərindən öpərəm,
Alıb cənnət qoxunu, ciyərimə çəkərəm.
Əlimdən yapışarsan, evə gedək deyərsən.
Yox deyərəm, necə yox deyərsən, inciyərsən.
Xeyr dua istəyib, əllərini sıxaram,
Səni yenə tək qoyub cəbhəyə qayıdaram.
Başlayaram ömrümün qalan həmən yerindən,
Almayınca yurdumu yağıların əlindən,
Evə necə gələrəm?...
Bu torpağın, bu millətin naminə,
Əgər lazım gələrsə, dəfələrlə ölərəm...
Mən ölümdən qorxmuram,
Qorxuram ki, ana can,
Sənə ikinci dəfə bala dərdi verərəm...
Parçalanar ürəyin, dərdim öldürər səni,
Dönüb qatil olaram, qoruyarkən vətəni.
Cənnəti də, qazansam gözlərim yenə gülməz,
Bir ana qatilindən qəhraman ola bilməz.
Tanrı məni min dəfə gətirsə də cahana,
Nə səndən, nə vətəndən keçə bilərəm ana...
Müəllif; Saleh Səbat.






0 Rəy:
Yorum Gönder