12.29.2020

İlin Vətənpərvər xanımı Manya SƏXAVƏTQIZI









Ürəyi vətən eşqi ilə döyünən gənc və istedadlı yazar Manya xanım SƏXAVƏTQIZI Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin Qərarı ilə bu il "İlin Vətənpərvər Xanımı" mükafatına layiq görüldü. 

Qeyd edim ki, Manya xanım "Yazılmayan sətirlər darıxır", "On üç yarpaq" və "Fədailər" kitablarının müəllifidir. O, həmçinin "Vətən Mücahidlərilayihəsinin həmrəhbəri və "Zərif Kölgələr"-in üzvüdür.  Şeirləri və məqalələri müntəzəm olaraq "Hürriyyət", "Bakı Xəbər", "İki Sahil", "Yurd Jurnalı", "Hərbi and", "Business Times" qəzetləri və digər bir çox dövrü mətbuatda işıqlandırılır.

ÜMİDİ CÜCƏRƏN BOŞ EV

Son dəfə 30 il öncə döyülən,
Qapının qıfılı yaman sevinir.
Bükülüb sandıqda gizlənən açar,
Boylanıb günəşə gün üzü görür.

Sınıq aynasında son baxış donan,
Tinində sevinclər boğulan boş ev,
Sükutlu illəri caladın ilə,
Daha səs-sədanın varlığını sev.

Bəlkə dönməyəcək sənə bir nənə,
Bəlkə də babalar yoxdu həyatda.
Bir zaman səsini duyduğun körpə,
Sənə qayıdacaq bir "ana" adda.

Səni şəkillərdə görüb tanıyan,
Adına min nəğmə qoşan adamlar,
İ
lk dəfə bir addım atan körpə tək,
Döşəmən üstünə atar addımlar.

Çoxları qoxlayıb, öpəcək sənin,
Toz tutmuş daşından, divarlarından.
Axı 30 ildir ayrılıq düşüb,
Göz yaşın süzülüb kandarlarından.

İndi günlər ötür təlaş içində,
Gözlərin həsrəti bir az çoxalıb.
Səbr elə ümidi cücərən boş ev,
Səs-küylü günlərə lap azca qalıb.

 

MÜHARİBƏ BOYDA DƏRDİM VAR

Mənim "müharibə" boyda dərdim var,
Sonsuzdu analar fəryadı kimi,
Atasız körpənin dərdinə bənzər,
Titrədir qəlbimin sarı simini.

Mənim "müharibə" boyda dərdim var,
Xınası getməyən dərdli gəlindən,
Ü
stümə calanıb həsrət, intizar,
Ayrılıq kəlməsi düşmür dilimdən.

Mənim "müharibə" boyda dərdim var
Arzumun ayağı, qolları kəsik,
Zülmətə qərq olan qazi kimiyəm,
Olmuşam yarımcan, həm sınıq-sökük.

Mənim  "müharibə" boyda dərdim var,
Gözünü səmaya dikən şəhid tək,
Sonuncu nəfəsə ümid bəsləyib,
Vətən sevə-sevə duracaq ürək.

Mənim "müharibə" boyda dərdim var,
Viranə yurdlara bənzəyirəm mən,
Haraya baxıram ümid talanıb,
Xəyal aləmimin üstə çöküb çən.

 

DAYAQ OĞULLAR

Bir yolun yolçusuydu,
Bütün gedən oğullar.
Kiminin dönüşünün,
İzi qaldı yollarda,
Kimi döndü qollarda.

Bir də o yollar üstə,
Gedişində iz qoyub,
Dönüşü olmayan var.
Ardınca hey uzanır,
Baxdıqca həmin yollar.

Hər birindən iz düşüb,
Vətən sinəsi üstə.
Bizlər sağalaq deyə,
Neçə oğul yarımcan,
Qalıb yataqda xəstə.

Azad vətən deyəndə,
Gərilən sinələrə,
O oğullar dayaqdır.
Şəhid, qazi, hərbiçi,
Bu vətənə mayaqdır.

 

GERÇƏK OLAN NAĞILLAR

Biz həsrətli böyüdük,
Biz həsrətdən güc aldıq.
Uşaq yaşlarımızda,
Bircə anda qocaldıq.

Vətən dərdi susmadı,
Qəlbimizi inlətdi.
Nənələr nəvələrə,
Nağıllarda dinlətdi.

Ayaqyalın buz üstə,
Qaçan qoca - cavanı.
Balasını köksünə,
Möhkəm sıxan ananı.

Duyduq gedər gəlməzə,
Məcbur yön alanları.
Özündən səs olmayıb,
Dillərdə qalanları.

Biz nağılda dinlədik,
Xocalı faciəsin.
Sanki yuxuda gördük,
Qanlı yanvar gecəsin.

O nağıllar böyütdü,
Qəlbin vətən sevgisin.
O körpələr yetirdi,
Bizə zəfər müjdəsin.

 

AZƏRBAYCAN BAYRAĞI

Qara bulud çəkilib, nur çilənir üstünə,
Ay, ulduz çox yaraşır qamətinə, hüsnünə,
Adın dillər əzbəri mən heyranam ününə,
Sən azad torpaqların xoş müjdəsi, sorağı
Yenilməyən vətənin yenilməyən bayrağı.

Sən uca zirvələrin mavi buludlarısan,
Şəhidlərin heç zaman qurumayan qanısan,
Cücərən ümidlərin uzanan yollarısan,
Ucaldığın zirvələr düşmənə çəkir dağı
Zirvələr yaraşığı Azərbaycan bayrağı.

Kölgən bağrına basıb gözəl Şuşa qalasın,
Sanki həsrətli ana qucaqlayıb balasın,
Məlhəm olub sağaldır Xocalının yarasın,
İllər sonra alışır yurdun ümid çırağı
Dərdlərə məlhəm olur şanlı vətən bayrağı.

Aşılmaz sədlər keçir qəhrəmanlar ərənlər,
Vətənə sahib çıxır vətən qədrin bilənlər,
Uğrunda fəda olub, səninçün can verənlər,
Vətəni azad edib düşmənə çəkir dağı
Qarabağı bəzəyir Azərbaycan bayrağı.

 










HƏSRƏT İLİ

Bu il ayrılıq ili, bu il həsrət ilidi,
Torpaqda bitən şəhid, vətənin tər gülüdü,
Şəhidlər azadlıqçün ölüm üstə yürüdü,
Geridə qalanların ürək dağı şəhidlər
Qəm-qüssə gətirəcək sizsiz yetişən illər.

Balaların gözləri dikiləcək yollara,
Körpəcə ürəklərdə açılıb böyük yara,
Həsədlə baxır onlar atalı övladlara,
Atalar, sevin sizlər şəhid əmanətlərin
Balanız tək şad edin onların ürəklərin.

Bir ana daşa dönən oğluna nə söyləsin?
Balası şəhid olan Allahdan nə diləsin?
Allah, daha yaşatma müsibətin beləsin,
Dözülməzdir atanın gözlərin yaşlı görmək
Təsəlli yox bu dərdə Allah, özün ol kömək.

Ürəyin yar yarası sızıldadan xanımlar,
O yara heç qapanmaz, ömür boyu qanayar,
Şəhidlərin xanımı ötən günü sanayar,
Diri - diri məzarda ötər ömrün günləri
Həyat güldürə bilməz o qəmli gəlinləri.

Arzularda yer almır daha Qarabağ sözü,
İllər sonra sökülüb Qarabağda dan üzü,
Arzularla yaşadıq bizlər öz ömrümüzü,
Şəhidlər arzuları gerçəyə çevirdilər
Onlar vətən, torpağı candan çox sevirdilər.

Belə ötdü son bir il, zəfər oldu payımız,
Qarabağda səs saldı azadlıq harayımız,
Şəhid məskəni oldu bizim qəlb sarayımız,
Qəlbimizdə ucaldı hər şəhidə məqbərə
Onların sayəsində çıxırıq azad ilə.

 

Müəllif: Manya SƏXAVƏTQIZI
Instaqram: @saire.manya.sexavetqizi

Hazırladı: Vüsalə VƏTƏNXAN

0 Rəy:

Yorum Gönder