XX əsrin 50-ci illərindən özünün təşəkkülünü tapan televiziya birmənalı şəkildə kütləvi informasiya vasitəsi kimi təqdim olunsa da, zaman axarında onun mədəniyyət prosesində yeri və əhəmiyyəti, incəsənət əsərlərinin təbliğatçısı, təqdimatçısı çıxış etməsi və ən əsası audiovizual sənət növü kimi özünün bədii əsaslarını, estetik konsepsiyasını təyin etməklə həm də incəsənətin bir növü kimi çıxış etməyə başladı. Tanınmış kinoşünas S.Freylix televiziyanın da kino kimi əvvəl informasiya vasitəsi adlandırıldığını, lakin televiziyanın da kinematoqraf kimi tədricən özünün bədii dilini müəyyən etdiyini qeyd edərək «Artıq kütləvi inofrmasiya vasitəsi kimi TV-nin tərkibində və onun texniki bazası əsasında televiziya sənəti fenomeni biçimlənir» (С.Фрейлих. Теория кино: от Ейзенштейна до Тарковского. Москва. 2002) fikri ilə bu prosesi düzgün dəyərələndirmiş olur. Deməli, incəsənətin bir növü kimi özünün yaradıcı yolunu, dilini müəyyən edən televiziyanın üzərinə düşən mədəni-maarif funksiyasının icrası təkcə bədii əsər nümunələrinin ekran vasitəsi ilə təqdimatı deyil, özünün yaradıcı bazasında lentə alınan sənət əhəmiyyəti daşıyan audiovizual əsərlərin istehsalı ilə yerinə yetirməsi üzərində qurulmalıdır. Dünya TV praktikası və bu xüsusda Azərbaycan televiziyasının keçdiyi yaradıcı yola nəzər yetirdikdə mədəni həyatda hadisəyə çevrilən və mədəni-maarif işinin yerinə yetirilməsinə xidmət edən ekran nümunələrini göstərə bilərik. Bədii, elmi-kütləvi və sənədli filmlər, verilişlər tamaşaçıların maarifləndirilməsində, onların mənəvi tərbiyəsində özünün böyük yerini tutmuşdur.
Azərbaycan
teleməkanında böyük tarixi ənənələr bu gün də davam etdirilir desək,
yanılmarıq. İstər dövlət televiziyasında, istər kommersiya kanallarında
tamaşaçıların mədəni maariflənməsi işinə xidmət edəcək ekran nümunələri
yaranır. Doğrudur, onların hər biri özünün sənətkarlıq kamilliyi, yenilikçi
axtarışları ilə seçilməsə də, bu sırada təqdirə layiq işləri də qeyd etmək
yerinə düşərdi. Tarixi, mədəni, siyasi, həmçinin sosial maarifçilik işini
özündə birləşdirən bu cür işlər teleməkanımzda yeni yaradıcı yolun müəyyən
olunmasında böyük yer alır. AzTV-nin «Sabah» YB-da istehsal olunan «Fatehlərin
divanı», «Nigarançılıq» (rejissor Ramiz Həsənoğlu) teletamaşaları,
«Azərbaycantelefilm»də istehsal olunan «Odlu məmləkət» (rejissor Nazim Rza),
ANS-in «Əsirlər və sirlər» (müəllif Gülşən Əliyeva), Lider TV nin «Azərbaycan»
redaksiyasının filmləri, həmçinin «Proyekt 66» proqramı, SpaceTVnin «Azərbaycan
xanlıqları» telelayihəsi (müəllif Mehriban Ələkbərzadə) və «SOY production»un
«Qırmızı xətt» silsəiləsindən olan filmləri çağdaş teleməkanda ölkənin
tarixini, mədəni irsini təbliğ edən, sosial, siyasi maarifçiliyi həyata keçirən
ekran nümunələri kimi qeyd oluna bilər.
Mədəni-maarif
müəssisələrinin işinin zəiflədiyi, ictimai həyatda başlıca yerini itirdiyi bir
dönəmdə televiziyalar tamaşaçıların maariflənməsi, onların mədəni-intellektual
səviyyəlrinin artırılması işində özünün kütləviliyindən, əhatə dairəsindən,
təsir imkanından səmərəli istifadə etməsi bir ictimai tələb kimi ortaya çıxır.
Burada bir mühüm amil də TV-nin kütləvi tamaşaçıya eyni vaxtda təsir etmə, onun
zövqünü, dünyagörüşünü formalaşdırma işidir ki, bu da digər mədəni-maarif
müəssisələrinin imkan xaricindədir. Demokratik cəmiyyət üçün tamaşaçını
maarifləndirmə işi televiziya üçün əsas və vacib sahə olaraq qalmaqdadır.
«Televiziya maarifləndirə də bilər, kütləşdirə də» (С.Фрейлих. Теория кино: от Ейзенштейна до Тарковского. Москва. 2002) fikri
TV –nin real gücünü və təsir imkanını göstərməklə bərabər, üzərinə düşən
ictimai vəzifənin cəmiyyət üçün əhəmiyyətliliyini göstərir.
Dünyada
gedən proseslərə, yaradıcı axtarışlara baxmaq imkanı qazanan ölkə tamaşaçısı
peyk antenası vasitəsi ilə sənətkarlıq cəhətdən kamil, yüksək səviyyəli
proqramları, televiziya verilişi və filmlərinin yaradıcı gücünü duyduqdan sonra
ölkə kanallarında da bu cür səviyyəli ekran nümunələrini görmək arzusunda olur.
Postmodernist düşüncə tərzi epoxasında tamaşaçıya köhnədən qalma forma və
üslubla yanaşmaq, onun maariflənməsi üçün artıq sıradan çıxan metodlarla
filmlər, verilişlər yayımlamaq uğursuz addım kimi effekt vermədəyi faktınının
sübuta ehtiyacı yoxdur. Yalnız bədii cəhətdən kamil, televiziyanın əsas dili
olan görüntü kamilliyi, müasir metod və texnologiyalardan bəhrələnərək yaranan
audiovizual sənət növü tamaşaçını baxmağa həvəsləndirə, ona əsas ideyanın bədii
dillə çatdırılmasına imkan verə bilər. Hansı ideya yükünü daşımasından asılı
olmayaraq ekran əsəri yalnız bədii cəhətdən kamil olunca lazımi effektini verə
bilər.
Azərbaycan
teleməkanında özünün yaradıcı yenilikləri, axtarışları ilə zəngin olan
mədəni-maariflənmə işində SOY productionun «Qırmızı xətt» layihəsinin
əhəmiyyətini xüsusi ilə qeyd etmək gərəkdir. Qarışısında mədəni, sosial,
ictimai problemlərin araşdırılması, tarixi gerçəklikləri tamaşaçı üçün yeni
olan faktlarla zəngin bir tərzdə təqdimatı kimi vəzifələr qoyan «Qırmızı xətt»
silsiləsi özünün dramaturji strukturuna və formasına görə televiziya
verilişinin poetikasına yaxın olsa da, burada film elementlərindən məharətlə
istifadə olunması ona yeni, fərqli bir biçim təqdim etmiş olur. Janr
tələblərindən düzgün tərzdə imtina edərək, sərhədləri pozaraq yeni ifadə
vasitəsi ilə tamaşaçıyla ünsiyyətə girmək, əhəmiyyət daşıyan inofrmasityanın
yeni bir tərzdə təqdimatına nail olmaq rejissor Səyavuş Hüseynlinin başlıca
sənətkar qayəsinə çevrilib. Rejissor mövcud formalardan bəhrələnərək onların
simbiozunu yaratmaqla tamaşaçıya gündəlik həyat ritminə yaxın bir ritmdə
problemi, reallığı, həqiqəti qabarıq tərzdə təqdim edərək, onun altından xətt
çəkir. Lakin rejissorun bunu sadəcə xətt çəkmək üçün etmədiyi, problemə
dərindən yanaşdığı, onu da vətəndaş kimi narahat edən məqamların həlli
yollarını axtarmaq cəhdi ilə çıxış etdiyi silsilənin hər filmində bariz
nümunəsini tapır. Rejissor silsilələri təqlim etməklə əslində bütöv halda
Azərbaycan gerçəkliyinin tam mənzərəsini yaratmağa çalışır. «Təhlükəli nikah» filmində
problem kimi qohum nikahının fəsadları qoyulursa, «Qara daşların əfsanəsi»ndə
problem vaxtı ilə mifə çevrilən dəniz şəhərinin bir günü axarında ideoloji
miflərin öldüyü, atıldığı problemi tamaşaçıya çatdırılır. Mövzu müxtəlifliyinə
rejissor yaradıcı axtarışlarla yanaşaraq, onun bədii dilini də çeşidli edə
bilir.
«Saray
sakinləri» (1999) filmində Saray qəsəbəsində zehni cəhətdən qüsurlu uşaqların
real həyatı və arzuları axarında qayğı, diqqət həsrəti özünün bədii tərzdə
təqdimatını tapa bilir. Filmin dramaturji həllində xronoloji ardıcıllıqla uşaq
evinə daxil olaraq oradan çıxana qədər uzanan məsafə üzərində qurulmaqla özünün
toqquşmasını validyenini gözləyən qızın ağlamasında tapması filmin məzmun
yükünü zəngin edir, hadisəlilik prinsipini qoruyur. Rejissor ümumi
tempo-ritmində dinamika dəyişgənliyi ifadə vasitələri ilə təqdim etməklə
əslində bu ziddiyyəti yetişdirir- sakit axarlı adi bir gün, hər şey olduğu kimi
gedir, uşaqlar sanki xoşbəxt görünür və birdən onların həyatında iz buraxan
əsas məqam açılır. Məhz qayğı, valideyin həsrəti və illərlə övladına baş
çəkməyən valideynin xəyali obrazı ziddiyyətin kökündə durur. Filmdə validyenin
axtarılıb tapılaraq onun ittihamının, özünün müdafiə durması ilə problem şərti
həllinə nail olmaq cəhdinin olmaması olduqca uğurlu bir hadisə kimi
dəyərləndirilə bilər. Hər şey o məkanda başlayır və elə onun divarları arasında
da bitir. Montajda videoeffektlərdən, keçidlərin mənalı alınması üçün
tapıntılardan istifadə edən rejissor publistikanı televiziya dilinə çevirərək
kadr arxası monoloqla deyil, bitkin görüntü ilə «danışır». problemin gücünü,
mahiyyətini, dramaturji ziddiyyət və onun sakit finalını göstərir. Sözsüz ki,
bu qədər bədii cəhətdən zəngin, görüntü kamilliyi ilə seçilən filmin tamaşaçı
bilincinə müsbət təsiri danılmazdır. Tamaşaçı problemdən agah olur, onu görür,
yaşayır və özünə lazım olan nəticəni çıxara bilir. Çünki film pedaqoq rolunu
oynayaraq tamaşaçıya dərs keçməkdən çox uzaqda duraraq, düşünməyə imkan
verərək, nəticənin özü tərəfindən çıxarlmasına imkan yaradır.
«Qırmızı
xətt» silsiləsindən «Dilənçi peşəsi» (1999) filmində isə Səyavuş Hüseynli
rejissor kimi fərqli bir mövzunu araşdırır-dilənçilik peşəsi. Bədii ifadə
vasitələrindən istifadə edən rejissor filmini şəhərdə maşınların qarşısını
kəsib pul istəyən dilənçilərlə başlayır, sonra A.Puşkinin «Qaraçılar»
poemasından gətirilən sitatla qaraçı köçü içərisində arabada gedən aparıcnın
görüntüsü və dilənçlik peşəsi ilə məşğul olan qaraçıların ölkəmizə gəlməsindən
söz açılır. Onların Ağdaş məskunlaşmaları, evləri və ailələri göstərilir,
tamaşaçı üçün müasir qaraçı obrazı yaradılır. Bunlan dilənçiliyi eyib sayan,
əməklə məşğul olan insanlardır. Rejissor məharətlə təmizlik barədə şer deyən
uşaqdan şəhərdə dilənçilik edən uşağa keçid verməklə əslində ziddiyyəti iki cür
həyat tərzi keçirən qaraçıların öz üzərinə atır. Oturaq həyat tərzi keçirənlər
şəhərdəkiləri qınayır, şəhərdəkilər də müxtəlif problemlərdən danışaraq
özlərinə haqq qazandırmaqla dilənçiliyn peşə olduğunu göstərmiş olurlar.
Rejissor burada da nəticə çıxarmır, gerçəkliyi göstərir və epiloqda ehtiyac
içində yaşayan qocaların dilənməyini göstərməklə bu iki zümrə arasında fərqi
açıqlamaqla peşə ilə ehtiyacın fərqini üzə çıxararaq tamaşaçının düzgün
istiqamətə yönəlməsinə yardım edir. Səyavuş Hüseynli problemin mahiyyətinə
vararaq onu portret təsvir kimi deyil gerçəkliklər arasında olan ziddiyyətin
üzə çıxarlıması şəklində təqdim edir. Rejissorun poetikasına xas olan dinamika
dəyişgənliyi, estetik biçim tərzi filmin ritimini artırmaqla, onun görüntü həllini
zəngin etməklə yaradıcı cəhətdən kamil bir əsərin meydana gəlməsinə imkan
verir. Filmdə üslub və forma xüsusiyyətləri janr əlvanlığı axarında qorunmaqla
onun ideya-məzmunu ilə üzvi vəhdət şəklində təcəssüm olunur ki, bu da mövzu
həllinin bədii gücünü əks etdirən mühüm amildir.
Rejissorun
«Bakı binaları» (2000) filmində isə albom janrının fəndləri özünü bariz şəkildə
göstərir. Səyavuş Hüseynli memarlıq cəhətdən sənət incisi olan Bakı
binalarınının obrazını yaratmağa çalışır. Binların görüntüsü, memarlıq
üslubunun başlıca cəhətləri, tarixi barədə məlumat maraqlı operator işinin
köməyi ilə bəzən gündəlik qayğılarımızda nəzərdən qaçırtdığımız inciləri
göstərməklə çatdırılır. Lakin rejissor burada da bədii
elementlərə-səhnələşdirmələ əl ataraq əsrin əvvəlində özünün inkişafını yaşayan
Bakının ruhunu, həyat tərzini göstərməyə çalışır. Aparıcının nitqi ilə
A.Nağıyevin pul qəbzinə gözünü yumaraq imza atması səhnəsində zaman məfhumunu
aradan götürməyə çalışan rejissor, dünənə-binaların tikildiyi günlərə bir xəyali
körpü yaratmaqla həm də informasiyanın çatdırılması üçün təkcə yorucu bina
kadrları və ya arxiv materiaları ilə kifayətlənməyərək dinamika, bədii
elementlə zənginlik yaratmağı bacarır. Binaların üzərində olan naxışlardan
keçid elementi kimi istifadə edən rejissor, aparıcını o dövrə aid geyimdə
eyvanda oturaraq danışdığı əhvalatı özü tərəfindən ifa olunmasını bir yaradıcı
fənd kimi uğurla həyata keçirir və filmin ümumi üslub cəhətlərinə uyğun tərzdə
yenə zaman dəyişimini göstərmiş olur. keçidlərin formaca yeni, görünüşçə
maraqlı bir tərzdə icra edilməsi filmin ümumi dinamikasını artırmaqla ona
baxımlılıq verir. Rejissorun mizankadrları kifayət qədər tempo-ritmə uyğun,
ifadəli və ideya-mövzunun uğurlu yozumu ilə vəhdət şəklində verməsi onun
yaradıcı uğuru sayıla bilir. Səyavuş Hüseynli açıq havada olan muzeyin
incəliyini, ecazkarlığını duyur, tamaşaçıya zövq almağa imkan verir, həmçinin
müşahidəçi kimi qalmayaraq bayaqdan zaman elementindən istifadə etdiyi kimi
yenidən ona müraciət edərək bu günə qayıdır və göstərilən gözəlliyə öldürücü
zərbəni, yeni binaların heç bir memarlıq əhəmiyyəti daşımadığını qabardır.
Burada rejissorun vətəndaş kimi sənətə, memarlıq nümunələrinə və ruhunu duyaraq
filmə gətirdiyi Bakıya olan münasibətini ortaya qoymaqla tamaşaçıda gözəlliklə
dağıntı arasında seçim etmək üçün düşünmək imkanı yaradır. Bu filmdə biz təkcə
memarlıq tariximizin təbliği, Bakının yaxın tarixinin araşdırılmasının deyil,
sakin və onun şəhəri davranışının biçimlənməsi üçün atılmış addımı görürük. Bu
fikir ideya yükünün əsasında duraraq özünün bədii həllini tapmış şəkildə biruzə
verir.
Gənc
rejissor Səyavuş Hüseynlinin yaradıcı dəsti xəttində, peşəkar üslubunda və
poetikasında yer alan yenilikçi axtarılar, mükəmməl forma-ideya vəhdətinin
audiovizual dildə təqdimatı, görüntü plastikasının mövzunun tempinə görə həlli,
mizankadr əlvanlığı, estetik platofrma və vətəndaşlıq mövqeyi «Əsirlər»,
«Təhlükəli nikah», «Təriqət toru», «Qırmızılar», «Qara daşların əfsanəsi»,
«Pulun o biri üzü» və başqa filmlərdə qoruyub saxlaşmış, özünün yaradıcı
kamilliyinə çatmışdır.
Məhz bu cür istedadlı rejissorların mükəmməl yaradıcı cəhətdən kamil, ideya-məzmun cəhətdən dolğun və əhəmiyyətli ekran nümunələri çağdaş teleməkanımızda mədəni maarifçilik işinin düzgün məqsədyönlü tərzdə qurulması, effektiv alınması və tamaşaçı marağına xidmət edəcək şəkidə təzahür olunması ilə təsir gücü ilə imkan verir. Bu günün tamaşaçısına məhz yaradıcı cəhətdən ustalıqla hazırlanmış ekran nümunəsi ilə təsir etmək, onun maariflənməsinə kömək etmək olar.
Ədəbiyyat siyahısı
- A.Dadaşov.
KİV-də reklam və marketinq problemləri. Bakı 2001
- A.Aslanov.
İncəsənət və tərbiyə. Bakı. 1967.
- В.Егоров. Телевидиние между прошлым и
будущим. Москва, 1999.
- В.М. Карелина. На экране и за экраном.
Москва, 1982
- В.Саппак. Телевидиние и мы. Москва,
1988.
- Э.Багиров. «ТВ 70-их. Некоторые
особеннности развития» ТВ. Вчера, сегодня, завтра. Москва, 1984
- С.Фрейлих. Теория кино: от Ейзенштейна
до Тарковского. Москва. 2002
AMEA Memarlıq və İncəsənət
İnstitutunun aspirantı






0 Rəy:
Yorum Gönder