1.30.2021

Günəş sistemi və quruluşu haqqında

Günəş sistemi — Günəş və onun cazibə qüvvəsinin təsirində olan səkkiz planetlə onların məlum 166 təbii peyki, beş cırtdan planetlə onların məlum altı təbii peyki və milyardlarla kiçik göy cisimlərindən ibarətdir. Kiçik göy cisimləri qrupuna asteroidlər, Koyper qurşağındakı cisimlər, kometlər, meteorlar və planetlərarası mühit-qaz və toz daxildir.
Günəş sistemində yerləşən ilk dörd planetə Yer qrupu planetlər, digər dörd planetə isə Nəhəng planetlər deyilir. Koyper qurşağından kənarda isə seyrək disk şəklində olduğu düşünülən Oort buludunun yerləşdiyi təxmin olunur.
Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptundur. Bu səkkiz planetin altısının ətrafında dolanan təbii peykləri vardır. Bundan başqa nəhəng planetlərin ətrafında fırlanan toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Yer planetindən başqa digər planetlərin adlarının mənşəyi Yunan və Roma mifologiyasındakı tanrılardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cisimdir. Erida məlum olan ən böyük cırtdan planetdir.
Kaliforniya Texnologiya İnstitutunun əməkdaşları olan Mayk Braun və Konstantin Bariginin fərziyyələrinə görə Günəş sistemində Yerdən on dəfələrlə böyük olan Doqquzuncu Planet də vardır. Doqquzuncu planet ya da şərti olaraq Planet X adlandırılan bu planetin olması fərziyyəsi Koyper qurşağındakı cisimlərin hərəkəti izlənilərək ortaya atılmışdır.

Terminlər
Günəşin ətrafında hərəkət edən cismlər əsasən üç yerə bölünür: planetlər, cırtdan planetlər və kiçik Günəş sistemi cisimləri.
Günəşin ətrafında hərəkət edən, özlərinə kürə forması verə biləcək kütləsi olan və orbitinin yaxın ətrafı təbii peykləri istisna olmaqla təmizlənmiş olan göy cismlərinə planet deyilir. Bilinən səkkiz planet vardır: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun. Planetlərin Günəşdən olan uzaqlıqları orbitləri boyunca fərqlənir. Planetlərin Günəşə ən yaxın olan məsafələrinə perigeliy, ən uzaq olan məsafələrinə isə afeliy deyilir.
24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı planet anlayışının dəqiq təsvirini verərək Plutonu səsvermə ilə planetlər sırasından çıxartmış və cırtdan planetlər sırasına daxil etmişdir. Plutonla birlikdə Serera, Erida, Haumea və Makemake də yeni anlayış olan cırtdan planetlər sırasına qatılmışdır. Cırtdan planetlər Günəşin ətrafında hərəkət edən, özlərinə kürə forması verə biləcək kütləsi olan, ancaq orbitlərindəki digər göy cismlərini təmizləyə bilməyən göy cismlərinə deyilir. Vesta, Pallas, Haygiya və Xaron Günəş sistemindəki cırtdan planet olmağa namizədlərdir.
Planetlər və cırtdan planetlərdən olmayan digər Günəş sistemi cismlərinə isə kiçik Günəş sistemi cismləri deyilir. Təbii peyklər planetlərin, cırtdan planetlərin və digər göy cismlərinin ətrafında dolanan göy cismləridir.
Astronomlar əsasən Günəş sistemindəki məsafələri Astronomik Vahidlə (AV) ölçürlər. 1 AV Günəş ilə Yer arasındakı uzaqlığa bərabərdir. Hal-hazırda qəbul olunan dəyəri 149 597 870 691 ± 30 metrdir. Ulduzlararası məsafə ölçü vahidi olan İşıq ili təqribən 63240 AV-yə bərabərdir.
Günəş sistemi bəzən qeyri-rəsmi olaraq fərqli bölgələrə ayrılır. İç Günəş sistemi adlandırılan hissəyə ilk dörd planet və Asteroid qurşağı daxildir. Bəzi astronomlar Asteroid qurşağından qıraqda qalan bölgəni Xarici Günəş sistemi adlandırırlar. Digər astronomlar isə Yupiter, Saturn, Uran və Neptunun yerləşdiyi bölgəni Orta Günəş sistemi, qalan hissəni isə Neptundan kənarda qalan bölgə adlandırırlar.

Quruluşu
Günəş sisteminin mərkəzində sistemin bilinən kütləsinin 99,86%-ni təşkil edən və cazibə qüvvəsi ilə sistemi ətrafında saxlayan G2V tipli bir sarı cırtdan ulduz olan Günəş yerləşir.  Sistemin qalan kütləsinin 90%-ni isə Günəşin ətrafında hərəkət edən ən böyük iki cism olan Yupiter və Saturn təşkil edir.
Günəş sistemindəki göy cismləri Günəşin ətrafında Kepler qaydalarına uyğun olaraq hərəkət edirlər. Hər göy cismi Günəşin ətrafında təqribən ellipsvari orbitlə hərəkət edirlər. Günəşə daha yaxın olan göy cismləri daha sürətlə hərəkət edirlər. Planetlərin orbitlərinin quruluşu dairəyə daha yaxın olsa da, çoxlu kometa, asteroid və Koyper qurşağındakı cismlər olduqca dartılmış ellips orbitə sahibdirlər.
Günəş sistemindəki uzaq məsafələri təsvir etməyin çətinliyi səbəbindən orbitlər əsasən bərabər uzaqlıqda göstərilir. Reallıqda isə bir neçə istisnadan başqa bir planet və ya qurşağın Günəşdən olan məsafəsi artdıqca özündən əvvəlki orbitlə arasında olan məsafə də artır. Buna örnək olaraq Venera Merkuridən 0,33 AV məsafədə yerləşirsə, Saturn və Yupiter arasındakı məsafə 4,3 AV-yə bərabərdir. Neptun da Urandan 10,5 AV daha uzaqda yerləşir. Bu orbitlər arasındakı məsafələrlə bağlı qanunauyğunluq qurmağa çalışan Titius-Bode qanunu kimi bəzi cəhdlər olsa da, qəbul edilən bir nəzəriyyə olmamamışdır.
Günəşin ətrafında hərəkət edən böyük göy cismlərinin orbitlərinin çoxu Yerin orbitinin ekliptik adlanan müstəvisində yerləşir. Planetlər ekliptikə çox yaxın olduqda kometalar və Koyper qurşağındakı göy cismləri ekliptikin çevrəsi ilə böyük bucaqlar yaradır.

Formalaşması və təkamülü
Günəş sisteminin ilk dəfə İmmanuel Svidenbori tərəfindən 1734-cü ildə ortaya atılan və daha sonra İmmanuel Kant tərəfindən 1755-ci ildə təkmilləşdirilən Nebulyar hipotezə uyğun olaraq formalaşdığı düşünülür. Oxşar fərziyyə Pyer Simon Laplas tərəfindən sərbəst şəkildə 1796-cı ildə ortaya atılmışdır.  Bu fərziyyəyə görə Günəş sistemi 4,6 milyard il bundan əvvəl Molekulyar buludun çökməsi nəticəsində meydana gəlmişdir. Bu ilk buludun bir neçə işıq ili böyüklüyündə olduğu və bir neçə ulduzun formalaşmasına səbəb olduğu düşünülməkdədir. Qədim kometaların tədqiq olunması nəticəsində onların tərkibində ancaq partlayan çox böyük ulduzların mərkəzində formalaşa biləcək kimyəvi elementlərə rast gəlinmişdir. Bu səbəbdən də Günəşin bir ulduz qrupu içində ya da bir neçə ifrat yeni ulduzun partlamasının yaxınlarında olduğu düşünülür. Bu ifrat yeni ulduzların partlaması nəticəsində yaranan şok dalğaları molekulyar buludun içində yüksək sıxlığa sahib olan bölgələrin yaranmasına imkan yaratmış və buludun çökməsinə səbəb olacaq cazibə qüvvəsinin formalaşmasına şərait yaradaraq Günəşin yaranması prosesini başlatmış olduğu düşünülür. 
Sonradan Günəş sistemi olacaq bölgədə olan Günəşdən əvvəlki buludlu yer 7000-20000 AV ölçüsünə və Günəşin kütləsindən bir az daha çox kütləyə sahibdi.  Molekulyar bulud içə doğru çökdükcə impuls momentinin qorunması səbəbi ilə daha da sürətlə dönməyə başladı. Buludun içindəki maddələrin sıxlığı artdıqca içindəki atomlar artan tezliklərlə toqquşmağa başladı. Demək olar ki, buludun kütləsinin böyük bir hissəsinin toplandığı mərkəzin istiliyi ətrafındakı disklə müqayisədə getdikcə daha da artdı. Cazibə qüvvəsi, qaz təzyiqi, maqnit sahələri və dönmə kiçilən buluda təsir göstərərək təqribən 200 AV ölçüsündə öz ətrafında dönən planetlərdən əvvəlki bir diskin yaranmasına səbəb oldu. Bu diskin mərkəzində isti və sıxlığı yüksək bir ilkin ulduz forlamaşdı. 
Günəşin təkamülünün bu dövrünə oxşayan gənc və birləşmədən əvvəlki Günəş kütləsinə sahib olan T Tauri ulduzları ilə bağlı aparılan tədqiqatlar əsasən planetlərin formalaşmasından əvvəlki disklərin bu cür ulduzlarla birlikdə olduğunu göstərir. Bu disklər bir neçə yüz AV genişliyə və ən isti olduqları bölgədə ancaq 726.9 °C istiliyə çatırlar.

@VİG TV
 

0 Rəy:

Yorum Gönder