Göyə baxsan günəşdir, yerə baxsan bircə dən,
Min ürəyə yol olar ümid adlı bircədən.
Yazda qaranquşundan, qışda donan sərçədən,
Soruş, nədir ki Vətən?!
Təbiətin özündə açılmayan sirr dolu,
Tapılmayan xəzinə, bilinməyən dürr dolu.
Bir insan tap, qəlbinin hər tinində hürr dolu,
Soruş, nədir ki Vətən?!
Amalıyla, adıyla öyünürsə, ürəkdir,
Atəşiylə, oduyla öyünürsə, ürəkdir.
Vicdanının nəbziylə döyünürsə, ürəkdir,
Soruş, bilir ki, Vətən..,
Vətən quru ad deyil,
Haqsızların dilində "bəh-bəh" deyil, dad deyil.
"Vətənpərvərəm" demək fövqəlistedad deyil,
Əldən gedir ki Vətən...
Sönüb əldə çırağı,
Kimlərin əlindədir, ovcundadır yarağı?!
Başımızın üstündə çin-çəkicli marağı
Hökm edir ki, zatən..,
Tanrının qucağında var olsa, var yerimiz,
Geniş olsa, gen olar, dar olsa, dar yerimiz.
Hələ də susmaqdadır nədənsə ar yerimiz,
Müddətimizdir bitən.
Yüz illik tarixində statistik yazılar,
Boydan böyük, şişirtmə, hətta mistik yazılar.
Şairindən gözlənən publisistik yazılar,
Nəyi güdür ki, Vətən?
***
Xeyir gəlməz gecə-gündüz yatandan,
İgid oğul ayıq olsa, yaxşıdır.
Sürüşməsin ayağının altından,
Ayağını yerə bərk sıx, yaxşı dur.
Odur sənin ön cəbhədə yoldaşın.
Ürəyində vətən daşı, el daşı,
Sərhədi aş, cövlana çıx, yaxşı dur!
Səngər içi həm beşikdi, həm qəbir,
Bəzən susur, gəlmir ordan səs-səmir.
Daha burda köhlən atlar kişnəmir,
Daha mərdlər meydanı yox, yaxşı dur!
Canını ver, canla qoru postunu,
Qanını tök, qanla qoru postunu.
Geriyə çək sirdaşını, dostunu,
İrəli get, düşməni yıx, yaxşı dur!
Sən əsgərsən, hər şey sənin əlində,
Ana, Vətən sözləri var dilində.
Ömrü vardır qönçə açmış gülün də,
Gövdəsində tikana bax, yaxşı dur!
Gözlərində yurd eşqinin nidası,
Eşq ruhunun, ürəyinin qidası!
Bu şeir olsun qələbənin sədası,
Köməyində dursun Allah, yaxşı dur!
***
Para-para bölünən çörəkdir, yoxsa vətən?!
Aram-aram döyünən ürəkdir, yoxsa vətən?!
Doğrusu, heç bilmirəm çörək yoxsa vətən nə?!
Görən, niyə yazıram bu şeirimi vətənə?!
Doğrusu, heç bilmirəm ürəyimin qədrini...
Bilmirəm ki, kim əyib bu vətənin qəddini?!
Bilmədiyim çox şey var, elə sual verirəm.
Oxucuya sözümü dəyməmiş, kal verirəm...
Oxucu da çox sevir ox ucu yayınanda.
Neçə mətləbi dedim, birbəbir sayılanda...
Vətəni vəsf edimmi?... Böyük hərflə başlayan,
Böyük-böyük yerlərdə "böyüdülən" vətəni...
Böyük düşüncələrdə, böyük dəyirmanlarda
üyüdülən vətəni.., vəsf edimmi?! Yox, niyə?!
Cavabların yanında suallarım çox, niyə?!
Öləcəyəm bu dərddən çəkə-çəkə, ax, niyə?!.
Suallarım bitərmi?! Bitib dərdim itərmi?!
Deyinirəm, dinirəm, çəkdiyim heç yetərmi?!
Para-para bölünən çörəkdir, yoxsa vətən?!
Aram-aram döyünən ürəkdir, yoxsa vətən?!
Müəllif; Vüsal YURDOĞLU






0 Rəy:
Yorum Gönder