Atropatena tarixinin öyrənilməsində Naxçıvan arxeoloji abidələrinin rolu
Qədim Azərbaycan dövləti olan Atropatena ərazisində çoxsaylı tarixi abidələr
qeydə alınmış və arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntı işləri həm Cənubi
Azərbaycan, həm də Azərbaycan Respublikası
ərazisində aparılmışdır. Bu baxımdan antik dövrə aid (e.ə IV- b.e.III əsrləri) Naxçıvan
ərazisində aşkar olunmuş arxeoloji abidələr Atropatena dövlətinin tarixinin öyrənilməsində
əvəzsiz mənbə rolunu oynayır.
Naxçıvan diyarı e.ə. VI əsrin ortalarından e.ə. IV əsrin 30-cu illərinədək
Əhəməni imperiyasının hakimiyyəti altında olmuşdur. Əhəməni imperiyası Makedoniyalı İskəndər tərəfindən süquta uğradıldıqdan sonra Naxçıvan ərazisi qısa müddətdə Makedoniyalı İskəndərin imperiyasının tərkibində olmuşdur. Makedoniyalı İskəndərin imperiyası
parçalandıqdan sonra Naxçıvan ərazisi yeni yaranan
Atropatena dövlətinin tərkibinə daxil olmuş, bu dövlətin süqutuna qədər onun tərkibində qalmışdır.
Naxçıvan ərazisi Atropatena
dövlətinin paytaxtı Qazaka şəhərinə yaxın yerləşdiyindən Yaxın Şərqin bir sıra şəhərləri ilə iqtisadi və mədəni əlaqələri xeyli gücləndirmiş, antik dünya xalqları ilə sıx ticarət əlaqələri yaratmışdır. Bu barədə qədim yunan, roma, ərəb, yəhudi müəlliflərinin əsərlərində az da olsa məlumatlar vardır. Klassik Roma ədəbiyyatının nümayəndəsi Kvant Horatsi Flakkın, yəhudi tarixçisi Flavi İosifin və məşhur yunan coğrafiyaşünası Klavdi Ptolomeyin əsərlərində Naxçıvan haqqında məlumatlar vardır.
Son illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun «Antik Naxçıvan» arxeoloji ekspedisiyası Naxçıvan Muxtar Respublikası ərazisində antik dövrə aid yaşayış yerləri və qəbir abidələri qeydə almış və arxeoloji tədqiqat işləri aparmışdır.
Naxçıvan şəhərində aşkar olunmuş antik dövrə aid nekropolda aparılan tədqiqat
işləri nəticəsində əldə edilən
saxsı məmulatı, metal, şüşə, bəzək əşyaları, qliptika nümunələri və nəhayət Makedoniyalı İskəndərin adına
kəsilmiş gümüş sikkə bu ərazinin antik dünya ilə geniş əlaqə yaratdığının bariz
nümunəsidir. Şərur rayonu ərazisində Püsyan
kəndi yaxınlığındakı yaşayış yeri və nekropolunda aparılmış tədqiqatlar nəticəsində
əldə edilmiş daş əmək alətləri, bardaq, cam və s. saxsı məmulatları
bu ərazidə sənətkarlığın geniş inkişaf etdiyini
göstərir. Bundan əlavə Şərur rayonu ərazisində Oğlanqala, Aqvantəpə, Qoşatəpə və Babatəpə
abidələrində aparılan tədqiqatlar bu diyarın tarixi baxımdan xüsusi elmi əhəmiyyətə
malik olduğunu göstərir.
Son illər Babək, Culfa və Ordubad rayonları ərazisində yeni abidələr qeydə alınmış və tədqiqat
işləri aparılmışdır. Meydantəpə abidəsindən aşkar olunmuş materialların müqayisəli təhlili göstərir ki, Naxçıvan Atropatena dövlətinin əsas ticarət mərkəzlərindən biri olmuş, Yaxın Şərqdə xüsusilə antik
mədəniyyətin yayıldığı ölkələrlə Cənubi Qafqazın iqtisadi, mədəni əlaqələrinin
daha da genişlənməsində həlledici rol oynamışdır.






0 Rəy:
Yorum Gönder