~ Sənə qayıdan yollar ~
Bir yol başın götürüb çıxıb getməyə nə var?
Səndən də çıxıb gedən yollar sənə qayıdır.
Zəngini gözləyirəm nə vaxtdır gecə-gündüz,
Ruhumu səsin deyil, daha hicran ovudur.
Yandırır gecələrin gözlərini yoxluğun,
Parçalanır ümidlər, doğranır ömür payı.
Yollar uzaq, qayıt gəl, yuxularım yarımçıq,
Sönür daha bu eşqin yanan günəşi, ayı.
Saçlarına hördüyüm bir arzuya, istəyə,
Gülüşünə bağışla məni, getmə, nə olar?
Hər şeyi unut, bircə məni unutma, gülüm,
Xatirələr od olar, ovcumda közü qalar...
***
~ Sol eşq ~
Daş ömrümün pozulur
Yuxu yaddaşı səndə.
Bir az dinləyim səni
Saatın nəfəsində.
"Eşq" dediyin, bilirsən,
Sol tərəfdə üsyandır.
Taleyin ovucları
Quru bir oda yandı.
Gecənin boğazında
Quruyurdu dodağım.
Can atırdı əlinin
Sığalına yanağım.
Saçından töküləndə
Ömrün beşinci fəsli,
Bir fəsil doğulurdu
Ruhunda eşq nəfəsli.
Sağda həyat sıxırdı,
Soldasa ürək səni.
O nəmli gözlərinin
Odu kimi sev məni...
***
~ Bir nəfəslik doğmalıq ~
Gözlərim keçən ömrün
boşluğunu çəkən zaman,
Bir səhər qəfil gəlişinlə aydınlandı günəş.
Bu şəhərin
yuxulu gözlərində bir sevinc doğdu,
Uçuq könlümün pəncərəsinə
addımların səs salanda
Səndən öncəkilər nəfəsində yandı,
Bir nəfəslik doğmalıq oyandı.
Ayaqlarım titrəyən dəqiqələrdə
Ömrün qərib sükutunu bir təlaş boğdu.
Arzuların közərən şam işığında görüşdük,
Üzü dənizə tərəf dayandıq səninlə.
Yaz yağışı saçlarına dağılanda
Ovuclarımda isindi yanaqların,
Mənimsə boğazımda qurudu
hələ deyə bilmədiyim sözlər.
Ruhum toz bağlamışdı illər uzunu
vaxtsız sevdalarda.
Bağışla, bir yol gecikdim ömrünə...
Ürkək gülüşlərinin ardından
Canımdan bir üşütmə keçdi,
Bir eşq oyandı nəfəsindən.
Baxışların damla-damla
süzüləndə könlümə
Canalan gözlərinin
işığında sevdim səni.
Hələ də qulağımdadır:
"Həyatım, səni sevirəm" deməyin,
Və susmağın.
Barmağının ucunda,
əllərinin sığalında
məni oxşamağın...
Gəlməsəydin, bir şeir üşüyərdi ürəyimdə,
Gəlməsəydin, fəsillərin yol ayırıcında
Bir arzu əsərdi gözlərimdə.
Sənsiz ömür-gün yarımdır,
Sənsiz bir ovuc ümid də yarıdır.
Ağaclar təzə çiçək açanda
Könlünün sahilinə liman saldım,
İmza atdım ürəyinə,
Mürəkkəbi dodağında qurudu...
***
~ Sənsizliyin ağrısı ~
Yoxluğunun sabahında
Soyuqladım sənsizliyə.
Bir xatirə saxlamısan
Səni xatırlayım deyə.
O gecənin ayrılığı
Dodağımda uçuqladı.
Bu şəhərdə hara getsəm,
Xatirələr qucaqladı.
Gözündəki soyuq vida
Ürəyimdə buz bağladı.
Sonra yağış çiskinlədi,
Arxanca payız ağladı.
Küləklər tufan qopardı,
Yarpaqlar etdi intihar.
Bu dənizin sahilində
Təsəlli kimi ətrin var.
Əsir düşdüm gözlərinə,
Ürəyinə məhkum oldum.
Çıxıb getdin, səndən sonra
Bu şəhərdə yetim qaldım...
***
~ Getmə, qal ~
Yağış altda islananda saçların
Baxışların ürəyimdə köz olur.
Dodaqların sinəm üstə nəm çəkir,
Nəfəsin eşq, gülüşlərin söz olur.
Gözlərinin sehri nədir, baxanda?
Dil quruyur, səsi əsir adamın.
Səndən uzaq qan ağlayan könlümü
Ovutmağa yetir adi salamın.
Gecələrin boynu bükük, hüznlü,
Yoxluğuna danışıram yuxumu.
Qayıt gəl ki, yox edəsən ömürdən
Bu sənsizlik adlı qara qorxumu.
Dodağımda çata dönən həsrətə,
Ürəyimdə yanan oda nəzər sal.
Ömrüm-günüm, qucaqlayım, yaxın gəl,
Saçlarına pıçıldayım: "Getmə, qal..."
***
~ Sənsiz olmaz ~
Gəncliyimin üstünü
Duman alanda gəldin.
Könlüm yarpaq tökəndə,
Ömrüm solanda gəldin.
Təqvimlərdə susayan
Bir eşq dil açdı səndə.
Susdu bütün ağrılar
Öpüb sığal çəkəndə.
Qaranlıq təkliyimə
Gözündən nur ələdin.
Bu toz basmış ruhuma
Bir azca su çilədin.
Dodağımda çırpınan
Duatək sevdim səni.
Varsa bir şübhə yerin,
Al, çarmıxa çək məni.
Bir gün getmək istəsən,
Gözlərimin qarası,
Sənsiz olmaz, biləsən,
Yoxdur səndən sonrası!
***
~ Sənsizlik ~
Sən gedəndə anladım ki, bu ömrü
Tək başına olmur sənsiz yaşamaq.
Gözlərindən yanağına süzülən,
Ürəyində nifrət dolu yaş olmaq.
Yoxluğundan qüvvət alan bu hicran
Hər gün üzür ürəyimi yerindən.
Ahu-fəqan qoparanda küləklər
Nəfəsini hiss edirəm dərindən.
Sən saçını darayanda gecələr,
Mən içirəm sənsizliyin şərbətin.
Susuzluqdan quruyanda boğazım
Dodağımda çata dönür həsrətin.
Günü-gündən əriyirəm içimdən,
Saçlarıma ağ dən salır sənsizlik.
Gözlərimi bağlayıram-açıram ,
Otağıma yenə dolur sənsizlik.
Nəyim var ki quru candan savayı?
Can alaram, qan tökərəm uğruna.
Üz tutmuşam sənə sarı, qapından
Qovma məni ayrılığın bağrına...
Müəllif; Azər Ağayev






0 Rəy:
Yorum Gönder