" SƏNDƏN SONRA "
( Amaliya xanımın xatirəsinə )
Sən günəş kimiydin -
işığın hamıya çatırdı.
Gülüşün məlhəm olub,
hər ürəyə yatırdı.
Çiçək- çiçək açıldın,
yarpaq- yarpaq töküldün.
Torpağın üstündə
qərar tutmadın,
torpağın altına çəkildin.
Getdin...
Özün boyda daş oldun.
O gecə göylər də ağladı,
yağış yağdı,
üstünü qış aldı.
Dünyanı dolduran
sən imişsən,
Səndən sonra dünya boşaldı.
----------------------------
" ÖMÜR DEDİYİN "
Adamsız küçələrin
kimsəsiz daxmaları kimi
təklənmiş xatirələrin
ağırlığı var üzərimdə...
İndi həsrətlər daha dərin,
ömür dediyin
qayğılarla yüklənmiş.
Hər şey əslində
necə də boş və hədər.
Təkcə Sənin yerin
ürəyimdə həmənki...
Baxışlarımı
çəkib apardın uzaqlara.
Kabusa bürünən gecələrin
sükutu qədər ağır
nə var dünyada..?
Axşamlar doğan ümidlərim
səhərlər axır
qoşulub ulduzlara.
***
" KİNAYƏ "
Bu taleyin
nə anlayışı var, nə sayğısı.
Hər əməli yeni bir kələk.
Yüklənir düşüncələrim
illərin ağrısı ilə.
İçimdə bir "mən" təklənir
ötənlərin qayğısı ilə.
Sustalır ürək.
Uzaqlaşır
arzuların qaraltısı,
Amma yeri dolmur.
Təzədən
ümidlənmək də olmur -
ömrün payızında.
Üstəlik,
həyatın hər kinayəli nazında -
saçlarımda
dənlər sıxlaşır
ağ kölgə tək.
Dözəsən gərək...
***
" YERƏ EN "
Hər yan zülmət,
hər yan qaranlıq.
Hara baxıram
günah üstə günah!
Bu günah dolu dünyadan
baş götürüm
kimə gətirim pənah..?
Hər yerdən üzülüb əlim.
Nə olar bircə anlıq..,
bircə anlıq
yerə en, ay Allah!
Başımı köksünə qoyub
ağlaya bilim..!
***
Müəllif: YEGANƏ Əhmədova






0 Rəy:
Yorum Gönder