Şəhidimlə tanışlığım şəhadətinin 40-cı gününə təsadüf etdi. Ailəsi ilə görüşəndə onun 40 mərasimi idi. Dərdli ananın, kədərli atanın ağrısını azaldacaq söz tapa bilmirdim. Heç vaxt köhnəlməyəcək bu acının ağırlığından ruhum ağrıyırdı. Şəhidimin çərçivədən baxan nurlu simasını gördükcə hisslərim bir-birinə qarışır, kədər və fəxarət hissi bir-birini əvəzləyirdi . Sonda fəxarət hissi özünü daha aydın göstərdi.
Bəli, fəxr ediləsi oğul idi Şəhriyar. Onun haqqında hər kəs qürurla danışırdı. Vətənimin igid oğlu ilə sizi də tanış etmək istəyirəm.
Əsgərov Şəhriyar İsa oğlu 1991-ci il aprel ayının 17-də Cəlilabad rayonunun Göytəpə şəhərində doğulmuşdu. 1997-ci ildə Vüqar Mürsəlov adına 1 saylı şəhər tam orta məktəbinə daxil olmuş, 2008-ci ildə məktəbi bitirmişdi. 2009-cu ilin aprel ayında vətənə olan borcunu ödəmək üçün həqiqi hərbi xidmətə çağırılan Şəhriyar 2009-cu ilin oktyabr ayında xidmətini başa vurmuşdu. Lakin 2012-ci ildə yenidən sənədlərini hərbiyə verərək müddətdən artıq hərbçi kimi xidmətə başlamışdı.
İlk xidmətinə Murovdağ yüksəkliyindən başlayır Şəhriyar. 6 il burada xidmət göstərdikdən sonra Ağcabədi N saylı hərbi hissəyə göndərilir, burada da 2 il xidmət edir.
Xidməti dövründə nümunəvi davranışına görə dəfələrlə fəxri fərman və diplomlarla təltif edilir, medala layiq görülür. Əsgərləri də ondan çox razı idilər. Onlara komandir kimi deyil, böyük qardaş sevgisi ilə yanaşır, qayğıları ilə maraqlanır, bacardığı qədər kömək edirdi.
Vətən müharibəsinin ilk günlərindən - 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Şəhriyar Əsgərov düşmənə qarşı qəhrəmanlıqla döyüşür. Hər döyüş zamanı yüksək qələbə əhvalı ilə irəliləyən komandir əskərlərini də döyüşə ruhlandırır, onların qələbəyə olan inamını hər an yüksəldirdi. Böyük inamla döyüşə atılan döyüşçülər əməliyyatı uğurla yerinə yetirirdilər.
Sonuncu dəfə noyabrın 3-də Xocavənd ətrafında gedən döyüşlərdə iştirak edən Şəhriyar ayağından yaralanır. Yoldaşları ona: -"Yaralanmısan, sürünə-sürünə get buradan, biz döyüşü davam etdirərik",- desə də, o etiraz edir: - "Sizi burada qoyub heç yerə getməyəcəyəm". Sonra qardaşı Eminə zəng edir: -"Qardaş, mən yaralanmışam, artıq bu dünyadan köçürəm. Haqqınızı halal edin, evdəkilər sənə əmanət. İnşaallah, cənnətdə görüşərik". Son cümləsini bitirəndə əlaqə kəsilir. Düşmən onları mühasirəyə alır. Şiddətli gedən döyüş nəticəsində bütün əskər yoldaşları şəhid olur. Şəhriyar son anda da qəhrəmanlıq göstərir - düşmənlərin ona yaxınlaşmağını gözləyir və əlindəki qumbaranı çəkib onlara tərəf atır. 10-a yaxın düşmən əskərini məhv edən Şəhriyar Əsgərov özü də şəhadət zirvəsinə ucalır...
Dininə çox bağlı idi Şəhriyar. O, inanırdı ki, Allah sevimli bəndələrini ali məqama ucaldır. Onlar seçilmişlərdir. Şəhriyar da onlardan biri olmaq istəyirdi.
Şəhid olandan sonra ailəsi bir məktub alır. Şəhriyarın xətti ilə yazılmış məktubda deyilirdi:
"Əziz atam və anam! Siz bu məktubu oxuyursunuzsa, artıq mən axirət dünyasındayam. Biz uşaq olanda bizlərə imam Hüseyndən və onun şəhadətindən danışırdınız. Elə uşaq ikən o danışdğınız şəhidlik zirvəsinin arzusunda olmuşam. Şükürlər olsun ki, rəbbim məni də zirvəyə çatdırdı. Bilirəm,anacan, övlad itkisi sənə ağır gələcək, amma səndən xahişim odur ki, ağlayıb düşmən sevindirməyəsən. Üçrəngli bayraqda məni gətirəndə xanım Zeynəbin müsibətini düşün ki, balasını qurban verdi, xeymətdən çölə çıxmadı. Sən də elə dözümlü ol. Sevin ki, şəhid anasısan, sevin ki, oğlun ağamız Hüseynə müsafirdir.
Gözəl bacım və qardaşım, sizləri də çox istəyirəm. Başınızı hər zaman dik tutun. Sizləri öncə Allaha, sonra bir-birinizə əmanət edirəm. Yazmağa çox söz var, amma sizləri daha çox kövrəltmək istəmirəm. Haqqınızı halal edin!
Hə, bir də, anacan, sənə söz vermişdim ki, torpaqlarımız azad olunduqdan sonra səni Şuşaya istirahətə göndərəcəyəm. Üzürlü say, anacan, ilk dəfə sənə verdiyim sözü tuta bilmədim. Öpürəm sizləri. İsa və Xədicəni hər gün mənim əvəzimdən öpün. İnşaallah, cənnətdə görüşərik. Haqqınızı halal edin. Oğlunuz Şəhriyar".
Bu, Şəhriyar Əsgərovun ailəsinə yazdığı son məktubu idi...
Ruhun şad olsun, qardaşım. İndi vətən göylərini üçrəngli bayraq bəzəyir, vətən torpağı rahat nəfəs alır. Uğrunda candan keçdiyin doğma ellər azadlığına qovuşdu. Bu zəfərdə sənin də payın var. Haqqın ödənməz, eloğlu. Sən haqqını bizə halal et.
Şəhriyar İsa oğlu Əsgərov şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif olunmuşdur.
Müəllif: Sevil Gül Nur








0 Rəy:
Yorum Gönder